Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / 1500 il yaşı olan qədim Təbriz bazarından reportaj… – VİDEO

1500 il yaşı olan qədim Təbriz bazarından reportaj… – VİDEO

Dünyanın ən böyük bazarlarından biri, Təbrizin mərkəzində yerləşən, adı dillərdə gəzən Təbriz bazarı… Təbrizlilərin belə bir sözü var: “Əgər sən Təbriz bazarında olmamısansa, deməli, heç Təbrizi görməmisən”.
Azərbaycan mədəniyyətinin beşiyi sayılan, mənəvi paytaxtımız Təbriz, onun siması, insanı, mədəniyyəti, məişəti, həyatı ilə yaxından tanış olmaq üçün yolunu mütləq bu bazardan salmaq lazımdır. Bu mənada qədim şəhərə təşrif buyuran turistlərin ilk getdikləri yer Təbriz bazarıdır, desək, yanılmarıq. Ta qədimdən bu bazar Böyük İpək yolunun üstündə yerləşdiyindən dünyanın bir çox ölklərindən bura tacirlər gəlirdi. İndinin özündə də bazara xeyli turist axını var.
Məlumata görə, bu bazar eramızın 4-cü əsrində tikilib. Yerli əhali bu bazarı “Üstüörtülü bazar” adlandırır. Bazara daxil olan kimi qarşında qədim Şərq dünyası açılır. Yayın istisində sərin, qışın soyuğunda hərarətli olan bazar 1km²- lik ərazidə yerləşir. Onun hündürlüyü barədə dəqiq məlumat əldə edə bilməsək də, deyə bilərik ki, çox hündür tikilib, künbəzləri göz oxşayır, divarları qədim Gəncənin köhnə evlərini xatırladan qımızı kərpiclərdən ibarətdir. Bəlkə də bu səbəbdən Təbrizdə olduğumuz zaman havanın isti olmasına baxmayaraq, bazarın içərisi çox sərin idi.
“Üstüortülü bazar” ümumilikdə 25 bölümdən ibarətdir. Onlardan ən məşhur olanları xalça (yerli əhali adətən farsca  “fərş” adlnadırır), qızıl, ədviyyat, cehizlik malları satılan bazardır. Bazarları bir-birindən təbrizlilərin dili ilə desək, “timçələr”, yəni bazar qapıları ayırır.
Ümumiyyətlə, burada 5 mindən çox irili-xırdalı dükan, 40-dan çox peşə növü, 35 istirahət evi, 20 məscid, 9 mədrəsə yerləşir. Tacirlərin əksəriyyətinin dükanı həm də emalatxana hesab edilir. Məsələn, xalça işinə baxan tacirlər emalatxanadaca əl işlərini yaradıb, satışa qoyur və yaxud köhnəlib, sıradan çıxan xalçaları elə yerindəcə təmir edirlər. Burdan bir haşiyəyə çıxaraq bildirək ki, təbrizlilərin əksəriyyəti xalça toxuma işini məharətlə bacarırlar. Çox maraqlıdır ki, xüsusilə də kişilər bu qədim sənətlə məşğul olurlar.
Bazarın böyüklüyünə baxmayaraq, sakit və çox səliqəlidir. Yerlərdə hər hansı bir zibil və ya tullantıya rast gəlmək mümkün deyil. Burda bir fakt diqqətimizi cəlb etdi. Belə ki, bazarı başdan-başa gəzsək də, heç bir yerdə dilənçi qarşımıza çıxmadı. Bazarlarda dilənçiləri görməyə adət etdiyimizdən bu məsələyə çox təəccüb etdik. Bazar əhlindən bu barədə soruşduqda bildirdilər ki, nəinki bazarda, ümumiyyətlə, Təbrizin heç bir küçə və xiyabanlarında dilənçilərə rast gəlmək mümkün deyil. Səbəbi isə, bazar tacirlərinin təşəbbüsü ilə dilənçi və yoxsullar üçün xüsusi fondun yaradılmasıdır.
Bununla bağlı bazarda bank da fəaliyyət göstərir. Tacirlər hər ay və yaxud da iki aydan bir könüllərindən keçdiyi qədər banka pul köçürürlər. Yığılan pullar dilənçilər, yoxsullar, kasıb ailələri üçün xərclənir. Dilənçilər üçün evlər tikilir, təxminən ildə 200-dən çox kasıb ailənin qızlarına cehizlər alınır. Bir sözlə, Təbriz dilənçisi olmayan şəhərdir. Lakin, əgər yardım alan dilənçi hardasa yenidən dilənçilik edərsə, dərhal bu barədə məlumat verilir və razılaşmaya əsasən Təbrizdən qovulur. Həmin dilənçi bir daha Təbrizə geri qayıda bilməz.

“Fərş” bazarı…

Yerli əhalinin “fərş bazarı” adlandırdığı xalça bazarı nəinki Təbrizdə, bütün şərq aləmində, dünyada məşhurdur. Hər kəsə məlumdur ki, xalçaçılıq aləmində Təbriz məktəbi böyük şöhrət qazanıb, o cümlədən, “Dörd fəsil”, “Ləçəkturunc”, “Əfşan” və digər nümunələr… Təbriz xalçaları üçün dünyanın hər yerindən sifarişlər gəlir.
Bazarda olarkən qızğın bazarlıq getdiyinin şahidi olduq. Tacirlər ətrafa əhəmiyyət verməyərək alış-veriş edirdilər. Xalçalar əsasən sifarişlə toxunur. Bir xalçaçının dediyinə görə, xaricə çıxarılan Təbriz xalçaları ilk öncə Tehrana göndərilir və hər biri üçün vəsiqə açılır və yenidən Təbrizə geri göndərilərək, lazımi ölkəyə aparılır. Məlumata görə, dünyada ixrac edilən əl işi olan xalçaların 30 faizi Təbriz xalçalarının payına düşür. Dünyanın bir çox məşhur muzeylərində bu xalçalar qorunub saxlanılır.
Təbriz xalçalarının özünəməxsus naxışları, boyaları olur. Bakıda olarkən bir Təbriz xalçasına rast gəlmişdim. Lakin tanış təbrizlinin dediyinə görə, gördüyüm heç də Təbriz xalçası deyilmiş. Belə ki, bir çox hallarda İran ərazisindən gətirilən bütün xalçalar Təbriz xalçası adı altında satılır. Əsl Təbriz xalçasını təbrizlilər daha yaxşı tanıyır və onu yalnız bu bazardan ucuz qiymətə almaq mümkündür. Çünki, ölkədən çıxarılan xalçanın qiyməti təxminən 60 faizə qədər artır.
Bazarda növbənöv, müxtəlif ölçü və çeşidlərdə xalçalar satılır. Hər birinin də özünə məxsus qiymətləri var.
Adətən, təbrizlilər evdə stol-stuldan istifadə etmirlər, əsasən yerdə əyləşir, elə yerdəcə süfrə açırlar. Bu səbəbdən də xalça onların məişətində mühüm əhəmiyyət kəsb edir.

Qızıl bazarı…

Təbrizin qız-gəlinləri qızıl, gümüş zinnət əşyalarından çox istifadə edirlər. Qoca qarıların belə, əllərində, boynunda mütləq qızıl əşyaları olur. Təbriz qızılının özünəməxsus dəyəri var. Daha çox əl işləri olan qızıllar çəkisinə görə satılır. Bəzən görürük ki, qızıl əşyası görkəminə görə daha baha qiymətə satılır. Lakin burada görkəm fərq etmir, bütün qızıllar yalnız çəkiyə görə dəyərləndirilir.
Çox gözəl zövqlə işlənmiş gümüş dəstinin qiymətini soruşduq. Məlum oldu ki, boyunbağı, üzük, tana hamısı birlikdə çox ucuz, bizim pulla təxminən 57 manata başa gəlir.
Qeyd edək ki, ötən il qızıl bazarında böyük etirazlar olmuşdu. Buna səbəb isə İran hökümətinin qızıl bazarında vergiləri 3 faizdən 8 faizədək artırması olmuşdu. Tacirlər etiraz olaraq öz mağazalarını bağlayıb, hökümət bu qərardan geri çəkilməyənədək etiraza davam edəcəklərini bildirmişdilər. Etirazlar təxminən 2 həftəyədək davam etmişdi.

Tarixi olayları özündə yaşadan bazar…

Ümumiyyətlə, Təbriz bazarı tarixi olaylarla çox məşhurdur. Tarixin müxtəlif anlarında təbrizlilərin kütləvi etirazları zamanı bu bazar bağlanardı. Bu da hakimiyyət üçün üsyan siqnalı, böyük təhlükə sayılırdı. 1905-1911-ci il məşrutə inqilabının baş qəhrəmanı Səttərxan dövründə və ötən əsrin 70-ci illərində İran şahına qarşı etirazlar zamanı Təbriz bazarı mühüm əhəmiyyətə malik olub. Bazarın bağlanılması ölkə iqtisadiyyatını tamamilə alt-üst olması təhlükəsini ortaya qoyur.

Bir kəllə qənd…

Bazarın bir hissəsində Təbriz şirniləri, nabatları satılır. Xüsusi Təbriz nabatı var ki, evlərdə daha çox ondan istifadə edilir. Əsasən ağ və sarı rəngdə xüsusi formada olur. Qar kimi parıladyıb bərq vuran qənd və kəllə qəndlər ucuz qiymətə satılır. Məsələn, məşhur kəllə qənd bizim pulla sadəcə, bir manatdır.

Bazar üçün fərqli olmayan geyim…

Bazara getməzdən əvvəl yerli tanışlarımdan biri bildirdi ki, bazar üçün çox sadə, qara və tünd rəngli geyimdən istifadə edim. Səbəbini soruşduqda isə cavab verdi ki, adətən təbrizli xanımlar bazara gedəndə elə geyimdən istifadə edirlər ki, diqqəti çox çəkməsin. Geyimindən kimin türkiyəli, bakılı və yaxud da ərəb-fars olduğu bilinir. Bakılılar əsasən başlarına çox kiçik, açıq rəngli yaylıq örtər, təbrizli xanımların “manto” dedikləri geyimlərdən istifadə etməzlər.
Buna baxmayaraq açıq rəngli uzun paltarımı geyinmişdim. Bu səbbədən üzərimdə çoxlu nəzərlərin olduğunu görürdüm. Alıcı və satıcılar arxamca “xaricidir” deyə pıçıldaşırdılar. Deyim ki, Təbrizdə olduğum zaman yerli əhalinin turistlərə qarşı böyük marağının şahidi olduq.
Danışığımdan bakılı olduğumu bilincə xoş sima ilə, mehriban, gülərüzlə qarşılayır, tacirlər nəsə almadıqda belə satdıqları məhsul barəsində canla-başla danışır, yanında olan şirniyyat və meyvələrə qonaq edirdilər.
Nə üçünsə təşəkkür edəndə isə təbrizlilərin şirin ləhcə ilə, gülümsəyərək “Ağa, qurbanın olum”,  “Ağa xahiş edirəm” deməkləri insanın qəlbində bir doğmalıq, xoş təəssüratlar yaradır…
Ədviyyatların satıldığı bir dükanda yaşlı tacir Bakıdan gəldiyimizi bilincə aldığımız ərzaqlar üçün qətiyyən pul götürmək istəmirdi. Bu təbrizlilərin Bakıya, Azərbaycana olan sonsuz sevgisinin bariz nümunəsi idi. Tacirin böyük sevgi ilə “Bakı bizim ürəyimizidir, paytaxtımızdır” deməsi gözlərimizi yaşartdı. Ümumiyyətlə, Təbriz insanı haqqında uzun-uzadı, saatlarla danışsaq, yenə də yetməz…

“Əmir həyət…”

Bazarın ərazisində “Əmir həyət” adlanan iri həyət var. Həyətin ortasında iri hovuz və kiçik su bulaqları var. Alış-verişdən yorulan insanlar bura dincəlməyə gələr və yaxud da ibadətlə məşğul olar, namaz qılar. Həyətin ətrafında əsasən qızıl dükanları yerləşdiyindən burada daha çox qızıl satan tacirləri görmək olur. Burada kiçik kafelər də fəaliyyət göstərir. Lakin Təbriz səfərimiz Müqəddəs Ramazan ayına təsadüf etdiyindən bütün kafe və yeməkxanalar bağlı idi.

Hamballar…

Bazarın hər künc-bucağında hamballar dörd gözlə çağırış gözləyirlər. Bəziləri yükü elə belindəcə daşıyır, bəziləri isə əl ilə düzəldilən taxta arabalardan istifadə edirlər.
Bazarı təmizləyib, silib-süpürən yalnız kişilərdir. Ümumiyyətlə, Təbrizdə xanımlar bir çox çətin və ağır işlərdən azaddır. Bəlkə də təsadüf idi, deyə bilmərik, lakin bazarda xanım satıcılara və yaxud tacirə də rast gəlmədik. Burda xeyli sayda yeniyetmə oğlanlar böyüklərə kömək edərək, onları əvəz edir, satıcılıqla məşğul olurdular.
Nahar vaxtı bazar gəlmək o qədər də əlverişli deyil. Çünki bu zaman əksəriyyət dükan və mağazalar bağlı olur.
Qeyd edək ki, qədim Təbriz bazarı UNESCO-nun dünya mirası siyahısına salınıb.
Xalidə Gəray
 

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …

Bir cavab yazın