Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Əmlak Məsələləri Dövlət Komitəsində mühüm tədbir keçirilib – FOTO

Əmlak Məsələləri Dövlət Komitəsində mühüm tədbir keçirilib – FOTO

Əmlak Məsələləri Dövlət Komitəsində Avropa İttifaqının TAIEX yardım aləti çərçivəsində “Torpaqların idarə edilməsi üzrə monitorinq üsulları” mövzusunda təlim keçirilib. Bu barədə Azinforum.az-a qurumun Mətbuat Xidmətindən məlumat veriblər.
Bu məqsədlə Sloveniyanın Dövlət Torpaq və Xəritəçəkmə Agentliyinin sədr müavini cənab Tomas Petek ölkəmizdə səfərdə olmuşdur. Tədbirdə komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak etmişlər.
Bu təlim Sloveniya təcrübəsinə həsr olunmuş torpaqların müasir üsulların tətbiqi ilə səmərəli istifadəsi, mühafizəsi ilə bağlı monitorinqlərin keçirilməsi, torpaqların beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsi, torpaqların təyinatının dəyişdirilməsinin əsaslandırılması və torpaq idarəçiliyinə həsr olunmuş digər mövzuları əhatə etmişdir.
Qeyd edilməlidir ki, hazırda ölkədə aqrar sahənin inkişafına əhəmiyyətli dərəcədə dəstək verilir. Bu sahədə dövlət və bələdiyyə torpaqlarının təyinatdankənar və səmərəsiz istifadəsi, habelə təyinatının qanunsuz olaraq dəyişdirilməsi hallarının aşkar edilməsi üçün mütərəqqi və çevik beynəlxalq təcrübənin mənimsənilməsinə ehtiyac vardır.
Təlimi aparan Sloveniyanın Dövlət Torpaq və Xəritəçəkmə Agentliyinin sədr müavini cənab Tomas Petek 1991-ci ildə müstəqillik qazandıqdan sonra Sloveniyanın əldə etdiyi torpaq islahatı ilə bağlı təcrübəni geniş şəkildə təlim iştirakçılarına çatdırmışdır.
Seminarda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əməkdaşları Sloveniya təcrübəsinə həsr edilmiş seminarda bu sahədə Sloveniyanın əldə etdiyi məlumatları yüksək qiymətləndirmişdir. Tədbir iştirakçıları və ekspertin rəyinə görə, Azərbaycanda torpaqların idarə olunmasında Sloveniya təcrübəsi də daxil olmaqla Avropa İttifaqında tətbiq olunan standartlardan istifadə edərək aşağıdakı sahələrdə təkmilləşdirmənin nəzərə alınması zəruri olardı:
– Torpaqların monitorinq üsullarının təkmilləşdirməsi, xüsusilə də qərar qəbul olunmasında torpaqlar haqqında mövcud məlumatlara çıxışın təmin olunması, lüzumsuz məhdudiyyətlərin aradan qaldırılması;
– Daşınmaz əmlakın vahid elektron kadastr qiymətləndirmə bazasının yaradılması;
-Torpaqların qiymətləndirilməsində Vahid Assosiasiyaların yaradılması və ixtisaslaşmış şəxslər tərəfindən torpaqların qiymətləndirilməsinin həyata keçirilməsi;
-Torpağın təyinatının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və cərimələr haqqında əhalinin geniş maarifləndirilməsi və cərimələrin tətbiqinə başlanılması;
– Vətəndaşların və digər maraqlı tərəflərin müxtəlif sahələr (meşə, yol, rabitə, kadastr və s.) üzrə məlumatlara çıxışının təmin olunması üçün e-hökumət vasitəsilə vahid bazadan məlumatların idarə olunması sisteminin tətbiqi;
– Əməliyyatların müasir texnologiya və elektron hökumət sisteminə əsaslanmaqla həyata keçirilməsi;
Beləliklə, TAIEX yardım aləti çərçivəsində keçirilmiş tədbirdə əldə olunan məlumatlardan və Sloveniya modelindən faydalanaraq, Azərbaycanda torpaqların idarə olunması və monitorinqi üsulları sahəsində təkmilləşdirmələr aparmaq mümkündür. Belə ki, vahid elektron baza yaradılarsa və maraqlı şəxslərin ona rahat çıxışı təmin edilərsə, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər.
Avropa İttifaqının direktivinə əsasən, Sloveniyada INSPIRE təşəbbüsü tətbiq edilir. INSPIRE – məkan məlumatlarının vahid bazadan alınması modelidir.
Bu sahədə növbəti addım kimi Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni inkişafı dönəmində torpaqların idarə edilməsi və kadastrı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, mövcud sənədlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılmış kadastr məlumat bazasının yaradılması üzrə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab edilir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın