Ana səhifə / Cəmiyyət / “Ən axmaq adam televiziyada daha çox populyar ola bilər” – Həmid Herisçi

“Ən axmaq adam televiziyada daha çox populyar ola bilər” – Həmid Herisçi

Son vaxtlar telekanallara baxanda görürük ki, hətta ciddi imici olan adamlar belə efirə çıxanda ucuz şou yaradır, reytinq yığmağa çalışırlar.

Bəs görəsən, buna səbəb nədir? Niyə ciddi aparıcılar qısa zaman ərzində “şoumen”ə çevrilirlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, tanınmış televiziya aparıcısı Həmid Herisçi bu gün insanların peşəkar olmadıqları sahələrdə çalışdığını, problemin bundan qaynaqlandığını deyib:

“Mənim başım çox qarışıq olduğuna, gündəlik efirə çıxdığıma görə telekanallara çox baxa bilmirəm. Amma onu bilirəm ki, indiki dövr kütləvi mədəniyyət dövrüdür. Qərbdə buna “kütləvi ədəbiyyat” deyirlər. Bu gün hamı jurnalistdir, yazçıdır, hamı kitab buraxır, müğənnidir. Otururlar bilgisayar qabağında, hərə özünə bir kanal açır və başlayır cəmiyyətlə danışmağa. Çoxsaylı tirajlanmaq heç də yaxşı deyil. Bu mədəniyyəti tənəzzülə gətirib çıxarır. Mədəniyyət kütləvi ola bilməz. Bizim teleaparıcılar da tirajlanmağa çalışır. Süleyman Rüstəmin bir şeiri var:

Oxuma tar, oxuma tar,

səni istəmir proletar.

Kütləvi mədəniyyət çox təhlükəlidir, bunu bir az səngitsinlər”.

Xarici telekanallarla Azərbaycan efirini müqayisə edən Herisçi Qərbdə vəziyyətin daha acınacaqlı olduğunu qeyd edib:

“Məncə, Azərbaycanda vəziyyət yaxşıdır. Xaricdə daha pisdir. Biz hələ o səviyyəyə – deqradasiyaya çatmamışıq. Bu vəziyyət xaricdə daha dəhşətlidir. Məsələn, Kim Kardaşyanın Amerikadakı verilişinə baxsanız, hər şey aydın görünər. O, elə yataqda ikən, mürgü vura-vura verilişini çəkir. Avropada itbazların verilişi var, onlar bir-birinə küçüklərini tərifləyir, sonra da onları efirdə cütləşdirirlər. Köpək yemləri də həmin verilişdə reklam olunur. Bu tip verilişlərə baxsanız, Azərbaycan telekanallarına min dəfə şükür edərsiniz. Qərbdə bir fikir var ki, televiziya peşəkarların yox, həvəskarların məkanıdır. Ən axmaq adam televiziyada daha çox populyar ola bilər, nəinki ağıllı şəxslər. Amerikanın televiziya dəyərləri çox bayağıdır, biz hələ yaxşıyıq. Azərbaycanda şeir, meyxana, vətənpərvərlik var. Bizdə klassisizmin bir çox tələbləri var. Lakin inkişaf etmiş Qərbdə bu dəyərlər yoxdur. Özümüzün dəyərini bilməliyik. Özümüzə şükür etməliyik. Yadınıza salın ki, siz Qafqaz kimi cənnətməkan bir yerdə yaşayırsınız. Allah sizə bu gözəl məmləkəti verib, öz dəyərinizi bilin. Bəsdir özgələrə baxdıq. Bizim vəziyyətimiz qonşu ölkələrdən min dəfə yaxşıdır! Bir az müsbətləri görmək lazımdır. İslam şükranlıq tələb edir, şükür etməliyik. Naşükürlük bizi doğurdan da çox çətin bir nöqtəyə gətirib çıxarıb”.

Həmçinin oxuyun

44 günlük müharibədə xidmət edən hərbi həkim: “Yaralı əsgərlər döyüşə qayıtmaq üçün təkid edirdilər”

26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində Musavat.com-un əməkdaşı tibb xidməti polkovnik-leytenantı Ramin Əliyevlə söhbətləşib. Həmsöhbətimiz …