Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Jurnalistlərə verilən evlər: kim haqq edir, kim etmir? – SORĞU

Jurnalistlərə verilən evlər: kim haqq edir, kim etmir? – SORĞU

Artıq ikinci dəfədir ki, jurnalistlər dövlət tərəfindən evlə təmin olunacaqlar. Belə ki, üzümüzə gələn ay ölkədə 256 jurnalistə ev veriləcək. İlk mənzil verilmə prosesində olduğu kimi indiki vəziyyətdə də prosesin gedişatı bir sıra qalmaqallar, incikliklər, şayiələrlə yaddaşlarda iz buraxır. Yayılan bəzi məlumatlara görə, artıq Prezident Administrasiyasında hansı jurnalistlərə ev veriləcəyi dəqiqləşdirilib. Əlbəttə ki, bu  fikrin mövcud gedişat üçün sadəcə söz-söhbət olduğunu nəzərə alsaq, doğruluq payının miqdarı da sual altındadır.
Mənzil verilməsi prosesinin mətbuatda “ərəb saçı” vəziyyətini yaratması zaman-zaman insanda təəccüb yaratsa da, başqa bir məqamı da göz önünə gətirir. Azərbaycan hökümətinin jurnalistika və jurnalistlərin inkişafı üçün atdığı bu addım “dördüncü hakimiyyət” insanlarının sosial rifahının nə dərəcədə aşağı olduğunu sübut edir. Əks halda, insanlar niyə evə görə bir-birinə “düşmən” kəsilsinlər, acıq edib işlərindən çıxsınlar və ya həmkarlar arasında ehtiyac olmayan soyuq münasibətlərin yaranmasına şərait yaransın?
Hər bir halda dünya praktikasında jurnalistlərə təmənnasız ev verilməsi tendensiyası mövcud olmasa da, bu addımı birmənalı olaraq müsbət qəbul edənlər də var. Maraqlıdır ki, ölkəmizdə  jurnalistlərə pulsuz ev verilməsi nə dərəcədə doğrudur və bu addım ev ala bilməyən jurnalistlərə qarşı ayrı-seçkiliyə və narazlığa səbəb olurmu? Ümumiyyətlə, Azərbaycan jurnalistinin sosial təminatı üçün redaksiyaların maddi bazalarının gücləndirilməsi, reklam bazarının genişləndirilərək hər kəs üçün əlçatan olmasının təmin olunması və bütün bunların sayəsində jurnalistlərin maaşlarının artırılmasına təkan vermək daha məqsədəuyğun olmazdımı?
Bu mözvu ilə bağlı PİA.AZ-ın əməkdaşı baş redaktorlar və jurnalistlər arasında sorğu keçirib və onların fikirlərini öyrənib.
PİA.AZ həmin sorğunu oxucularına təqdim edir:

Məhəmmədəli Qəribli: “Çox təəssüflər olsun ki, biz professional jurnalistikaya aidiyyatı olmayan, yalnız vəsiqə daşımaqla jurnalist olduğunu zənn edən bəzi şəxslərin də bu estafetə qoşulduğunun şahidi oluruq”.

Mənzil bölgüsünün  peşəkar jurnalistlər arasında aparılacağını və ən layiqlilərin mənzillə təmin olunacağına  ümid edən “Azinforum.az” saytının baş redaktoru Məhəmmədəli Qəribli bildirir ki, bu məsələ də peşəkar olmayan jurnalistlərin canfəşanlığı da nəzərə çarpır:
“Jurnalistika Azərbaycanda o qədər də gəlirli sahə sayılmır. Yəni, evə doğrudan da ehtiyacı olan həmkarlarımızın bu sahədə işləyə-işləyə pul toplayıb özünü mənzillə təmin edə bilməsi nadir halda mümkün ola bilər. Bu baxımdan  ölkə başçısının jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı bu addımı yüksək qiymətləndirmək olar.  Dünyanın heç bir yerində belə praktika yoxdursa, yalnız bizdə varsa belə təbii ki, bu təqdir edilməlidir. Çünki Azərbaycan xalqının mental düşüncəsində ev ocaq anlayışı ilə assosiasiya olunur. Bir növ ailə üçün müqəddəs dəyər sayılır. Təbiidir ki, məhz buna görə  də belə bir təşəbbüsü dəstəkləyənlərə, ən başlıcası isə Prezidentə böyük təşəkkür düşür.
Təxminən bir aydan sonra jurnalistlər üçün inşa edilən ikinci binanın  sakinləri məlum olacaq.  Bilirsiniz ki, bundan əvvəl də bir bina tikilib və bizim bir çox yaxından tanıdığımız, uzun müddət kirayədə yaşayan dostlarımız həmin binada mənzillə təmin edilib. Hazırda ikinci binadakı evləri əldə etmək üçün  kriteriyalar elan olunub. Redaksiyalar həmin kriteriyalara uyğun gələn jurnalistlərin siyahısını yaradılan komissiyaya göndərir. Aydındır ki, bütün iddialılar evlə təmin oluna bilməz. Çünki mənzillərin sayı məhduddur.
Çox təəssüflər olsun ki, biz professional jurnalistikaya aidiyyatı olmayan, yalnız vəsiqə daşımaqla jurnalist olduğunu zənn edən bəzi şəxslərin də bu estafetə qoşulduğunun şahidi oluruq.  Hətta elan olunan kriteriyalara uyğun gəlməyən adamlar belə iddiasını gizlətmir. Bütün bu adamların mənzil almaq istəyinin təmin olunması isə qeyri-mümkündür. Ümid edirik ki, seçim peşəkar jurnalistlər arasında aparılacaq və ən layiqlilər mənzillə təmin ediləcək.  Artıq üçüncü binanın tikiləcəyi də elan edilib. Yəqin ki, bu xeyirxah layihə hesabına yaxın bir neçə il ərzində  mənzilə ehtiyacı olan bütün jurnalistlərin mənzillə təmin edilməsi reallaşacaq.
Bilirsiniz ki,  Azərbaycan dövləti jurnalistikanın inkişafı üçün ciddi layihələr həyata keçirir. Bu məqsədlə Prezident Yanında KİV-lərə Dövlət Dəstəyi Fondu yaradılıb. Ölkənin 30-dan artıq qəzeti həmin Fonddan maliyyə yardımı alır. Bunun nəticəsində  müstəqillikdən sonra Azərbaycanın mətbuat tarixində  iz qoymuş bir neçə tanınmış qəzetin mövcudluğunu qoruyub saxlamaq mümkün olub. Aydındır ki, hazırda jurnalistikanı elektron mediasız təsəvvür etmək olmaz. Rəsmi dairələrin və eləcə də  jurnalistikanın problemləri ilə yaxından məşğul olan qurumların  verdiyi bəyanatlardan bəlli olur ki, yaxın gələcəkdə saytları və internet  üzərindən fəaliyyət göstərən digər informasiya  ressursların da maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətindəaddımların atılması nəzərdə tutulur. Əminəm ki, bundan sonra elektron KİV-lərin də maddi texniki bazası yaxşılaşmış olacaq. Reklam bazarının zəif olmasını isə mən hansısa inzibati müdaxilə ilə əlaqələndirməzdim. Bu bir psixoloji baryer olub və artıq iş adamlarımız, müəyyən qurumlar bunun zəruriliyini dərk etməyə başlayıblar. Bu sahədə də irəliləyişlərin olacağına ümidlər az deyil”.

Image result for elçin mirzəbəyli
Elçin Mirzəbəyli: “Bəzi həmkarlarımız elə hesab edirlər ki, əlinə qələm ala bilən hər kəs mənzillə təmin olunmalıdır”.

