Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Əsgərlərini həyatı bahasına xilas edən zabit – Fotolar

Əsgərlərini həyatı bahasına xilas edən zabit – Fotolar

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 44 gün davam edən Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub, 100 nəfərdən artıq şəxs itkin düşüb.

İkinci Qarabağ Savaşında mərdliklə vuruşan, ərazilərimizi işğalçılardan təmizləyən zaman aldığı ağır yaradan gözlərini həyata əbədi yuman, şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Hikmət Şubay oğlu Hacıyevdir. O, 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində anadan olub, orada orta məktəbə gedib. 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə Hərbi Liseyi bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2006-cı ildə bu hərbi təhsil müəssisəsini də bitirərək leytenant rütbəsi alıb, zabit kimi Silahlı Qqüvvələrdə xidmətə başlayıb.

Şəhidimizin qardaşı İsmət Hacıyevin danışdığına görə, zabit H.Hacıyev əsasən ön cəbhədə olmaqla, Azərbaycanın ən müxtəlif bölgələrində xidmət edib. Azərbaycanın hər qarışını özünə Vətən bilən H.Hacıyev öz vəzifə borcunu şərəflə yerinə yetirib: “Qardaşım kapitan rütbəsinə kimi yüksəlmişdi. 2014-cü ildə kapitan rütbəsini aldığı üçün yaxın vaxtlarda mayor rütbəsini alacaqdı. Amma qismət olmadı. Onun 44 günlük Vətən Müharibəsində məhz Füzuli rayonu istiqamətində döyüşlərə qatılmasının səbəbi vaxtilə bu ərazidə xidmət etməsi, bölgəni yaxşı tanıması idi. O, ali hərbi məktəbi bitirdikdən sonra bu ərazidəki hərbi hissədə 3 il xidmət etmişdi. Taborun bölük komandiri kimi daim şəxsi heyətin qayğısına qalıb, onların nizam-intizamının, hərbi biliklərinin, döyüş ruhunun yüksək səviyyədə olmasına çalışıb”.

İ.Hacıyev qardaşının ağır yaralanmasına səbəb olan sonuncu döyüşündən də söhbət açıb. Bildirib ki, erməni qəsbkarları onu Qaraxanbəylidəki döyüşlərdə boynundan ağır yaralayıblar: “Qardaşım yaralanana qədər onun bölüyündən heç bir hərbi qulluqçu şəhid olmayıb. Hər bir əsgərini öz övladı kimi çox istəyir, onları qoruyurdu. Tabeliyindəki bölüklə birlikdə Qaraxanbəylidə düşmənin qəfil hücumu ilə üzləşib, mühasirəyə düşüblər. Döyüşərək mühasirəni yarıblar, tabeliyində olan bütün hərbi qulluqçuları güllə altından çıxarıb, özü bir əsgəri ilə sona qədər müqavimət göstərib. Yanındakı əsgəri ilə birlikdə düşmənin atəş altında saxladığı mövqedən çəkilərkən boynundan güllə yarası alıb. Oktyabrın 2-si gecə saatlarında yaralanıb. Bütün bunları bizə əsgərləri danışıb. Hamısı şəhid komandirlərindən razılıq ediblər. Bildiriblər ki, komandirləri öz həyatını təhlükəyə ataraq onların həyatını xilas edib. Əsgərini qabağa verib, onun arxasında gizlənməyib. Sona qədər əsgəri ilə birlikdə, çiyin-çiyinə verib döyüşüblər. Yaralanandan sonra bir ay müddətində reanimasiyada qaldı. Çətinliklə nəfəs alırdı, yarası ona əzab verirdi, amma ağlı, huşu özündə idi. Boğaz nahiyəsindən nəfəs aparatına qoşulmuşdu deyə, danışa bilmirdi. Noyabrın 8-də vəziyyəti daha da ağırlaşmışdı. Ailə üzvləri görüşüb Şuşanın işğaldan azad olunması xəbərini ona çatdırıb. Bu sevincli xəbəri eşidən qardaşım gülümsəyib, sevinib, bir müddət sonra gözlərini bu həyata əbədi yumub. Sanki canını tapşırmaq üçün bu günü, bu xəbəri eşitməyi gözləyirmiş. Şuşanın alındığını eşitdikdən sonra şəhidlik zirvəsinə ucaldı. Yəqin ki, indi ruhu şaddır”.

