Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Əziz Musa: ““Ziyalı” batalyonunda düşmənə qarşı döyüşmüşəm”

Əziz Musa: ““Ziyalı” batalyonunda düşmənə qarşı döyüşmüşəm”

Həmsöhətimizin dediyinə görə, ermənilərin əsrlər boyu davam edən işğalçı niyyətləri həmişə xalqımıza zərbə vurub: “Qonşu dövlətlərin əraziləri hesabına özlərinə ”Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər tarix boyu dövlətimizin ərazisini özlərinin adına çıxartmaqla məşhurlaşıblar.
Azərbaycanın füsunkar təbiətə malik olan bölgələrindən biri olan Cəbrayıl 1993-cu il avqustun 23-də Erməni Silahlı Qüvvələri tərəfindən işğal olunub. Artıq Cəbrayıl 21 ildir ki, düşmən tapdağı altındadır. Cəbrayıllılar öz doğma yurdlarının həsrəti ilə yaşayır. Elə o həsrətlə yaşayanlardan biri də filologiya elmlər namizədi, yazıçı Əziz Musadır.

Yazıçı Əziz Musa “KarabakhİNFO.com” beynəlxalq elekton jurnalına Cəbrayılla bağlı xatirələri və döyüş yolu barədə müsahibə verdi.
Həmsöhbətimizin dediyinə görə, ermənilərin əsrlər boyu davam edən işğalçı niyyətləri həmişə xalqımıza zərbə vurub: “Qonşu dövlətlərin əraziləri hesabına özlərinə ”Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər tarix boyu dövlətimizin ərazisini özlərinin adına çıxartmaqla məşhurlaşıblar. 80-cı illərin sonlarında başlayan Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonlar ermənilər tərəfindən işğal olundu.

11 yaşlı Samir əlinə silah alıb Cəbrayıl üçün döyüşdü

1993 –cü il avqustun 23-də Cəbrayıl rayonu işğal olunub. İşğaldan əvvəl Cəbrayıl camaatı dinc quruculuq işləri ilə məşğul olur, rayonun keşiyində qeyrətlə dayanırdılar. Onların heç ağıllarına da gəlməzdi ki, bir gün öz doğma dədə-baba torpaqlarından didərgin düşəcəklər. Döyüşlərin başladığı günlərdən etibarən cəbrayıllılar bir nəfər kimi ayağa qalxdılar və torpağın qorunması üçün əlbirliyi ilə bir oldular. Rayon ziyalıları birləşib “Ziyalı” müdafiə batalyonu yaratdılar . Həmin batolyon sayəsində Dağlıq Qarabağın iki kəndini işğaldan azad olunub. Mənim özümdə “Ziyalı” batolyonunda düşmənə qarşı döyüşmüşəm. Cəbrayıllılar da döyüş ruhu o zaman yüksək idi. Uşaqdan böyüyə kimi hər kəs döğma yurdun müdafiəsi uğrunda müdafiəyə qalxmışdılar. Hətta 11 yaşında olan Samir adlı oğlan da əlinə silah alıb döyüşə gəlmişdi. Samir Cəbrayılın işğal günü – avqustun 23-də vətən yolunda şəhid oldu”.
Ə.Musa deyir ki, Cəbrayıl uğrunda canlarından keçməyə hazır olan yerli sakinlər bu gün vətən həsrəti ilə ağlayırlar: “Həmişə azərbaycanlıların qapısında işləyən, çörəyimizlə dolanan ermənilər birdən-birə bizə qənim kəsildilər. Döyüşdən-döyüşə quduzlaşan ermənilər öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etdilər.
Cəbrayıl Qarabağın ən füsunkar bölgəsi olmaqla bərabər həm də strateji cəhətdən çox böyük əhəmiyyət kəsb edirdi. Cəbrayıl gözəlliklər diyarıdır. Rayonun təbiəti günü-gündən gözəlləşirdi. Cəbrayılın kəhrizləri, bu kəhrizlərin göz yaşı kimi dumduru, dadlı suyu bir başqa aləm idi. Respublikamızda 104 kəhrizi, 99 bulağı olan yeganə rayon idi. Əhali kəhrizlərin suyundan həm içməli su kimi istifadə edir, həm də bağ-bağatı suvarırdı. Kəhrizlərin bərpası ilə məşğul olan kənkanlar rayonda məxsusi hörmətə sahib idilər. Elə ziyalılar vardı ki, bütün kəhrizlərin hər birinin adını, yerini, kim tərəfindən nə vaxt tikildiyini, hətta sonralar kimlər tərəfindən bərpa edildiyinin əzbər bilirdi. O cür gözəl yerləri qoyub gəlmək heç də cəbrayıllılar üçün asan deyildi. Cəbrayıl asanlıqla düşmənə təslim olmayıb. Ermənilər tarixən cəbrayıllıların qolunun gücündən qorxublar. Əbəs yerə deyil ki, Cəbrayıl uğrunda gedən döyüş zamanı rayonun 360-dan çox şəhidi və 6 Milli Qəhrəmanı olub. Elə mənim də özüm də Cəbrayılın yağı düşmənə qismət olmaması üçün döyüşlərdə iştirak etmişəm . Ailəmin avqustun 23-də Cəbrayılı necə tərk etməsindən xəbərim olmayıb. Çünki mən o gün əlimdə silahla düşmənlə mübarizə aparırdım. Sonradan öyrəndim ki, ailəm tarktorun lapetində ağlaya-ağlaya rayondan çıxıb”
Ə.Musanın sözlərinə görə, 90-cı ilin əvvəllərindən başlayaraq rayonun hər bir kəndi top, qrad atəşinə tutulurdu: “Get-gedə şəhidlər verən camaat başa düşürdü ki, bu işin arxasında tək ermənilər dayanmır. Mənfur düşmənimiz olan ermənilər yollara pusqular qurur, təxribat törədərək əhalini vahiməyə salırdılar. Artıq 1993-cü ilin may ayından etibarən rayon mərkəzi də qrad və alazanlardan atəşə tutulur, evlər dağıdılır, təlafatlar artırdı. Minlərlə cəbrayıllı gecə-gündüz torpaqlarımızı qorusa da hər ölüm, tökülən qan dərd üstünə dərd gətirirdi. Ağlama-sızlamaq dərdə məlhəm olmasa da ev-eşiyi yanan, evindən didərgin düşən insanlar öz göz yaşlarını saxlaya bilmirdilər.
Deyirlər ki, kişi olan ağlamaz,
Cəbrayıldan ayrılanda ağladım.
Dərd öldürər, dərd adamı saxlamaz,
Öz əlimlə öz sinəmi dağladım.

“Üç rəngli bayrağımız Cəbrayılda dalğalanacaq”

Artıq 21 ildir ki, Cəbrayıl düşmən tapdağı altında əsirlikdə əzilir. Ağlamaq, dərd çəkmək ötən illər ərzində heç nəyi dəyişməsə də, hələ də vətənə torpağa olan sevgimizi özündə yaşadır. Bu gün Cəbrayıl arzusuyla yaşayan həmvətənlərimizin vətənə qayıtmaq ümidləri daha böyükdür. 21 il öncəki Azərbaycan bu gün Qafqazın ən güclü dövlətlərindən biridir. Ona görə də dərdimizi sadalamaqla özümüzü ruhdan salmamalıyıq . Çünki bizim güclü ordumuz var. Ermənilər bilməlidir ki, illər uzandıqca onlara qarşı olan nifrətimizlə yanaşı, gücümüzdə günü-gündən artır. Həm də bilməlidirlər ki, biz öz torpaqlarımızı onlara verən deyilik”.

Yazıçı söhbətin sonunda onu da əlavə etdi ki, respublikanın bütün ərazilərinə səpələnən cəbrayıllılar ruhdan düşmür, gələcəyə böyük ümidlə baxır. İnanırıq ki, ədalət zəfər çalacaq, ağlaya-ağlaya öz yurdlarından didərgin düşən cəbrayıllılar bir gün gülə-gülə doğma torpağa geri qayıdacaqlar. Üç rəngli bayrağımız cənnət Cəbrəyılda dalğalanacaqdır.

Uzaqda deyildir, o gün, o saat,
Səsimiz dağları oyadacaqdır.
Ağlaya-ağlaya köçən el-alat,
Bir gün gülə-gülə qayıdacaqdır.
Nə qədər Cəbrayıl alınmayıbdı,
Ürək sızlayacaq o yerlər üçün.
Indi Əziz Musa dərddən yazırsa,
Zəfər dastanını yazacaq o gün.

Günel Cəlil
“KarabakhİNFO.com”

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın