Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Cəmiyyət / 400 minlik toyu olan məmur qızı: “Şəkil çəkdirmişik, əcəb etmişik, heç kimə dəxli yoxdur”

400 minlik toyu olan məmur qızı: “Şəkil çəkdirmişik, əcəb etmişik, heç kimə dəxli yoxdur”

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova toy mərasiminin 400 min dollara başa gəlməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Aysel Şükürova Missiya.az-a açıqlamasında bildirib ki, toyuna 400 min dollar xərclədiyi və 40 min dollarlıq “Love Story” çəkdirdiyi barədə yazılan xəbərlər əsassızdır.

“Heç kim Bakıda 400 minlik toy etməz. Bu qədər pulu olan gedib başqa yerdə toy edər. Barəmdə yazılan xəbərlər yalandır. “Love Story”ni reklam etmək şərti ilə Fuad İsmayılov pulsuz çəkib. Bütün çəkiliş pulsuzdur. Düzdür, biz Maldiv adalarına bal ayına getmişik. Şəkil çəkdirmişik. Əcəb etmişik. Heç kimə dəxli yoxdur”.

Toylarının Bakıda yerləşən “Böyük Saray” şadlıq evində olduğunu deyən Aysel bildirib ki, bütün xərcləri yoldaşı və onun ailəsi çəkib.

“Hamı bilir ki, mənim atam necə xeyirxah insandır. Atamın o qədər pulu yoxdur ki, getsin mənə elə bir toy etsin. Həmçinin ikinci toyum olduğu üçün mərasimi atam etməyib. Yoldaşımın birinci toyu olduğu üçün dedi ki, hər şeyi boynuma götürürəm və toyu özüm edəcəm. Biz toyu ailə arasında etmək istəyirdik. Yoldaşım razı olmadı. Atamın toya heç bir aidiyyəti olmadığı halda onunla bağlı söhbətləri ortaya atırlar. Mənim ailəm barədə yazılanların heç bir əsası yoxdur. Toyun keçirildiyi şadlıq evindən məlumat ala bilərsiniz. Həmin şadlıq evində nazir və digər imkanlı şəxslər övladlarına toy ediblər. Heç onlar toya iddia edilən məbləğdə pul xərcləməyiblər”.

Aysel Şükürova atası və özü barədə yayılan məlumatları keçmiş həyat yoldaşı Elşən Əsgərli ilə əlaqələndirib. “O yanır. İndiyə qədər yalnız fərziyyələr danışıb. Hazırda mənimlə bağlı yalan xəbərlər yayır. Oqtay və mənim toyumla bağlı video yanvarın 21-dən Yutubdadır. Elşən yalan faktlar əsasında yazılan 400 min dollarlıq toy məsələsini məqsədli şəkildə ortaya atıb. Aldığım məlumata görə, müxbirlər onun Nəriman Nərimanov rayonundankı evində olublar. Anası jurnalistlərə pul verib ki, belə xəbər yazsınlar. Elşən mənim həyat yoldaşımdan boşanmağımı istəyir. Amma o, bunu görməyəcək”.

Keçmiş həyat yoldaşı Elşən Əsgərlinin “Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb” iddiasına da münasibət bildirən Aysel Şükürova eks-əri barədə dəhşətli faktların üstünü açıb. “Onun danışdıqları yalandır. Mən onunla Dövlət İqtisadiyyat Universitetində təhsil almışam. 2012-ci ildə ailə qurmuşam və heç 3 il evli qalmamışam. Ad günümdə məni vurdu. Elə həmin gün hər şeyə son qoydum. Atamgil onu evdən qovdular”.

Ayselin sözlərinə görə, Elşəndən əsgərlikdə olanda ayrılıb.

“O, əsgərlikdə olanda bir dəfə də zəng vurub necə olduğumu soruşmayıb. Mənimlə maraqlanmayıb. Nakotik istifadəçisidir. Hamilə olanda məni döyüb, əlimi kəsib. Bakıda yerləşən xəstəxanalardan birində qeydiyyatdayam. Əxlaqsız qadınlara pul xərcələyib və narkotik çəkirdi. Mən faktlarla danışıram. O insanı araşdırsaz, görərsiz ki, narkoloji dispanserdə qeydiyyatdadır. Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi iki dəfə onu tutub. Onun ölkədən çıxışına qadağa qoyulub. Çünki Ukraynada narkotik üstündə tutulub. Telefonunda çoxlu mesaj tutdum. Onlar da faktlara danışsınlar. Mən görüntülərlə danışacam. İndi bilmir ki, aranı necə qızışdırsın. Belə şeylər danışır. Bütün bu sadaladıqlarım bizim ayrılığımıza səbəb oldu”.

Aysel Şükürova keçmiş ərinin “Onun həyat yoldaşı “Porşe” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb” iddiasına da cavab verib.

“Yalandır. Əksinə, biz Elşənə “Porşe” almışıq. Mənim həyat yoldaşım Oqtay heç kimin hesabına yaşamayıb. Hər şeyi özü edib. Amma Elşən həmişə məndən pul alıb”.

Ayselin sözlərinə görə, Elşən Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin qarşısında onu və həyat yoldaşını videoya çəkdiyi üçün dava düşüb. “Elşən videonu çəkə-çəkə bizə qarşı çox nalayiq ifadələr işlədirdi. Həyat yoldaşım çəkdiyi videoya görə onu döyüb. Yoldaşımın əllərinə sağlıq. O, çəkdiyi videonu səhifəsində paylaşmışdı. Həmin video məndə var. Bu məsələ ilə bağlı iş polisdədir. Məndə Elşənin təcavüz etdiyi qızın səsi var. Təcavüz etdikdən sonra qızdan 10 min 300 manat pul alıb”.

Aysel məsələnin hüquqi çərçivədə həll ediləcəyini bildirib: “Mənim barədəmdə irəli sürülən iddialar və xəbərlər namus söhbətidir. Belə qalmayacaq. Yazılan məlumatlar bütün saytlardan toplanılıb. Bu xəbərləri yazan bütün saytlar məhkəməyə verilib. Vəkillər saytların təzminat ödəməsi üçün işə başlayıblar. Şükür Allaha, atamın, mənim və həyat yoldaşımın alnı açıqdır. Bu proses başa çadıqdan sonra mən açıqlamamı videogörüntü vasitəsi ilə edəcəm”.

Həmçinin oxuyun

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb – SİYAHI

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış …

Bir cavab yazın