İ.Hacıyev qardaşının hərbçi peşəsini seçməsindən də danışıb: “Atam Şubay Hacıyev də hərbçi idi. Silahlı Qüvvələrdə xidmət etmişdi, mayor rütbəsinə qədər yüksəlmişdi. Qardaşım Hikmət atama çox bağlı idi, onun əynindəki hərbçi mundirini çox bəyənirdi. Elə atama görə də hərbçi peşəsini seçmişdi. Demək olar ki, o, atamın timsalında hərbçi peşəsini sevmişdi, ona yiyələnməyi də qarşısına məqsəd qoymuşdu. Baxmayaraq ki, hərbçi peşəsi olduqca çətindir və atam bir hərbçi kimi çox çətinliklər görmüşdü, amma Hikmətin arzusuna, istəyinə qarşı çıxmadı. Atam onun marağına, istəyinə hörmətlə yanaşdı. Atamın xeyir-duası ilə o, əvvəlcə Hərbi Liseyi, ardınca da Ali Hərbi Məktəbi bitirdi. Atamın yolu ilə gedib ona olan etimadı doğrultdu. Xidmət müddətində dəfələrlə komandanlığın təşəkkürünə, mükafatlarına layiq görülüb, orden və medalla təltif olunub”.

Noyabrın 10-da Şəmkirdəki qəbiristanlıqda atası Ş.Hacıyevin yanında dəfn olunan şəhidimiz ailəli olub. Özündən sonra 2 yaşlı qızı və 7 yaşlı oğlu yadigar qalıb. Qardaşı deyir ki, H.Hacıyev ailə üzvləri ilə mütəmadi əlaqə saxlayar, onların qayğıları ilə maraqlanar, uşaqları ilə danışarmış: “Hər bir normal ailə başçısı kimi o da ailəsi, doğmaları ilə maraqlanardı. Amma indiyə qədər bir dəfə də olsun o, hərbidə qarşılaşdığı hər hansı çətinliklə bağlı, yaxud hansısa əməliyyat və sair keçirmələrinə dair söhbət etməyib. Ailəliklə oturub söhbət edəndə də dediyi bu idi: “Hər şey yaxşı olacaq, narahat olmayın”. Olduqca qətiyyətli, çətinliklərə sinə gərən, dözən, sabahına ümidlə baxan bir adam idi. 44 günlük müharibənin başlandığı günlərdə də əlaqə saxladığımız zaman narahatlığa əsas olmadığını bildirir, Ordumuzun gücünü vurğulayır, erməniləri işğal altındakı torpaqlarımızdan qovub çıxaracaqlarını söyləyirdi. O, qələbə qazanacağımıza, torpaqlarımızın erməni tör-töküntülərindən təmizlənəcəyinə inanırdı. O, bunu həm peşəkar zabit, Silahlı Qüvvələrimizin potensialına bələd olan hərbçi kimi, həm də yüksək vətənpərvərlik ruhuna sahib vətəndaş, 30 ilə yaxındır yurd həsrətilə alışıb-yanan, yağıdan qisas alacağı günü səbirsizliklə gözləyən azərbaycanlı olaraq duyurdu. Tezliklə Zəfər Gününün qeyd olunacağını hiss edirdi. Təəssüf ki, xalqımızın bu xoş gününü görə bilmədi”.

Əsgərlərini həyatı bahasına xilas edən zabit -  Fotolar
Əsgərlərini həyatı bahasına xilas edən zabit -  Fotolar
Əsgərlərini həyatı bahasına xilas edən zabit -  Fotolar
Əsgərlərini həyatı bahasına xilas edən zabit -  Fotolar
Əsgərlərini həyatı bahasına xilas edən zabit -  Fotolar
Əsgərlərini həyatı bahasına xilas edən zabit -  Fotolar

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …