Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / “Ən böyük nəvəmin 60 yaşı var” – Prezidentin təltif etdiyi müharibə iştirakçısı

“Ən böyük nəvəmin 60 yaşı var” – Prezidentin təltif etdiyi müharibə iştirakçısı

Müsahibimiz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovadır. Həmsöbətimiz 1941-ci ildə – İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaət göstərib. O, müharibədən sonra uzun illər rəhbər vəzifələrdə çalışıb, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub.

Ötən il Prezident İlham Əliyev Fatma xanımın 100 yaşı tamam olması münasibətlə onu təbrik edib və “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

– Özümü yaxşı hiss edirəm. Hər il 9 May gələndə bu günə bağlı bütün hadisələr yadıma düşür. O illərdən bu illərə sağ gəlib çıxmışam, bu mənim üçün çox xoş olur. 100 yaşıma çatmışam, hələ də özümü idarə edə bilirəm. Hələ dövlətimə lazımam- Fatma xanım qürurla deyir.

Və fikrinə belə davam edir- 101 yaşa qədəm qoymuşam. Hər adama bu yaş nəsib olmur. Bu yaşı yaşamaq lazımdır. Cavanlığımın 5 ili müharibədə keçdi. Şəfqət bacısı idim. Zabitəm, leytenant rütbəm var. Müharibədən qayıdandan sonra ailə qurdum. 4 Övladım dünyaya gəldi. Yoldaşım cavan rəhmətə getdi. Ömrümü balalarıma, dövlətimə, xalqıma sərf etmişəm. Bununla da mən fəxr edirəm. Yəqin, lazımı işlə, fikirlə yaşamışam ki, 100- yaşa çatmışam.

Fatma xanmın 4 övladı – 3 oğlu, bir qızı olub. Xəstəliklə əlaqədar iki oğlu rəhmətə gedib. İndi bir oğlu və bir qızı qalıb.

– Qızım yanımdadır. Oğlum ailəsi ilə Amerikada yaşayır. Övlaları oradadır deyə bunlar da müvəqqəti ora köçüb. 15 nəvəm, 25 nəticəm var. Böyük nəvəmin 60 yaşı var. Ona babasının adını vermişəm. Nəvəm Məmməd əmisi ilə bilikdə Amerikadadır. Kiçik nəvəmin isə yaşı 30-u keçib.

“Nəvələr və nəticələr sizə necə baxır?” sualıma həmsöhbətimiz gözləri gülərək və ürəklə cavab verir.

– Hamısı əla. Mən içəri girəndə sevinirlər. Biri başıma çıxır, biri ayağımdan, əlimdən dartır. Şirin balalardır. Nəvələrim də tərbiyəli, ali savadlıdırlar.

Ay Fatma xanım, deyirlər, dövlətdə dəvə, övlatda nəvə. Bəs nəticə?

– Nəticə hamısından şirindir. Kötücə ondan da şirindir. Kötücəm yoxdur. Böyük nəticəmin 30 yaşı var. Özü də Çində yaşayır, orada işləyir. Zəngləşirik. Deyirəm gəl.

Söhbətimizin mövzusunu dəyişirəm. Ona işindən sual ünvanlayıram və deyirəm, hər gün işə gəlib gedirsiniz? Burada gündəlik iş qrafikiniz necə olur?

– Hər gün saat 9-da işə gəlirəm, 5 də evə gedirəm. Tez gedə də bilərəm. Amma getmirəm. Mən bir az qanuna tabeyəm. Veteranlar gəlir, dövlət tərəfindən verilən tapşırıqları yerinə yetiririk. Görüşlərə gedirik. Dahilərin məzarını ziyarət edirik. Bekar qalmırıq. Hər şeyə vaxt tapırıq.

“İkinci Dünya Müharibəsindən danışaqmı?” deyib onu keçmişə götürürəm.

– Adamın yadına dəhşətli hadisə, bir yuxu kimi düşür. Çox ağır idi. Bir dəhşət idi. Xatırlayanda qəribə oluram, deyirəm, yəni mən belə ağır bir mərhələni keçmişəm?!

Bizim hərbi biletimiz var idi. Orada yazılmışdı ki, əgər müharibə başlasa, 3-cü gün ərzində Bakının hərbi komisarlığında olmalıyıq. Biz qızlar da ginekoloqluq üzrə tibbi texnikomu bitirmişdik. 300-400 qız idik. Bizə hazırlaşmaq üçün 3 gün vaxt verdilər. Hazırlaşıb sonra Bakı vağzalına getdik .Orada əsgərləri aparan qatarlar var idi. Hər qatara bir həkim, bir şəqət bacısı təyin etdilər. Beləliklə, vuruşa-vuruşa Berlinə kimi getdik. Bir ay yarım mən Leninqradın mühasirəsində olmuşam. Moskva ətrafı döyüşlərə şahidlik etmişəm. Ağır cəbhələrdə olmuşam, qızım.

Döyüşün asanı olmur. Ölüm döyüşləri idi. Gözümün qabağında əsgər başını tutub yıxılırdı. Yuxarıdan təyyarələr bomba tökürdü, yerdə isə avtomatdan güllə yağış kimi yağırdı.

