Ana səhifə / Cəmiyyət / Əflatun Amaşovdan sərt etiraz

Əflatun Amaşovdan sərt etiraz

“Yaxşı, biz indi nəyə xidmət etmiş olduq?”

Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədəki səhifəsində  maraqlı bir status paylaşıb. Yeni dərs ilinin başlanması ilə bağlı müşahidələrini bölüşən MŞ sədri eyni zamanda media nümayəndələrini bir məsələdə ciddi qınayıb. 
Ə.Amaşov medianın bəzi hadisələr zamanı tutmalı olduğu mövqeni təhlil edib. Statusa diqqət: “Əlbəttə, media baş verənləri oxuculara, tamaşaçı və dinləyicilərə çatdırmaq məsuliyyətinə mükəlləfdir və çatdırır da. Zaman-zaman bu mühitin yaranmasını arzulamış, uğrunda mübarizə aparmışıq. Mütərəqqi media ictimaiyyəti peşəkarlıq uğrunda da mücadilə verib. Nailiyyətlərimiz olub. Peşəkarlıq baxımdan bir çox vərdişlərə yiyələnmişik. Bu baxımdan prinsipiallıq, etik dəyərlərə sayğılı yanaşma və sair məqamlardan söz aça bilərik. Ancaq düşünürəm ki, mövcud istiqamətdə ümumiləşdirmə aparsaq, çox güman bir cəhət üzərində xüsusi dayanacağıq. Böyük hərflə yazım: HƏSSASLIQ.
Məncə, jurnalist ətrafda baş verənlərə münasibətdə həssas olursa, demək ki, öz işinin peşəkarıdır. Azərbaycan mediasında da peşəkarlar kifayət qədər var. Yəni indi deyəcəklərim heç də elə anlaşılmasın ki, kimlərisə qeyri-peşəkarlıqda qınayıram. Belə bir niyyətim yoxdur. Sadəcə son günlər məni narahat edən bir məsələ ilə bağlı çağırış etmək niyyətindəyəm.
Bir çoxlarınız, eləcə də bir çoxlarının yaxınları, doğmaları və əzizləri 15 sentyabr ilk dərs gününün sevincini yaşadı. Diqqət yetirdim, neçə-neçə jurnalist də övladının məktəbə qədəm qoymasının sevincli anlarını paylaşdı. Hər birini təbrik edirəm. Arzum budur ki, övladlarının xoş günləri çox olsun”.
MŞ sədri daha sonra onu narahat edən məqamın üzərinə gəlib: “Ancaq bu günlərdə yayılmış və deyərdim ki, daha çox yayılmış bir xəbərin üzüntüsünü də yaşadıq. Söhbət dərsə getmək üçün çantasının və geyiminin olmadığı bildirilən məktəblinin intiharından gedir. Əlbəttə, böyük dərddir. Ümumən uşaq ölümü böyük faciədir və hadisənin sosial-psixoloji tərəflərinə diqqət yetirmək lazımdır. Bir qədər öncə haqqında söz açdığım həssaslıq mütləqdir.
Nəzərə alaq ki, bu ölkədə uşaqlar, bu halda 12 yaşlı uşaqlar çoxdur. Onların hamısının hansısa səbəbdənsə intihar yolunu seçəcəyini düşünmək mümkünsüzdür. Ancaq internetin və sosial şəbəkələrin geniş vüsət aldığı hazırkı şəraitdə həmin uşaqların əksəriyyəti həmyaşıdlarının atdığı addımdan xəbərdar oldular. Və bir anlığa medianın, xüsusən də internet üzərində yayımlanan kütləvi informasiya vasitələrinin tirajladığı xəbərin təsirinə düşənlərin ola biləcəyini də düşünək. O zaman biz intihar xəbərinə geniş yer ayırmaqla nəyə xidmət etmiş olduq? Sanki intiharı stimullaşdırdıq, problemlərin həlli yolunu intiharda görən toplum formalaşdırdıq. Bunları düşünəcək qədər həssas ola bilməməyimiz təəssüf doğurur”.
musavat.com

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın