Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Cəmiyyət / 20 mindən çox abituriyent imtahan verir

20 mindən çox abituriyent imtahan verir

Bu gün cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul, II, III və V ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanlar (Azərbaycan və ya rus dili) keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlarda 20 min 100 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış prosesi başa çatacaq. Həmin vaxtdan gec gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd edilən vaxtda gəlmək tövsiyə olunur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və ondan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Abituriyentlər imtahana buraxılış vərəqəsini DİM-in saytından avqustun 14-dən etibarən çap edib götürə bilirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, onları müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına imtahana buraxılış vərəqəsi ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış çap etmək imkanı da yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz. İmtahanlar avqustun 20-21-də respublikanın 35 şəhər və rayonunda keçiriləcək.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər – binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37 dərəcədən aşağı olan şəxslər buraxılacaq.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Həmçinin oxuyun

Şirkət rəhbəri prezidentə müraciət etdi

“Azər-Rabitə” MMC-nin direktoru Fikrət Fərzəliyev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  müraciət edib. …