Müsahibimiz 19 yaşlı bir qız üçün bu dəhşətləri görməyin çox çətin olduğunu deyir. Amma o zamanlar həyat başqa cür idi. Onların müharibəyə qatılmamaq kimi bir şansları yox idi.

– Komsomol idik, partiyaya üzv edilmişdik. Getməsəydik, hərbi tribunala verilib yerindəcə güllələnərdik. Həm də bizdə vətənpərvərlik eşqi var idi. Bizim xain olmaq ixtiyarımız yox idi. Vətən xainləri güllələnirdi.

Leninqradın mühasirəsində qalanda 100-150 qram çörək, bir az da jmıx verirdilər. Yaralılara da yumurta tozu ilə qayğanaq edib verirdik. Vəziyyət çox gərgin, ağır idi. Sağ qalan adam bir möcüzə kimi idi. Müharibə idi, yeməyə çörək, içməyə su yox. Hər yerdən də güllə yağırdı. Cavanlarımız belə bir müsübət görməsinlər.

“Əsir düşən yaralı faşistlərə tibbi xidmət göstərirdinizmi?” sualımıza belə cavab verir:

– Biz şəfqət bacısı idik. Yaralının isə milləti yoxdur. Bizim yarasını sarımamağa ixtiyarımız yox idi. O da insandır da. Biz axı and içmişdik. Hər bir yaralıya, xəstəyə yardım göstərməliydik. Nadir hallarda sağ qalırdılar. Çox vaxt yaralı faşistəri öldürürdülər.

Faşistlərdən azad edilən ərazilərdə ölüm düşərgələrinə rast gəlinirdi. Orada saxlanılan insanlar güclə ayaqların çəkirdilər, hamısı ac idi. Onları azad edirdik.

Fatma xanım müharibədən qayıdandan sonra ailə qurub. Həyat yoldaşı zavod direktoru imiş. Həmsöhbətimiz 4 balasını böyüdə-böyüdə həm də ali təhsil alıb. 101 yaşı haqlamış qadın “ömür davam edir. Dövlətimin, xalqın köməkliyi ilə hələ yaşayıram. Xalqa, dövlətə qulluq edirəm” deyir.

Söhbət əsnasında Fatma xanım qızlarımızı danlamağa da vaxt tapır:

– Mən Azərbaycan qızlarına müracət edirəm. Qızlarım, abrınızı itrməyin, abırlı həyalı gəzin. Oğlanlarımızdan muğayat olun. Abırı itin qabağına atıblar, it üzünü çöndərib, abıra, həyaya əl vurmayıb. Bir də görürsən səsi olmayan müğənniləri efirə çıxarırlar. Nə aşağısında, nə də yuxarısında palatar var. Ayağını da qoyub ayağının üstünə oturub. Kimə nə göstərirsən ? Bəs abrın, həyan haradadır?!

Biz qız olmamışıq? Biz əsgər çəkmələri ilə güllə altında olmuşuq.Vətəni sevmirsən, oğlana qiymət vermirsən, bəs sən nəsən? Ayıb deyil, gizlində görsənən şeyi aşkarda göstərməzlər. Ona görə oğlanlarımız da şuluq olublar da. Ondan nə qədər görərlər. Biz belə deyildik, saf idik. Müharibədən qeyrətlə, namula qayıtdıq.

Söhbətimizin məğzini dəyişib İkinci Qarabağ Müharibəsi haqqında söz salıram.

-İkinci Qarabağ Müharibəsini izləyirdim. İlham Əliyevə dedim, iki yaralını sarıya bimərəm ?Məni də aparın müharibəyə. Məni qoruyurlar, hələ Qarabağa aparmayıblar. Şuşada kulinariya festivalında iştirak etmək itəyirdim. Aparmırlar, deyirlər, sən burada xidmət edirsən, bu bizə bəsdir. Şuşada əvəllər çox olmuşam.

İndi də Ukraynada gedən müharibəni izləyirəm. Putin düzgün etmir. Mən onunla tez-tez görüşürdüm. Bu saatı (qolundakı saata işarə edərək) Putin mənə bağışlayıb. Burada da yazlıb ki, “Rusiya prezidentindən”.

Ukrayanaya çox yazığım gəlir. Odessaya çox getmişəm. Allah Putinə lənət etsin. Elə şey edərlər? O boyda Rusiyan var, bəsdi də, gözün doymur?

Söhbətimizin sonunda Fatma xanım Preziden İlham Əliyevlə şəklini göstərir:
– Prezidentlə görüşəndə həmişə əl-ələ tuturam. O mənim əlimi buraxmır ki- deyir.

Həmçinin oxuyun

Aqil Abbasdan yaşlı aktyorların işdən çıxarılmasına etiraz: “Elə tamaşalar qoyulur ki…” — VİDEO

Son vaxtlar yaşlı aktyor və aktrisaların teatrdan kənarlaşdırılması ilə bağlı məsələlər müzakirə mövzusuna çevrilib. Bir …