Jurnalistlərə ev verilməsinin müsbət addım olduğunu qeyd edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru  Elçin Mirzəbəyliyə görə, bu addım nümunəvidir və təqdir olunmalıdır:
“Dünya praktikasında çox şey yoxdur. Bu, o demək deyil ki,  Azərbaycan yalnız mövcud olanların surətini çıxarmalıdır. Dünya praktikasında QHT-lərin, siyasi partiyaların birbaşa və yaxud dolayısıyla xarici təşkilatlardan maliyyə alması və onun vergidən yayındırılması praktikası da yoxdur. Yaxud, müxtəlif adlar altında qəzet və sayt açıb qapı-qapı gəzərək dilənmək, şantajla, hədə-qorxu ilə gəlir əldə etmək və bütün bunlardan sonra “azad mətbuat” adına iddia etmək təcrübəsinə də rast gəlinmir.  Əgər Azərbaycan yaxşı bir nümunə yaradırsa, nə üçün bu təqdir olunmasın?!
Bəzi həmkarlarımız elə hesab edirlər ki, mətbuat nümayəndələrinin mənzillə təmin edilməsi ilə bağlı dövlətin atdığı addımlar yalnız sosial xarakterlidir və əlinə qələm ala bilən hər kəs mənzillə təmin olunmalıdır. Təbii ki, bu belə deyil. Azərbaycan mətbuatında 20-30 il külüng vuran adamlar var. Biz hamıdan ədalət gözləyirik, amma şəxsi maraqlarımız ortaya çıxanda iddialarımız yeri-göyü dağıdır.
Mənzillə təmin olunmaq üçün meyarlar bəllidir: Xidmət, İstedad, Ehtiyac! Tamamilə ədalətli meyarlardır. Bu baxımdan ayrı-seçkilik haqqında danışmağı doğru saymıram və korporativ maraqlardan qaynaqlanan deyingənlik kimi qiymətləndirirəm.
O ki qaldı redaksiyaların maddi-texniki bazasının gücləndirilməsinə, dövlət 2009-cü ildən etibarən KİVDF vasitəsilə bu istiqamətdə ciddi addımlar atır. Ümid edirəm ki, yaxın vaxtlarda internet media da bu dəstəkdən bəhrələnə biləcək. Reklam bazarının genişləndirilməsinə gəldikdə isə bu elə də asan proses deyil. Azərbaycan iqtisadiyyatı uzun müddət enerji resurslarının satışından əldə edilən vəsaitlərdən asılı olub. Qeyri-enerji sektorunun ÜDM-dəki çəkisi yüksək olmayıb. Reklam bazarı isə qeyri-neft sektorunun hesabına formalaşmalıdır. İndi bu istiqamətdə ciddi islahatların aparılması nəzərdə tutulub və bir sıra mühüm addımlar da atılır. Qanunvericilik bazası təkmilləşdirilir ki, özəl sektorun inkişafına mane olan əngəllər aradan qalxsın. Yəni, iqtisadiyyatın liberallaşdırılması və şəffaflaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Reklam bazarının öncə liberallaşdırılması, daha sonra isə inkişafa uyğun genişlənməsi iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişaf tempindən asılı olacaq.
Dövlət bu prosesin vaxt aparacağını yaxşı başa düşdüyü üçün paralel olaraq həm də sosial xarakterli layihələr həyata keçirir ki, media bu keçid prosesində böhran yaşamasın. İnsan ömrü əbədi deyil. Düşünürəm ki, bir az səbrli və bacardığımız qədər ədalətli olmalıyıq”.
Image result for zahir əzəmət

Zahir Əzəmət: “İndiki halda narazılığın məqsədi nədir: məndə yoxdusa, heç kim də olmasın?!”.

Bu layihə çərçivəsində bütün evsiz jurnalistlərə ev verilməsinin faydalı ola biləcəyini ehtimal edən  “Qaynar.info” saytının  baş redaktoru Zahir Əzəmətin fikrincə, azad iqtisadiyyat və azad məhkəmə üçün münbit şəraitin yaradılması isə jurnlistlər üçün daha çox məqsədəuyğun olardı:
“Ev məsələsi istər jurnalist, istər hər bir sadə vətəndaş üçün həmişə elə əlçatmaz bir arzu olub ki, indi kiminsə bunu əldə etməsini və ya əldə edəcəyini qısqanmaq olmur. Paxıllıq etmək yox, həsəd aparmaq olar. İndiki halda narazılığın məqsədi nədir: məndə yoxdusa, heç kim də olmasın?! Mən düşünürəm ki, bu yaxşı bir addımdır və imkan daxilində bütün evsiz jurnalistləri, həyatını, illərini bu sahəyə qoyan, quru addan başqa heç nə əldə etməyən bütün media əhlini əhatə etməlidir. İlk iki addımla 400 jurnalistin evlə təmin olunması kiçik iş deyil və anlaşılan da odur ki, bu proses davam edəcək. Əsas odur ki, ədalətli yanaşma olsun. Ədalət və humanizmə möhtəkirlik qarışmasın.
 Ancaq bu zamanda “dünyanın heç bir dövləti belə etmir” deyənlər tapılacaq. Normalda isə çox yaxşı olardı ki, azad iqtisadiyyat və azad məhkəmə olsun. Onda heç bir jurnalistin, heç bir normal təhsilli insanın sosial dəstəyə ehtiyacı olmazdı. İnsanlar özü qazanar, özü-özünü təmin edərdi. Saytlar da normal rəqabət mühitində reklam bazarından pay almağa çalışar, güclənər, böyüyər və inkişaf edərdi. Bunlar yoxdur, nə vaxt olacağı da bilinmir. Ümid ancaq dövlətin sosial dəstəyinə qalır”.
Image result for elxan şükürlü

Elxan Şükürlü: “Azərbaycanda reketçiliyə yuvarlanmayan, jurnalistikanı şantaj, cinayətkar maraqların təmini vasitəsinə çevirməyən, qələminə və sənətin hörmət edən çox az sayda jurnalist var”.

“Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü hesab edir ki, jurnalistlərə ev verilməsi yaxşı haldır, ancaq dövlətin bu gərəkli siyasətinin necə həyata keçirilməsi gələcəkdə ona olan gerçək münasibəti formalaşdıracaq:
“Jurnalistika, informasiya-təbliğat sektoru müharibə şəraitində olan bir ölkə üçün diqqətdə saxlanılmalı olan çox vacib bir sahə, istiqamətdir. Azərbaycanın müstəqillik dövrünün media tarixinin araşdırılması o faktı üzə çıxarır ki, hakimiyyətlərə də, dövlətin özünə də təhlükə əslində bir çox hallarda məhz mediadan qaynaqlanır. Bu təhlükələrin neytrallaşdırılması, eyni zamanda dövlətin maraqlarının qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədiylə mediaya kömək göstərilirsə, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına, o cümlədən də jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına çalışılırsa, bu, ancaq təqdir edilməlidir. Ancaq burada narahatçılıq yaradan o amildir ki, hakimiyyətdə kimlərsə dövlətin bu gərəkli siyasətini özlərinin tamahı, şəxsi və siyasi maraqları ucbatından heçə-puça çevirə bilərlər. Yəni, söhbət bu mənzillərin necə bölüşdürüləcəyindən gedir. Əgər bu mənzilləri jurnalistlər arasında bölüşdürəcək qurumlar yenə də yalnız öz nəzarətlərində olan, onlara xidmət və beyət edən media vasitələrinin təmsilçilərinə üstünlük verəcəklərsə, mənzilə ehtiyacı olan gerçək qələm sahibləri süni şəkildə kənarda qoyulacaqsa, kimlərinsə qohum-əqrabaları o mənzillərə dürtüşdürüləcəksə, əlbəttə ki, bu siyasət sadəcə bəzi şəxslərin mükafatlandırma mərasimindən uzağa getməyəcək.
Əslində, nə qədər şişirdilsə də, Azərbaycanda gerçək qələm sahibi olan və mənzilə ehtiyacı olan jurnalistlərin sayı elə də çox deyil. Azərbaycanda reketçiliyə yuvarlanmayan, jurnalistikanı şantaj, cinayətkar maraqların təmini vasitəsinə çevirməyən, qələminə və sənətin hörmət edən çox az sayda jurnalist var. Bunu media ilə bağlı işləyən qurumlar da çox gözəl bilir. Məncə, mənzil bölgüsü zamanı belələrinə daha çox üstünlük verilməlidir.
Reklam bazarının medianın üzərinə açılması yoluyla onun maddi-texniki bazasının gücləndiriləcəyi və özünü maliyyələşmənin təmin ediləcəyi fikrinə gəlincə, mən bunu indilikdə real saymıram. Media reklam bazarı ilə o vaxt inkişaf edər ki, əvvəlcə ölkədə azad biznes mühiti və rəqabət olsun. Bu yoxdursa, kimdir mediaya reklam verən? Üstəlik, hamı bilir ki, ölkədə populyar olan, daha çox oxunan tənqidi mediadır və onlar da getdikcə sıradan çıxarılır. Ancaq reklam vermək potensialı olan şirkətlər isə ayrı-ayrı vəzifə sahiblərinə, oliqarxlara bağlıdır. Məgər onlar hansısa tənqidi mediaya reklam verə bilərlər?!”.
Image result for azər qaramanlı

Azər Qaramanlı: “Açığı evi olan və hətta haqq etsə belə, ev davası edən jurnalistləri və baş redaktorları mən anlamıram”.

