Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Əmlak Məsələləri Dövlət Komitəsi işgüzar Forum keçirdi – FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi işgüzar Forum keçirdi – FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 avqust tarixində Bakıda torpaq münasibətlərinin tənzimlənməsində vahid dövlət idarəçiliyi və torpaq bazarının təşkilinə dair İşgüzar Forum keçirilib.
Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bakı şəhəri və rayon icra hakimiyyətlərinin rəhbər vəzifəli işçiləri, bələdiyyə sədrləri və üzvləri, ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak ediblər.
Qeyd olunmalıdır ki, belə forumların keçirilməsinə iyulun əvvəlindən başlanılıb. İndiyədək Şirvan, Ucar, Şamaxı, Sumqayıt, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Beyləqan və Xaçmazda belə forumlar artıq keçirilib.
İşgüzar Forumların keçirilməsinin əsas məqsədi torpaqların vahid mərkəzdən dövlət idarəçiliyinin prinsip və mexanizmlərini, habelə dövlət torpaqlarının daha səmərəli mühafizəsi və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində görülən işlərin açıqlanmasıdır.
Bununla yanaşı forumlarda torpaqlardan kateqoriyası və təyinatına zidd istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərin tədbir iştirakçılarına çatdırılması və bu sahədə birgə işlərin koordinasiyasıdır. Eyni zamanda belə tədbirlər vasitəsi ilə komitənin yeni əsasnaməsi ilə yaradılmış və artıq fəaliyyət göstərən torpaq müfəttişləri, habelə torpaq bazarının təşkili istiqamətində komitənin fəaliyyəti barədə aidiyyəti dövlət orqanları, bələdiyyələr və ictimaiyyətin məlumatlandırması həyata keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən komitəsinin yeni Əsasnaməsinin təsdiq edilməsi ilə bağlı imzalanan Fərmana əsasən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar müəyyən edilib.

em1
Bildirilib ki, vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsulların, habelə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür.
Artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə start verilib.
Komitənin yeni funksiyalarının icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası vacibdir. Belə forumların keçirilməsi isə koordinasiya işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır.
Belə ki, dövlət torpaqlarının mühafizəsi, təyinatı üzrə istifadəsi, əsassız istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması, bu sahədə nəzarət tədbirlərinin görülməsi ilə bağlı artıq torpaq müfəttişləri monitorinq və reydlər keçirirlər. Belə tədbirlər Bakı şəhəri və respublikanın digər regionlarında mütəmadi qaydada aparılır və aşkar edilmiş qanun pozuntularına qarşı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirirlər. Pozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir.
Bununla əlaqədar müfəttişlər tərəfindən bu günədək 2132 qanunvericiliyin pozulması halı aşkar edilmişdir. 54 hal üzrə İnzibati protokol tərtib edilmiş, bundan 35 hal üzrə 65608 manat cərimə olunması barədə qərar qəbul olunmuşdur.
Eyni zamanda mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir. Artıq bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Bu sistem ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyinin və şəffaflığın kifayət qədər artması deməkdir.
Forumda torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatına zidd olaraq torpaq sahələrində tikintilərin aparılmasının qarşısının alınması barədə görülən tədbirlərdən bəhs olunub. Torpaqların təyinatına zidd istifadəsi nəticəsində torpağın münbitliyinə və yararlılığına olan mənfi təsirlər və gələcəkdə yaradacağı ziyanlar barədə məlumat verilib. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib.

em2
İşgüzar Forumda torpaqların mühafizə zonaları ilə qanunvericiliyə riayət olunması məsələlərinə də toxunulub. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları barədə məlumat verilib. Bu mühafizə zonaları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsi məsələləri izah olunub. Diqqətə çatıdırlıb ki, mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılması qanuna ziddir.
Forumda bildirilmişdir ki, bu sahədə ən çox rast gəlinən problemlər torpaqlardan təyinatı üzrə olmayan istifadə, özbaşına tikililər, eləcə də mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsidir. Bəzi hallarda vətəndaşlar qanunvericiliyi bilərəkdən pozurlar, bəzən isə insanlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar. Nazirlər Kabinetinin mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı müvafiq qərarları mövcuddur. Belə ki, dəmir yolunun mühafizə zonaları (20-52 metr), avtomobil yollarının təhkim zolağının ölçüləri, elektrik xətlərinin mühafizə zonaları (gərginlikdən asılı olaraq 10-30 metr), su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri (50-500 metr), neft boru və magistral boru kəmərləri xətti boyunca mühafizə zonaları təsdiq edilmişdir.
Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
Forumda torpaqların kateqoriyaları, səmərəli istifadəsi və mühafizəsi məqsədilə komitənin hüquqları barədə məlumat verilib. Bildirilib ki, komitə müvafiq qurumların verilmiş qanunazidd qərarlarının icrasını dayandırmaq və ləğv etmək barədə məhkəmə iddiasi qaldırmaq hüququ vardır. Həmçinin, təyinatına zidd istifadə hallarında torpağın istifadəçidən geri alınması barədə tədbirlər görülür. İnzibati xəta törətmiş şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.
Forumda komitənin torpaq bazarının təşkili sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, torpaq bazarı torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi ilə bağlı yaranan hüquqi və iqtisadi münasibətləri tənzimləyir.
İşgüzar forumda torpaq münasibətlərinin tənzimlənməsində mövcud çətinliklər də müzakirə olunub. Bildirilib ki, bəzi hallarda ərazinin planlaşdırılması və tikintisi layihələrinin tələbləri, habelə yeraltı və yerüstü kommunikasiya xətlərinin mühafizə zonaları müvafiq qurumlar tərəfindən nəzərə alınmır.
Forumun yekununda komitə ilə digər əlaqəli qurumların birgə fəaliyyəti istiqamətində həyata keçiriləcək zəruri tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, komitə ilə bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaqların dövlət idarəetməsi, səmərəli istifadə və nəzarət, torpaq bazarının təşkili sahəsinə öz töhfəsini verəcək. Effektiv idarəetmə metodlarının və müasir yanaşmaların kompleks tətbiqinə müsbət təsir göstərəcək.

M.MİRZƏ,

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın