Azərbaycanda bəzi yazıçı və şairlərin, maarifçilərin çətin ömür yolundan xəbərdarıq.
Zaman-zaman yazdıqlarına görə təqib olunan, sosial-ictimai, maddi-mənəvi problemlər içərisində boğulan və buna rəğmən ədəbiyyatımıza da qatqıda bulunan söz adamları işsiz qalıb və ya az əməkhaqqı ilə güzəranlarını keçiriblər. Elə o səbəbdən xalqımızda “yazıçı, şair kasıb olmalıdır” fikri formalaşıb.
Amma ta qədimdən yazıçıların zadəgan təbəqədən olduğunu unutmuşuq. İstər Aristotel, istər Platon, istərsə də lap günümüzün adamı Orxan Pamuk olsun.
Sözsüz ki, bütün zamanlarda zəngin və kasıb təbəqədən yazıçılar olub. Biz isə az qala kasıblığı şair və yazıçıların alın yazısına çevirmək istəyirik. Elə bu səbəbdən də hansısa yaxşı güzəran keçirən şair və yazıçların sənətinə də şübhəylə yanaşılır, sanki şairi, yazıçını onun şəxsi ağrı-acısına, kasıblığına görə sevirik, onların daha yaxşı yazacağına inanırıq. Amma məişət qayğılarından kənara çıxmayan yazıçının kitabını biz ən yaxşı halda ildə bir neçə dəfə təşkil olunan hansısa kitab sərgisindəki piştaxta üstündə görə bilərik.
İllərlə sosial şəbəkədə maddi problemlərini dilə gətirən yazıçılar yazdıqlarını çap edə bilmək üçün banklardan kredit götürə bilmirlər, ya dost-tanışdan borc alırlar, ya da nəşriyyata borclu qaldıqlarını deyirlər. Bu, yazıçıların yaza bilməməsi yox, yazı-pozu işinin əvvəldən düzgün qurulmadığının göstəricisidir. Xeyli gənc yazarın jurnalist kimi müxtəlif mətbuat orqanlarında gündəlik yaşayışını təmin etmək üçün işlədiyini görməzdən gələ bilmərik. Yazıçılara dəstək olmaq üçün ölkədə Azərbaycan Yazıçılar Birliyi (AYB) fəaliyyət göstərir. Birliyin məqsədi söz adamlarını bir araya gətirmək, onların yazılarının çapına dəstək olmaqdır.
Azərbaycan Respublikası Prezidenti 2007-ci ildə “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncam verib. Həmin ildən bir il müddətində 50 nəfər yaşlı yazıçıya 300, 20 nəfər gənc yazıçıya isə 200 manat həcmində xüsusi təqaüd verilir. Prezidentin eyni gündə imzaladığı 2024 və 2025 nömrəli sərəncamlarla Rəssamlar və Bəstəkarlar İttifaqlarının üzvlərinə də təqaüd verilir. Lakin bu təqaüdü hər yazıçı ala bilmir, çünki bunu almaq üçün AYB-nin üzvü olmaq lazımdır. Yəni ortada olan 200 və 300 manatı almaq üçün quruma üzv olub, üzv olduğun üçün də illik üzvlük haqqı verməlisən.
Ona görə də hər il AYB yazıçıların siyahısını təqdim etdikdə bu mövzu ətrafında söz-söhbət səngimir. Gərçi bu məbləğ də yazıçının həyat və fəaliyyətinə kömək ola bilməz, heç bir “ilham pərisi” bu məbləğ üçün özünə əziyyət verməz. Gənc yazıçılarla yanaşı, yaşlı yazıçıların da problem bitmir. Bəzisi əvvəllər hansısa şərtlərlə ev-eşik sahibi olub, bəzisi isə hələ də kirayə mənzillərdə yaşayır və yazmağa davam edir.
Ötən il yazıçı Əlisa Nicatın çətin şəraitdə yaşadığına dair məlumatlar sosial şəbəkədə dolaşdı. Ondan sonra yazıçıya bir neçə şəxs kömək göstərdi və AYB-dən də bildirdilər ki, yazıçıya bu il təqaüd veriləcək. Ömrünün 80-ci illərini yaşayan və azərbaycanlıların “yazıçı kasıb olmalıdır” fikrinə ömür boyu sadiq qalan yazıçı da təqaüd üçün ərizə ilə müraicət etdi. Proses yanvar ayından başlayıb və iyun ayında artıq yazıçı-filosofa təqaüdün verildiyi açıqlanıb.
Amma… Hələ XVI əsrdə yaşamış şair Məhəmməd Füzuliyə təyin edilən, amma ala bilmədiyi 9 axçanı yaxşı xatırlayarsınız. Əməyinin qarşılığını almaq üçün süründürməçilklə üzləşən şair də özünəməxsus şəkildə “şikayətlənmişdi”. Əlisa Nicat isə şikayətlənmir, yazıçı Anar Rzayevin 35 ilə yaxın rəhbərlik etdiyi AYB yazıçıya təqaüdün verildiyini, hətta təqaüdü almaq üçün ona plastik bank kartının da təqdim olunduğunu bildirir.
Amma yazıçı 3 aydır ki, həmin kartda pulun olmadığını və onun adının üstündən xətt çəkildiyini bildirir. Bir sözlə, AYB-dən dəfələrlə Cebhe.info-ya yazıçı-filosofa təqaüd təyin olunduğunu, yazıçı isə ona təqaüd verilmədiyini bildirib. Müqəssir axtarmaq fikrimiz yoxdur, axtarası olsaq, yazıçının kitabına pul verib almayan bizlər günahkar olacağıq…
Cebhe.info