Ana səhifə / Cəmiyyət / Əhməd Cavadın nəvəsi: “Babamı yazıçı dostları satıb” – VİDEO

Əhməd Cavadın nəvəsi: “Babamı yazıçı dostları satıb” – VİDEO

“Mircəfər Bağırov dəfələrlə babamın evində çörək kəsib. Axırda nə oldu? Babamı güllələdilər”

“Bunu hamı bilsin ki, himnimizin sözləri Əhməd Cavada məxsusdur”

Saytın müsahibi Azərbaycanın görkəmli şairi, ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan, 1937-ci ildə repressiyanın qurbanı olmuş Əhməd Cavadın nəvəsi Anar Axundzadədir.

– Oxucularımız bəlkə də sizin kim olduğunuzu bilmirlər. İstərdik özünüzü onlara təqdim edəsiniz.

-Mən Əhməd Cavadın nəvəsiyəm. İxtisasca Hüquqşünasam. Amma heç vaxt öz sahəm üzrə çalışmamışam. İş adamıyam. Gürcüstanda yük daşımaları ilə məşğul olan şirkətim var. Hazırda şəxşı biznesimlə məşğul oluram. Əvvəllər dövlət işində çalışmışam. Əfsuslar olsun ki, Əhməd Cavadın yaradıçılığını davam etdirə bilmədim. Çünki onun kimi xüsusi istedadım yoxdur. Bəlkə də var. Bunu axtarıb tapmaq lazımdır.

-Harada yaşayırsınız?

-Bakıda. Tez-tez Türkiyəyə gedirəm. Əhməd Cavadla bağlı mərasimlərdə iştirak etmək üçün Türkiyədən dəvətlər alıram.
2012-ci ildə Ankara şəhərində Əhməd Cavadın 120 illik yubleyi qeyd olundu. Tədbirə Azərbaycandan Yazıçılar Birliyinin sədri Anar və mən dəvət olunmuşdum.

-Ailənizdə babanızın yolunu davam edirən varmı?

– İki bacım var. Böyük bacım əvvəllər şeirlər yazırdı. Amma öz üzərində çalışmadı. Həkim oldu. Heç birimiz yaradıcılıq baxımından babamızın yolunu davam etdirmirik. Əhməd Cavadın nəticələri çoxdur. Onların da babamız kimi istedadları yoxdur.

-Neçə övladınız var?

-3 övladım var. Oğlum hələ gələn il məktəbi bitirəcək. Universitetə hazırlaşır. İqtisadiyyat və marketinq üzrə təhsil almaq istəyir. Qızlarım hələ balacadır.

-Əhməd Cavadın nəvəsi olmaq sizin üzünüzə hansı qapıları açıb?

-Bütün qapılar hər zaman üzümə açıqdır. Əhməd Cavadın doqquz nəvəsi var. Mən ən kiçik nəvəyəm. Onun 60-70 yaşılı nəvələri də var. Əhməd Cavadın nəvəsi olmaq böyük məsuliyyət deməkdir. Mənim atam tanınmış hüquqşünas idi, uzun illər prokurorluq orqanlarında çalışıb, millət vəkili olub. Bu mənim üçün iki qat məsuliyyət deməkdir.

-Bu məsuliyyəti daha çox nə zaman hiss edirsiniz?

-Hər yerdə hiss edirəm. Mən ən birinci Əhməd Cavadı fikirləşib, hərəkət edirəm. Bütün görüş və tədbirlərdə birinci Əhməd Cavadı, sonra atamı və sonda isə özümü düşüb müəyyən addımlar atıram. Heç vaxt Əhməd Cavadın nəvəsi olmağın mənfi tərəfləri ilə üzləşməmişəm. Atam vaxtlar atam Bakı Dövlətin Universitetinin hüquq fakültəsinə daxil olan zaman ona icazə verməmişdilər. Demişdilər ki, sizin atanız “xalq düşməni”dir. Halbuki, həmin vaxtlar Stalin ölmüşdü. 1937-ci ildə barələrində güllələnmə əmri verilən şəxslər bağışlanmışdı. Atam əvvəlcə Dövlət Neft Akademiyasına daxil olub. Bir ildən sonra ona hüquq fakültəsinə daxil olmaq üçün icazə veriblər. Amma mən heç vaxt belə problemlərlə qaşılaşmamışam.

-Türkiyədə Əhməd Cavada qarşı münasibət necədir?

– Həqiqətən də Türkiyədə Əhməd Cavada qarşı münasibət çox yüksək səviyyədəddir. Deyirlər ki, sən Əhməd Cavadın torunusan orada oturma, bura otur və s. Onlar çox böyük hörmətlə Əhməd Cavadı anırlar.

-Bununla bağlı yaddaşınızdan heç vaxt silinməyəcək hər hansı bir xatirəniz var?

-Bir dəfə ailəm, uşaqlarımla birlikdə Türkiyənin Antalya şəhərində dincəlirdik. Otelin meneceri ilə söhbət edirdim. Söhbət zamanı ona dedim ki, mən Əhməd Cavadın nəvəsiyəm. Həmin dəqiq dayanıb, üzümə baxdı. Çox təəccübləndi. Şad oldular. Bir gün axşam menecer mənim otağıma qalxdı. Dedi ki, patronumuza Əhməd Cavadın torunun onun otelində qaldığını söylədim. O, başqa bir şəhərdə yaşayırdı. Bunu eşidən kimi, bütün övladlarını, ailəsini başına yığıb otelə mənimlə tanış olmağa gəldi. Yaşlı və çox zəngin bir insan idi. Məni axşam yeməyinə dəvət etdilər. Biz də ailəliklə onlarla görüşüb, tanış olduq.

On gün həmin oteldə qaldım. Otel rəhbərinin böyük, lüks yaxtası vardı. Orada qaldığım müddətdə otel rəhbəri yaxtanı təmənnasız bizə vermişdi. Həmin şəxs hər gün zəng edib mənimlə maraqlanırdı. Ümumiyyətlə, Türkiyədə olan zaman çox utanıram. O qədər hörmət göstərirlər ki, bəzən diskonfort hiss edirəm.

-Bəs, Azərbaycanda sizə qarşı münasibət necədir?

-Əlbəttə, burada da bizə hörmət edirlər. Hesab edirəm ki, Əhməd Cavada ən böyük hörmət onun sözlərinin bu gün Respublikanın himni olmasıdır.

-Eşitdiyimə görə sizi babanıza bənzədirlər?

-Doğru deyirsiz, hamı məni babama oxşadır. Amma babamın bir az gözləri açıq və ağ olub.

-Əhməd Cavad sizin üçün kimdir?

-Əhməd Cavadı şair, tərcüməçi olmaqla yanaşı Azərbaycanın müstəqilliyinin qurulmasında böyük xidməti olan tarixi şəxsiyyətdir. O, Azərbaycanın müstəqilliyi üçün öz canından, qanından, ailəsindən, bir sözlə, hər şeyindən keçib. Əhməd Cavad bütün şeirlərində Vətən, toprpaqdan bəhs edib.

-Səhv etmirəmsə, sizin məktəbli olduğunuz illərdə Əhməd Cavadın şeirləri dərsliklərdə yoxdu.

-Mən rus məktəbini bitirmişəm. Hətta Azərbaycan sektorunda da Əhməd Cavadın şeirləri heç bir kitabda tədris edilmirdi. 1991-ci ildən sonra onun kitabları çap edilməyə başlandı. Sinif yoldaşlarım bilirdilər ki, mən Əhməd Cavadın nəvəsiyəm. Amma əksəriyyət onu tanımırdı. İndi onun nəticələri babalarının şeirlərini, kitblarını oxuyurlar.

-Əhməd Cavadın ən çox hansı şeirini bəyənirsiniz?

-Məncə, babamın bütün şeirlərində xalqa, vətənə bağlılıq əks olunub. Bu baxımdan onun bütün şeirləri mənə doğmadır. Ən çox “Susmaram” şeirini sevirəm. Bu şeirin belə bir tarixçəsi var. 2004-cü il idi. Dayım Gəncədən zəng vurdu ki, “Gəncə Səsi” qəzəetində bir məqalə çıxıb . O, məqaləni bizə oxudu və Bakıya göndərdi. Əhməd Cavadın bir dostu olub. Güllələnməmişdən bir-iki ay öncə Gəncə Parkında gəzərkən ona deyib ki, sənə bir şeir deyəcəyım, sən bunu əzbərlə və yaddaşında saxla. Amma hələ heç kəsə demə. Vaxt gələr mənim övladlarım, nəticələrimə çatdırarsan. Həmin kişi 2004-cü ildə yatağa düşür. Öz övladlarını yanına çağırır və o şeiri deyir. Bildirir ki, bu şeiri yazıb Əhməd Cavadın nəticələrinə çatdırsınlar. Bu həmin “Susmaram” şeiridir!

-Əhməd Cavadın ən böyük arzusu nə olub?

-1991-ci ilin payızında Milli Məclisdə Azərbaycanın Müstəqillik Aktının imzalanması zamanı atam iki- üç gün parlamendə qaldı. O, evə gəlmirdi. Müstəqiliiyin qəbul olunmasına qarşı çıxanlar çox idi. Daxildən və xaricdən təzyiqlər edilirdi. Nəhayət, akt imzalandıqdan sonra atam evə gəlib bizə dedi ki, mən Əhməd Cavadın ən böyük arzusunu yerinə yetirdim. Atam buna görə çox sevinirdi…

-Bəzən, tanınmış şəxslərin davamçıları heç də onlara layiq ola bilmirlər.

-Pis yola getmək üçün bizim ixtiyarımız yoxdur. Bu ailədən, gendən gəlir.

-Əhməd Cavad işgənclərə sınmadı. Amma onun xeyli müasiri sındı, xilas oldu və artdılar. Çoxaldılar. Sizcə bu genefondumuza necə təsir edir?

-Əlbəttə, pis təsir edir

-Əhməd Cavadın düşmənləri kimlər idi? Yaxud Əhməd Cavadı kimlər satdılar?

– Əhməd Cavadı yazıçı dostları, Yazıçılar İfftiqanın üzvləri satdılar. Ayrı heç kim! Əhməd Cavadı üç dəfə həbs ediblər. Hər dəfə onun evdə olan bütün əlyazmalarını götürüb aparıblar. Babamın neçə-neçə şeirlərinı başqaları öz adına çıxdı. Atam bizə deyirdi ki, siz onlara heç nə etməyin. Mircəfər Bağırov mənim babamla Qubada kənddə eyni məktəbdə müəllimlik edib. Babamın evində çörək yeyib. Nənəm həmişə onun üçün süfrə açarıb. Axırda nə oldu. Güllələdilər!

-Babanızı satanların yaxınları, nəvələri ilə görüşəndə hansı hissləri keçirirsiniz?

-Heç bir hiss keçirmirəm. Babamı satanların nəticələrinin heç bir günahı yoxdur. Onlar babalarının etdiklərinə görə günahkar deyillər. Səməd Vurğunun oğlu mənim atamla tanış olub, neçə illər bir yerdə millət vəkili işləyiblər. Atam bu barədə heç vaxt danışmazdı. Hətta nənəm, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım o qədər əziyyətdən sonra bir dəfə də olsun pis günlərini yadına salmırdı. Ancaq yaxşı günlərindən danışırdı. Bir dəfə Qazaxıstanda sürgündə olan nənəmgilin haqqında film çəkmişdilər. Çəkiş rayonda aparılırdı. Mən də rayona nənəmgilə getmişdim. Nənəm həmin vaxt əsəbləşmişdi.

-Şükriyyə xanımın çox əzablı günlər yaşayıb. Bu, bir qadın üçün dözülməz həyatdır.

-Əhməd Cavad və Şükriyyə xanım əsl məhəbbət hekayəsidir. Şükriyyə xanım əzablı günlərindən heç vaxt bizə danışmazdı. Həmişə xoş günlərini, Əhməd Cavadla teatra getməsindən danışardı. Biz onun ağrılı həyat yolu barədə ancaq kitablardan məlumat toplamışıq.
Əhməd Cavadı 1937-ci ildə sonuncu dəfə həbs edən zaman Şükriyyə xanımı da KQB-yə dəvət ediblər. Deyiblər ki, ərizə yazıb Əhməd Cavaddan boşanmalısan. O isə deyib ki, mən vaxtında Əhməd Cavada görə öz ata, anamdan imtina etmişəm. İndi siz deyirsiniz ki, mən öz övladlarıma görə Əhməd Cavaddan imtina edim? Bilirəm ki, siz onu güllələyəcəksiniz. Mənim boşanma ərizəm ona sizin güllənizdən daha ağır olar. Bu, mənim üçün ən dəhşətli məqamdır. Nənəm 10 il Qazaxıstana sürgün edilib. Ancaq səkkiz ildən sonra ölkəyə geri qayıda bilib.

-Nənənizin sürgündə olması ilə bağlı xeyli yazılar dərc olunub. Deyilənə görə, Şükriyyə xanım Qazaxıstanda sürgündə olarkən adını təmiz saxlamaq üçün öz paltarını çirkaba bulaşdırırmış ki, heç kəs ona yaxın gəlməsin.

-Mən özüm də belə yazıları intenetdə, “Facebook”da görmüşəm. Bizdə bu barədə heç bir məlumat yoxdur. Heç bilmirik ki, bu məlumatları onlara kim danışıb, haradan əldə ediblər. Biz bunu dəqiq bilmirik.

-Şükriyyə xanımın son günləri yadınızdadırmı?

-Əfsuslar olsun ki, yaşım çox az olduğu üçün onunla ünsiyyətdə çox ola bilmədim. Son günləri yadımdadır. Həmin vaxtlar o, artıq yaşa dolmuşdu. Çox adamı tanımırdı. Keçmişdə olanların hamısı yadında idi. Amma son zaman olan hadisələr yadında qalmırdı. Məni hərdən tanıyırdı, hərdən yox. Nənəm ömrünün son günlərində Şəmkirdə qalırdı. Biz tez-tez onu ziyarət edirdik. Sürgündən qayıtdıqdan sonra nənəm çox əziyyələr çəkdi. Bakıda yaşamağa ona icazə verilmədi. Ona görə Şəmkirə yaşamağa məcbur oldu. Hətta nənəm xəstə vaxtı Bakıya gələn kimi sahə müvəkkili gəlib bildirirdi ki, siz təcili geri qayıtmalısınız. Qanunlara əsasən sürgündən qayıdanlara Bakıda yaşamaq üçün icazə verilmirdi.
Nənəm dünyasını dəyişən gün biz Bakıda idik. Kənddən yenicə qayıtmışdıq. Atam kənddə qalmışdı. Gecə zəng gəldi ki, artıq nənəniz dünyasını dəyişib.

-İnsanların ona qarşı münasibəti necə idi?

-Çox yaxşı idi. Şükriyyə xanım həbs olunan zaman mənim atam yaş yarımlıq olub. Əmilərimi uşaq kalonuna göndəriblər. O vaxtlar Seyfəli kəndində olan qohumlarımız atama sahib çıxıblar. Atam on yaşına kimi kənddəki qohumların yanında qalıb.

– Atanızın vaxtilə millət vəkili olduğunu bildirdiniz. Yəqin ki, bu posta gəlib çıxmaq ona heç də asan başa gəlməyib.

-Atam da çox çətinliklər görüb.. On yaşına qədər anasız qalıb. Atam həmişə deyərdi ki, mən Azərbaycanda ən az yaşlı məhbus olmuşam. O, yaş yarım olan zaman anası ilə birlikdə bir neçə gün həbsə salınıb. Bütün bu əzablara baxmayaraq atam ölkə miqyasında tanınan insan oldu. Bu gün mən babam və atamın çörəyini yeyirəm. Nəinki, mən, bütün qohumlarımız! Oğluma Yılmaz – atamın adını qoymuşam. Atam həmin vaxt həyatda idi. Bunu ona sürpriz etmişdim. Cavad adını isə əmim nəvələri daşıyır. Atam o vaxt bizə dedi ki, onların həyatı çox ağır olub, ona görə də istəmirəm ki, uşaqlar bizim adımızı daşısın.

-Nədənsə, mətbuatda Dövlət Himnimizin sözlərinin Əhməd Cavada məxsus olmaması ilə bağlı fikirlər səsləndirilir. Bu haqda nə deyə bilərsiniz?

-Bəzi adamlar bunu mövzu kimi qaldırırlar. Bunu hamı bilsin ki, himnimizin sözləri Əhməd Cavada məxsusdur. Mən buna əminəm. Bunu hər kəs bilir. Camo bəy Əhməd Cavadla birlikdə universitetdə dərs deyib. Camo bəy şair olmayıb. Səhv etmirəmsə, bioloq olub. O vaxt müsabiqə keçiriblər. Şairlər gizli formada həmin musabiqərə öz şeirlərini göndəriblər. Əhməd Cavad şeirinə CAMO imzası qoyub. Yəni ki, Cavad Axundzadə Məhəmmədəli oğludur. Kimsə bilərəkdən bu məsələni mətbuatda qaldırır. Mən buna ciddi yanaşmıram. Biz bu söz-söhbətlərə fikir vermirik.

-Müasir şairlərdən kimləri bəyənirsiniz?

– İndiki şairlərlə tanışlığım yoxdur. Bəxtiyar Vahabzadənin şeirərini çox bəyənirəm. Səməd Vurğunun da gözəl şeirləri var.

-Sizcə, əsl şair necə olmalıdır?

-Mənim düşüncəmə görə, əsl şair elə mənim babam Əhməd Cavad kimi olmalıdır.

-Hazırda Əhməd Cavadın neçə nəvə-nəticəsi var?

-Doqquz nəvəsi var. Amma nəticələrinin sayını dəqiq bilmirəm. Təxminən 16-20 arası ola bilər.

-Dövlət səviyyəsində babanıza qarşı münasibətdən razısınızmı?

-Əlbəttə, razıyıq. Şəmkirdə onun möhtəşəm heykəli ucaldılıb. Çox istərdim ki, Bakıda da babamın heykəli olsun. Çünki babamı güllələyiblər. Bu günə qədər onun harada dəfn olunduğunu bilmirik. Atam deyirdi ki, onun bir heykəli olsaydı, ziyarət edərdik. Təəssüf ki, atam babamın Şəmkirdəki heykəli görə bilmədi.

-Bildiyimizə görə, Əhməd Cavadın sonradan bəzi şeirləri tapılıb.

-Bəli, babamın ölümündən sonra bir çox şeirləri tapıldı. Biz onları toplayıb kitab kimi çıxarmaq istəyirik. “Susmaram” şeiri də bura daxildir. Həmin şeir 2004-cü ildə tapıldığına görə kitablarda yoxdur.

Əhməd Cavadın məzarının harada olması haqda maraqlanmısınızmı?

-O vaxtlar insanları Nargin adasında güllələyiblər. Amma indi babamın harada güllələnməsi, harada dəfn olunması haqda heç bir sənəd yoxdur. Arxivdə Əhməd Cavadla bağlı olan bütün sənədləri oxumuşuq. Amma məzarının yeri bilinmir. Atam babamın məzarının olmamasına görə çox pis olurdu. Həmişə atasından danışılan zaman gözləri dolurdu.

-Sonda Əhməd Cavadın nəvəsi olaraq oxucularımıza nə demək istəyərdiniz?

-İstərdim ki, gənclərimiz vətənpərvər, millətini, xalqını sevən olsunlar. Yaxşı təhsil alsınlar, pis yollardan çəkinsinlər.
Əhməd Cavad poeziyasına dəyər verən hər kəsə öz minnətdarlığımızı bildiririk. (AzVision.az)

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın