Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / 2023-cü il Azərbaycanın ədəbi mühitində hansı hadisələrlə yadda qaldı?

2023-cü il Azərbaycanın ədəbi mühitində hansı hadisələrlə yadda qaldı?

Ədəbi qəbiristanlıq, çiçəklənmə dövrü, yaddaqalan əsərlər…

2023-cü il yekunlaşmaq üzrədir. Bu il Azərbaycan ədəbiyyatında hansı əlamətdar hadisələrlə yadda qaldı, nələr yaşandı?

Ədəbi camiənin nümayəndələri ilin yekunu ilə əlaqədar fikir və şərhlərini Meydan TV ilə bölüşüblər.

Şair Elnur Astanbəyli hesab edir ki, son illər, xüsusilə də 2023-cü ildə ədəbi mühitdə durğunluq, süstlük hökm sürür:

“Əvvəlki illərdə olduğu kimi Azərbaycan ədəbi mühitində qəbiristan səssizliyi, qəbiristan sükütu var. İlin sonuna yaxın yeganə ümidverici xəbər Azad Yazarlar Ocağının (AYO) yenidən aktivləşmə qərarı verməsi oldu. Bununla da Azərbaycan Yazıçılar Birliyindən (AYB), hakimiyyətin nəzarətindən kənarda ədəbi mühitin yenidən canlanması üçün yenidən ümid doğdu”.

Elnur Astanbəyli deyir ki, 2000-ci illərdən başlayaraq, Azərbaycanda alternativ ədəbiyyatın inkişafına imkan verilmir:

Elnur Astanbəyli
Foto: Meydan TV

Azərbaycanda ədəbi mühit siyasi mühitdən fərqlənmir. Siyasi mühitdə bütün proseslər hakimiyyətin nəzarətində olduğu kimi, ədəbi mühitdə də bunlar AYB-nin əli ilə təmin olunur. Hakimiyyətin ədəbiyyat siyasətini müəyyənləşdirən AYB faktiki olaraq ədəbiyyat nazirliyi funksiyasını yerinə yetirir”.

Şair təəssüflə qeyd edir ki, iyirmi ildir Azərbaycanda ədəbiyyat sahəsində alternativ təşkilatların fəaliyyətinə imkan verilmir. Həmçinin alternativ ədəbi fikri, ədəbi düşüncəni ifadə edə biləcək dərgilər, qəzetlər, internet resursları da demək olar ki, yoxdur:

“Azərbaycan ədəbiyyatı və ədəbi fikri adına çox utancverici bir mənzərədir. Bu mənzərə illərdir davam edir. 2000-ci illərin sonlarından etibarən Azərbaycanda ədəbi mühitin tamamilə siyasətin, siyasi hakimiyyətin nəzarətinə keçirmək cəhdləri bəhrə verməyə başladı. Alternativ dərgi və saytlar nəşrini dayandrımalı oldu. O dövrdən bəri gələn proses, çox təəssüf ki, 2023-cü ildə də davam etdi. Bu vəziyyətə son qoyulması üçün müstəqil, azad ədəbi proses şərtdir. Əks halda 2024-cü ildə də həyatın digər sahələrində olduğu kimi ədəbiyyat müstəvisində də pessimist, ağrılı danışmağa davam edəcəyik”.

AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev isə 2023-cü ili ədəbiyyat sahəsində uğurlu hesab edir.

Anar Rzayev. Foto: screenshot

“Bu ildən çox razı qaldım. Bu ilin ən böyük hadisəsi – 23 saat ərzində torpaqlarımız azad olundu. Həmçinin yaxşı əsərlər çıxdı, romanlar povestlər, hekayələr nəşr olundu”, – yazıçı deyir.

Yazıçı Rasim Qaraca isə hesab edir ki, hazırda ədəbi yaradıcılıq baxımından Azərbaycan ədəbiyyatı çiçəklənmə dövrünü yaşayır:

“Yazmaq hər kəsin haqqıdır və hər kəs də yazır. Şair xalq indi də yazar xalq olub deyə bilərik. Bunlar yaxşıdır. Lakin kəmiyyət yüksək olsa da, bunu yazılan əsərlərin keyfiyyəti haqqında demək olmur”.

Yazıçının sözlərinə görə, bu ilin ədəbi hadisələri sırasında iki müəllifin əsəri xüsusi yer turur:

Rasim Qaraca

“Bunlardan biri Rəhim Əliyevin “Tağ ev” romanıdır. Əsərdə bir ailənin dramı fonunda Azərbaycan tarixinin təqribən 100 ili əhatə edən bir dövrü öz əksini tapıb. İkincisi Cəmil Həsənlinin avtobioqrafik oçerklərdən ibarət “Zamanın sınağında” əsəridir. Əsəri hələ tamamlamamışam, lakin oxuduğum hissəyə əsasən deyə bilərəm ki, müəllif öz şəxsi həyat hekayəsi fonunda Sovet dövrünün koloritini çox incəliklə oxucuya çatdırmağı bacarıb. Hər iki əsərdə Azərbaycan həyatının bilinməyən tərəflərinə işıq tutulub. Bu gerçəklərin təsvirinə biz nə sovet dövrü ədəbiyyatında, nə də müstəqillik dövrü ədəbiyyatımızda rast gələ bilirik. Adını çəkdiyim hər iki əsəri ədəbiyyatımızda hadisə sayıram”.

AYB-nin sədr müavini, yazıçı Rəşad Məcid üçün isə bu il bir sıra əlamətdar ədəbi tədbirlərlə yadda qalıb:

Rəşad Məcid

“Vaqif Poeziya Günləri, Ədəbiyyat Forumu, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi, “Türksoy”un 30 illiyi də bu ilin əlamətdar hadisələrindən biridir. Azərbaycan yazarlarından ibarət nümayəndə heyəti bu ilin noyabrında Ankarada keçirilən 5-ci Türk Dünyası Yazarları Qurultayında iştirak etdilər. Elə bilirəm ki, 2023-cü il Azərbaycan ədəbiyyatı, yazarları üçün çox dolğun bir il olub. Yazıçılarımız həm Qarabağla, həm digər mövzularda müxtəlif sanballı əsərlər yaradıblar”.

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …