Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / 34 il sonra gördüyüm Ağdam…

34 il sonra gördüyüm Ağdam…

O yurdları bərpa etmək  arzusu.
Ağdamın  ətraf rayonlardan çox fərqi vardı. Yaşıllıqları, hər həyətdə meyvə ağacları, ən çox qızılgül kollarının bol olması adamın ruhunu oxşayırdı. Təmizliyi də öz yerində. Ağdam varlı rayon idi. İnsanlar  son qəpiyini evinin abadlaşmasına, üst-başına xərcləyərdi. Başqa rayonlarda kürsülü evlərə önəm verilsə də  Ağdamda artıq iki mərtəbəli evlər dəbdə idi. Sonuncu dəfə  Ağdamı 1987-ci ildə gördüm…    
34 il sonra gördüyüm Ağdam…Ağdama 1993-cü ilin mayında getdim. Vəziyyət o qədər gərgin idi şəhərə daxil ola bilmədik. Bərdədə gecələməli olduq… Mən bir də 17.08.2021-ci ildə Ağdamın mərkəzinə gələ bildim.
“Torpaq mənimdir” deyən oranı viran qoymamalı idi…
İşğaldan sonrakı müddətdə artıq erməni vandallarının Ağdamı viran etdikləri, daşının daşı üstə qalmadığı, mədəni irsi, qəbirsanlıqları məhv etdikləri barədə çox informasiyalar  vardı . Ağdama ayağım dəyənə qədər erməninin növbəti vəhşiliyinin şahidi olduq.  “Mənim torpağımdı” bütün dünyaya bağıran erməni bunu etməməli idi… etdi və bir daha sübut olundu ki, bu torpaqlar heç zaman erməninin olmayıb. 

… arzularım çin olur…

Torpaqlar işğaldan azad olunandan o yurd yerlərinə getmək ən böyük arzum idi. Təşkilatımı, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin ofisini də məhz buralarda qurmaq ən böyük arzuma çevrildi.  Nəhayət, arzumun biri reallaşdı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə mən də Ağdam səfərinə  qatıldım. 70-dən çox QHT rəhbəri bu səfərdə iştirak etdi. Bərdədən keçib Ağdama gələndə qarşımıza çoxlu maşınlar çıxırdı. Yol infrastrukturu qurulurdu. Quruculuq işlərinin  hər addımda  yüksək templə getdiyinin şahidi olduq. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Vüsal Quliyev səfərə rəhbərlik edirdi. Bir-bir kəndlərin adlarını çəkməyə başladı.Gözümüz böyümüşdü. Tez-tez hamımızdan ah səsləri yüksəlirdi. Sanki buralarda heç insan  yaşamamışdı. Ara-sıra nar və əncir ağaclarına rast gəlirdik. Bəzi yerlərdə təməlinə qədər sökülən evlərin qalıqlarını da gördük. Mən xarabalığın içində evimi axtardım. Burada evimi tapmaq samanda iynə axtarmaq kimi idi… Pənahəli xanın İmarəti,  Çörək evi , Dram teatrı … gördüyümüz abidələrin və tikililərin yalnız  bir-iki divarı mövcud idi… Ağdam Cümə məsçidini, Qiyaslı kəndində məsçidi tövlə kimi istifadə etmişdilər … Şahbulaq qalasına toxunmamışdılar. Qeyd olundu ki, bura restoran kimi fəaliyyət  göstərdiyindən dağıtmayıblar… 
Qafqazın Xirosimasını və işğaldan azad olunmuş əraziləri birgə quraq.
 Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi  Emin Hüseynov  Ağdamın mərkəzindəki ərazidə rayonun Baş planı  və görüləcək işlər barədə geniş məlumat verdi. Xüsusi qeyd edildi ki, burada ağıllı və sosial infrastruktur yaradılacaq. Bu dövlətin görəcəyi işlərdir. Bizim vətəndaş və QHT olaraq  üzərimizə də böyük məsuliyyət  düşür. İşğaldan azad edilmiş yurdları birgə qurub, bərpa etməliyik. O yurdları bərpa etmək isə təkcə inşaatçıların vəzifəsi deyil. Könüllü olaraq üzümüzü ora tutaraq hansı işi bacarırıqsa onun altına çiynimizi verməliyik. Bəli,  getdiyimiz səfərlər bizə bunları diqtə edir.Səfərin təşkilinə  görə Əsgər Ailələrinə Dəstək ictimai birliyi adından Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinə  minnətdarlığımı bildirirəm.
P.S.  Səfərdə olarkən professor  Qulu Məhərrəmlinin “Azərbaycanlılar Xankəndiyə  ermənilər isə Gəncə və Bakıya gəlməlidir” yazısını oxudum. Adam hələ də 30 il bu xalqın nələr çəkdiyinin  fərqində deyil. Özü də Zəngilanda doğulub, düşməni qiymətləndirmirsə belələrini işğaldan azad olunmuş ərazilərimizə aparmayın. Çünki torpaq həsrətini çəkən bir vətəndaşımızın yerini tutar….   

Mətanət  Əsgərqızı,Müstəqil jurnalist , Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri

Həmçinin oxuyun

Mehriban Vəliyeva: “Direktorlar tədris prosesini növbəli şəkildə qura bilərlər”

“Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər” APA-nın məlumatına görə, bunu …