Evi olub dövlətdən ikinci, üçüncü ev almaq istəyənləri qeyri-səmimi, ədalət duyğularından məhrum insanlar hesab etdiyini bildirən “PİA.AZ” saytının baş redaktoru Azər Qaramanlının fikrincə, dövlət yaş məhduduyyəti qoymadan evsiz jurnalistlərin ev almaları üçün ipoteka krediti ayırsa daha ədalətli olar:
“Hər şeydən əvvəl əgər ölkə rəhbərliyi bu və ya digər şəkildə jurnalistlərin sosial problemlərinin həllinə yardımçı olmaq istəyirsə, bu alqışlanmalıdır. Məsələnin problem yaradan tərəfi təbii ki, jurnalistlərin çox, evin isə az olmasıdır. Təbii olaraq bu halda narazılıqlar ortaya çıxacaq. Amma ədalət prinsiplərindən yanaşsaq, dövlət bu evləri doğrudan ehtiyacı olan və haqq edən jurnalistlərə verməlidir. Açığı evi olan və hətta haqq etsə belə, ev davası edən jurnalistləri və baş redaktorları mən anlamıram. Və evi olub dövlətdən ikinci, üçüncü ev almaq istəyənləri  qeyri-səmimi, ədalət duyğularından məhrum insanlar hesab edirəm.
Azərbaycanda doğrudan evə ehtiyacı olan, illərdir ki, kirayələrdə məzlum vəziyyətdə yaşayan, qələmi və peşəkar fəlaiyyəti ilə dövlətdən ev almağı haqq edən yüzlərlə jurnalist var. Mən arzu edirəm ki, evlərin paylanılması zamanı bu meyara üstünlük verilsin. Özümə gəlincə, mən bu prosesdə iştirak etmirəm və müraciətdə etməmişəm. Sadəcə arzu edirəm ki, evlər haqq edən evsiz jurnalistlərə verilsin. Ümumilikdə götürdükdə isə yaxşı olardı ki, dövlət yaş məhdudiyyəti qoymadan evsiz jurnalistlərin ev almaları üçün ipoteka krediti ayırsın. Məncə, bu daha ədalətli olar”.
Image result for çingiz özgür

Çingiz Özgür: “Jurnalistika sahəsində görünməyən vəziyyət görünən vəziyyətdən qat-qat pisdir”.

Jurnalistlərə ev verilməsinə şəraiti elə jurnalistlərin özünün yaratdığını bildirən “Skrom.net” saytının rəhbəri, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgürün fikrincə, indiki şəraitdə Azərbaycan jurnalistikasının vəziyyəti çox bərbaddır:
“Hər kəsə məlumdur ki, bu addım Azərbaycanın dövlət başçısı tərəfindən atılıb. Dünya praktikasında bu cür addımın olmamağına baxmayaraq, ölkə daxilində həyata keçirilməsinin nə dərəcədə doğru olub-olmadığını analiz eləmək bizə düşməz. Çünki dünya mətbuatında olan və ya olmayan hansısa tendensiya bizi maraqlandırmır. Ümumiyyətlə, jurnalistika “dördüncü hakimiyyət” sayılır və birinci hakimiyyətin  dördüncü hakimiyyətə yer verməyində qəbahətli bir şey görmürəm. Ancaq təəssüf ki, ilk ev paylanan zaman jurnalist olmayan bəzi şəxslər də mənzil sahibi oldular. Hesab edirəm ki, jurnalistə ev vermək dövlətin borcu deyil. Bu sahədə olan insanlar öz güclərinə sosial rifahları üçün şərait yaratmalıdırlar. Xüsusilə deyim ki,  həmin insanların o şəraiti yaratmasına da imkan vermək çox vacibdir.
Bu gün tək jurnalistlər deyil, bütün təbəqədən olan evsiz insanlar ev istəyirlər. Sadəcə olaraq, jurnalistin tribunası var və bu tribunadan istifadə edə bilir. Bəs özəl sektorda çalışan evsiz insanlar nə etsinlər?! Onlar da ev istəyirlər, amma səslərini eşidən yoxdur. Elə bilirsiniz ki, bu gün pulsuz ev paylanmasında jurnalistlərimizin günahı azdır? Onların özləri bunu istəyiblər. Tələbat olmasaydı, bugünkü vəziyyət yaranmazdı.
Jurnalistlərin sosial təminatı üçün redaksiyaların maddi bazalarının gücləndirilməsinə gəlincə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu var. Guya bu, dünyanın harasında var ki? Hər sayta, qəzetə pul ayrılır. Jurnalistlərə ilin bir günü ev verilirsə, onlara hər ay pul ayrılır. Sadəcə pul gözə gəlmədiyinə görə, hesabı yoxdur. Digər səbəb də odur ki, ayrılan pullar konkret olaraq müəyyən insanlar tərəfindən “yeyilir”. Reklam bazarının genişləndirilməsi məsələsi barədə deyə bilərəm ki, hazırda ölkənin iqtisadi vəziyyəti yaxşı səviyyədə deyil. Eyni zamanda biz özümüz bu sahəni hansı vəziyyətə saldığımızı çox gözəl bilirik.
Bu gün jurnalistikayla məşğul olan yüzlərlə insanlar var. Reklam bazarının genişləndirilməsinə şərait yaradılsa, nələr yaşanacağını təsəvvür edin. Adi bir ev məsələsinə görə, adamlar bir-birinə dəyib. Bəzi jurnalistlər məhz evə görə boşanır. Ancaq məndə olan məlumata görə, boşanan jurnalistlərə ev verilməyəcək. Biz konkret olaraq qərar verməliyik ki, bu jurnalistika özəldir, yoxsa dövlətə aiddir?!…
Onu da nəzərə alaq ki, bir jurnalist ev almaq üçün onlarla orqandan keçməlidir. Hələ ona evin verilib-verilməyəcəyi də bilinmir. Ancaq fakt olaraq, bir nəfər onlarla insanın qarşısında əyilir və nəticədə çox şeyini itirmiş olur. Jurnalistə ev verilməsini isə  onun ələ alınması saymıram. Sadəcə bu insanların özləri ələ alınmaqda maraqlıdırlar. Jurnalistika sahəsində görünməyən vəziyyət görünən vəziyyətdən qat-qat pisdir. Əgər başqa sahələrdə bu hallar yaşansaydı, jurnalistlər onları adam içinə çıxa bilməyəcək həddə gətirərdilər. Əslində mətbuat sahəsində nələrin baş verdiyini yazası jurnalistlər olayların içində birbaşa iştirak edirlər. Ona görə də heç bir tənqidi yazılara rast gəlinmir”.
Image result for mirmehdi ağaoğlu

Mirmehdi Ağaoğlu: “Elə etmək lazımdır ki, vətəndaşların  hər birinin özünə balaca bir daxma qaralayacaq qədər gəliri olsun”.

İnsanların sosial rifahını bu şəkildə yaxşılaşdırılmağa çalışmağın doğru addım olmadığını qeyd edən “Kulis.az” saytının əməkdaşı Mirmehdi Ağaoğluna görə, insanların sosial rifah naminə gəlirlərinin yaxşılaşdırılması daha doğru addım olar:
“Ayrı-ayrı sahələrə, eləcə də ayrı-ayrı sahələrin adamlarına kömək etməklə, cəmiyyətin rifah halını qaldırmaq olmaz. Bir də görürsən kimsə ağır xəstəliyə tutulur, müalicə olunmağa imkanı olmur. Onun müalicəsi üçün kimlərəsə, yuxarı dairələrə müraciət olunur. Bundan sonra həmin adam qayğı göstərilir və sair. Bu yaxşı haldır, kiminsə həyatı yaxşılaşır, kimlərsə də xilaskara çevrilir. Amma, gəlin baxaq görək, hamı bu cür edə bilərmi? Əlbəttə yox. Bəs belə olan halda nə etmək lazımdır? Ümumiyyətlə, səhiyyənin səvviyyəsini qaldırmaq lazımdır, insanlar dövlət tərəfindən  tibbi sığorta ilə təmin olunmalıdır. Yalnız o halda hər bir insan ağır xəstəliyə tutulanda xilas ola bilər. Eyni şeyi jurnalistikayla bağlı da demək olar. Ayrı-ayrı jurnalistlərin həyat şəraiti yaxşılaşdırılır, evlə təmin olunur, nə gözəl. Ancaq  ümumilikdə elə etmək lazımdır ki, vətəndaşların  hər birinin özünə balaca bir daxma qaralayacaq qədər gəliri olsun”.
Ardı var…
Gülşən ŞƏRİF
pia.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın