Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / 44 günlük savaşdan sonra rus dilinə maraq niyə artıb? – ŞƏRH

44 günlük savaşdan sonra rus dilinə maraq niyə artıb? – ŞƏRH

“Rus dilli məktəblərə marağın artmasına ali məktəblərə qəbul prosesində rus bölməsinə daha aşağı balla tələbə qəbulunun həyata keçirilməsi təsir edib. Gənclərimiz Azərbaycan bölməsi üzrə 550 balla daxil olduğu ixtisasa, rus bölməsinə 200 balla qəbul olur”. 
Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov Rusiyanın son zamanlar Azərbaycana münasibətdə yürütdüyü qeyri-səmimi münasibəti fonunda ölkəmizdə rus dilli məktəblərə marağın artmasının səbəblərindən danışarkən deyib. Ekspertin fikrincə, belə vəziyyətin yaranmasında intizam amili də müəyyən dərəcədə rol oynayıb:

“Tədrisdə intizam məsələsində rus bölməsi müəyyən qədər daha yaxşı vəziyyətdədir. Azərbaycan bölməsində ibtidai siniflərdə intellektual səviyyə zəifdir. Bu da dərsliklərlə bağlıdır. Azərbaycan dilində tədrisin keyfiyyətini artırsaq, bu problem da aradan qalxar”. 
Həmsöhbətimiz onu da qeyd edib ki, ibtidai siniflərdən tədrisin rus dillində aparılması birmənalı şəkildə milli düşüncə tərzinin, milli mənliyin formalaşmasına mənfi təsir göstərir: 
“Çünki gənclərimiz Azərbaycan dili resurslarından məhrum olurlar. Azərbaycan dili emosional dildir. İstər-istəməz bu Azərbaycan dilinin tədrisilə bərabər, şagirdlərin emosional ruhda böyüməsinə də səbəb olur. Onlar müəyyən şeirlər, ədəbiyyat vasitəsilə milli ruhda böyüyür. Rus bölməsində oxuyanların da milli ruhu var. Amma bütün hallarda bu vəziyyət uşaqlarımızın milli ruhda böyüməsinə mənfi mənada öz təsirini göstərir. Çünki uşaqlarımız milli yox, xarici ədəbiyyat, yanaşma və düşüncənin təsiri altında olurlar. Milli düşüncə tərzinin formalaşmasına əngəl olmamaq, gələcəkdə kənar təsirlərdən xilas olmağımız üçün yaxşı olar ki, bütün ibtidai siniflərdə tədris ancaq azərbaycan dilində aparılsın. Ona görə ki, şəxsin formalaşması ibtidai sinifdən başlayır”. 
Qeyd edək ki, rəsmi məlumata görə hazırda ölkənin 4447 məktəbinin 340-da tədris rus dilində aparılır. Bu da ümumilikdə 7 faiz deməkdir. Keçən ilin məlumatlarına görə, rus bölməsində 90 min uşaq oxuyurdu. İndi bu rəqəm 130 minə qədər artıb. Cari ildə 15 mindən çox birinci sinifə qədəm qoyan şagird rus bölməsinə gedəcək. 

Həmçinin oxuyun

Mehriban Vəliyeva: “Direktorlar tədris prosesini növbəli şəkildə qura bilərlər”

“Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər” APA-nın məlumatına görə, bunu …