Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / 66 il sonra ortaya çıxan həqiqət: “Simsiz teleqraf” Fatmanisə qarı düz deyirmiş!

66 il sonra ortaya çıxan həqiqət: “Simsiz teleqraf” Fatmanisə qarı düz deyirmiş!

– Az, o nədi?

– Dərman.

– Az, onu neynirsən. Bir az sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırb kəsilsin. Yaxşı yadıma düşdü, içinə qırımızı istiot töksən, lap yaxşı olacaq.

– Qarı nənə, bu həkimliyi haradan öyrənmisiz?

– Biz ata-babadan belə adət etmişik. Kimini küpə ilə, kimini çıldağ ilə, kimini dua, kimini də qan almaqla müalicə etmişik.

– Bəsdir, bəsdir, qarı nənə. Bura nağıl açmaq yeri deyil.

66 il öncə “Ögey ana” filmində geriliyin simvolu kimi təsvir edilən “Simsiz teleqraf” Fatmanisə qarının məsləhəti idi eşşək südü. Filmdə ələ salınıb dinlənilməyən, təcrübəsi cəhalət rəmzi sayılan Fatmanisə qarı bu günlərdə hamımızı düşündürür. Məsələ ondadır ki, hazırda ölkədə eşşək südü tapmaq müşkülə çevrilib. Tapsan belə, stəkanı nə az, nə çox – 20 manata satılır. Əslində, eşşək südünü aktuallaşdıran əsas məsələ bu günlərdə qızılca və göyöskürək epidemiyasıdır. Sosial şəbəkələrdə analar eşşək südü axtarır, dərmanların yox, məhz bu məlhəmin kömək etdiyini yazırlar. Həkimlər isə bu məsələdə fikir ayrılığı yaşayırlar və zərərli tərəflərindən bəhs edirlər.

Yəni 66 il keçməsinə baxmayaraq, Dilarə xanım və Fatmanisə qarı yenə üz-üzədirlər.

Elə isə kimə inanaq?

Stəkanı 20 manata satılan eşşək südü etibarsız görünsə də, apteklərlə, dərman firmaları ilə kontrakt bağlayıb xəstəliklər üzərindən pul qazanan bəzi həkimlər də etibarlı deyil.

Həkimlərdən söz düşmüşkən, bu günlərdə mənim də yaxından tanıdığım, fikirlərinə etibar etdiyim tanınmış həkim Seyfəddin Əsəd eşşək südünün faydası və təsirindən danışıb:

“Eşşək südünün tərkibini, özəlliyini, təsir mexanizmini hələ öyrənməyiblər. Amma göyöskürəyi çox yaxşı kəsir. Bu xəstəlikdə nə içirsən faydalı olmur, xəstəyə əziyyət verir. Qədimdən eşşək südü ilə antibiotik olmayan vaxtlarda uşaqları sağaldırdılar. Qızılcada da çox yaxşı təsir edir. İnək südü bişirilib, qaynadılıb verilməlidir ki, brüselyoz keçməsin, amma eşşək südü çiy verilir. Yəni onun tərkibi o qədər keyfiyyətlidir ki, qaynatmağa ehtiyac yoxdur. Eşşək südü ana südünə də tərkibcə yaxındır. Bütün mövcud südlərin içində çox güclüdür. Bu süd qiymətlidir, 2 günə kəsilməyən öskürəyi kəsir”.

Maraqlıdır ki, Avropada, qonşu Türkiyədə eşşək təsərrüfatları var. Bu heyvanın əti də, südü də faydalı sayılır. Yadıma Neftçalanın həbsdə olan sabiq icra başçısı İsmayıl Vəliyev düşdü. Onun Neftçalada “Xol yolu” deyilən ərazidə eşşək ferması var idi. Yəqin, həbsxanada oturub düşünür ki, həbs olunmasaydım, indi “girvənkəsi 20 manatdan eşşək südü satıb, pula pul deməzdim”. Görəsən, İsmayıl Vəliyevin eşşəklərinin aqibəti necə oldu?

Bu gün ölkədə eşşək çatışmazlığı var. Rayonlarda, kəndlərdə eşşəklərə bir o qədər də rast gəlinmir. Görünür, “Leş Tofiq”, “Eşşək Tahir”lər bütün eşşəkləri Bakıdakı dönərxanalara göndərib.

Həqiqətən, tragikomik vəziyyətlə üz-üzəyik. Gülək, amma həm də düşünək. Südün bir stəkanı 20 manata satılır, amma ortada nə eşşək var, nə də südü. Eşşək təsərrüfatı olan sabiq icra başçısı İsmayıl Vəliyevin eşşəklərinin taleyi isə naməlumdur.

Yadıma Qasım bəy Zakirin “Eşşək və Dəvə” təmsilindən bir hissə düşdü:

Bir nov anqırmaq qoydu ki, bara,
Səsi düşdü səhralara, dağlara.

İttifaq yol ilə keçirdi karvan,
Eşidib çarvadar dağıldı hər yan.

O kolu, bu kolu basıb tapdılar,
Sevinə-sevinə minib çapdılar.

Hər birinə bir ağır yük çatdılar,
Bizləyə-bizləyə köçə qatdılar…

Globalinfo.az

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …