Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / “Tarixi şəxsiyyətlər” jurnalının Qələbə-75 töhfəsi

“Tarixi şəxsiyyətlər” jurnalının Qələbə-75 töhfəsi

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbədən 75 il keçir. Yüz milyonlarla insanın fiziki cəhətdən məhvi, sağlamlığını itirməsi, əsir alınması, itkin düşməsi, aclığa, xəstəliyə, səfalətə düçarlığı, bütün Avropanın dağılması ilə nəticələnən 6 illik məşum, faciələrlə dolu hərbin başlanma səbəbləri, 1941-ci il, iyunun 22-dən etibarən bizlərdən ötrü Vətən müharibəsi mərhələsinə keçməsi, qələbəni təmin edən səbəblər barədə fikirlər birmənalı deyil. Amma danılmaz bir həqiqət var ki, sözügedən savaşda Azərbaycanımız da keçmiş İttifaqın bir üzvü kimi, ümumi düşmənlə – Şərqə doğru şığıyan nasist cəlladları ilə üzbəüz dayandı. İgid xalqımız ön və arxa cəbhələrdə canını, qanını əsirgəmədən çalışdı, vuruşdu, Bakı “Qəhrəman şəhər” statusuna layiq görülməsə belə, qələbədə böyük rol oynayan nefti, bütün ölkə ərzaq məhsullarını verdi, bu ərazilərə köçürülən xəstələrə, yetimlərə sahib çıxdı, alimlərimiz hərbi texnikanın yanacağını donmağa qoymayan kəşflərə imza atdılar… Müharibənin ilk günündən silaha sarılan 600 min Vətən övladı – şücaətli oğul və qızların tən yarısı geri qayıtmadı. 123 nəfər ən yüksək mükafat – Sovet İttifaqı Qəhrəmanı fəxri adı (general-mayor Həzi Aslanov iki dəfə), 178 min döyüşçümüz müxtəlif orden və medallarla təltifləndilər. O dövrdə qələbənin əsas təminatçısı sayılan, bütün SSRİ üzrə neftin 70, benzinin 80, motor yağının 90 faizi zəhmətkeş neftçilərimiz tərəfindən göndərilirdi. Bir sözlə, özgə torpaqlarını ilhaqa məruz qoyub qurduqları rejimdə satqın faşist tulası Qaregin Nijdeyə abidə ucaldanlardan, babaları həmin xəyanətkar, əclaf qruplaşmalara yalmananlardan fərqli olaraq, tarixin də, sülhsevər xalqların da qarşısında üzümüz ağ, alnımız açıqdır. Doğrudur, ötən əsrin 92-ci ilində hakimiyyətə gələn qüvvələrin 9 may – Qələbə Gününü ləğvi az sayda qalan və ömürlərinin ixtiyar çağlarını yaşayan veteranlara böyük mənəvi-psixoloji zərbə vurdu. Lakin Ümummilli lider Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Böyük Vətən müharibəsi iştirakçılarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş veteranlarımız və ailələrinin sosial-tibbi problemləri cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanımın daim diqqət mərkəzindədir – elə Qələbə bayramı ərəfəsində də onlara maddi yardım göstərildi. Bütün sadalanan mətləblər barədə isə “Tarixi şəxsiyyətlər” jurnalının qələbənin 75-ci ildönümünə həsr olunmuş 49-cu sayında geniş məlumat verilib. Jurnalın təsisçisi və baş redaktoru istedadlı jurnalist Xəlil Qarəhmədovdur. Maraqlı material və şəkillərlə nəfis şəkildə tərtiblənmiş dərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsi ilə açılır. Daha sonra Rusiya prezidenti Vladimir Putinin Qələbə münasibətilə Naməlum Əsgərin Məzarı önünə güllər qoyması, fəxri qaravulun keçidi, hava paradını seyr etməsi, veteranları, Rusiya vətəndaşlarını və bu savaşdakı qalibiyyətdə payı olan bütün xalqları təbrik nitqi verilib. Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin 1941 ci ilin 3 iyulunda əhaliyə müraciəti, almanların “Barbarossa” planının mahiyyəti, müharibənin gedişində ayrı-ayrı məşhur (Moskva, Stalinqrad, Kursk) döyüşlər, SSRİ və müttəfiqlərin müxtəlif mərhələlərdə birgə hərəkət planları, Berlinin götürülməsi və sair tarixi materiallar sırasındadır. Jurnalın “Dahi sərkərdələr” rubrikasındakı marşallar Jukov, Konev, Vasilyevski barədə bilgilər və 110 yaşlı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor rütbəli görkəmli soydaşımızdan bəhs edən “General Həzi Aslanov – Azərbaycan vətənpərvərliyinin güzgüsü”, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun portret cizgilərinin canlandırıldığı “Böyük əfsanənin izi” məqalələrinin də oxucuların marağına səbəb olacağı şübhəsizdir. “Azərbaycan Böyük Vətən Müharibəsi illərində…”, “Soydaşlarımızın qələbə töhfələri”, “Azərbaycanın qəhrəman təyyarəçiləri” və digər yazılarda, eləcə də Azərbaycan Respublikası Müharibə, əmək, silahlı qüvvələr veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun, həmin qurumun sədr müavini polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun qeydlərində dünyanı bürüyən fazizm kabusuna qarşı xalqımızın qəhrəmanlıq salnamələrindən söhbət açılır. Ümidvarıq ki, bu mövzular və II Dünya savaşına aid maraqlı olduğu qədər də faciəli statistik məlumatlar “Tarixi şəxsiyyətlər” jurnalının bu sayını hər birimizin stolüstü mənbəyinə çevirəcək.

Qurban Cəbrayıl

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …