Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Əflatun Amaşov Rövşən Lənkəranskidən yazdı – “Ümumən cavabım TƏƏSSÜFDÜR”

Əflatun Amaşov Rövşən Lənkəranskidən yazdı – “Ümumən cavabım TƏƏSSÜFDÜR”

Mətbuat Şurasının sədri Əflatun Amaşov medianın gündəmini tutmuş “Rövşən Lənkəranski hadisəsi” barədə fikirlərini yazaraq sosial şəbəkədəki səhifəsində paylaşıb. Azinforum.az  Mətbuat Şurası sədrinin statusunu oxuculara təqdim edir.

***

“Jurnalistlərimiz Mətbuat Şurasının sədri kimi məndən soruşurlar: Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətli ilə bağlı məsələ Azərbaycan mediasına necə təsir göstərdi? Baxıram, öz baxışını ifadə edən həmkarlarım az deyil. Həqiqətən sözügedən hadisə mediamıza təsirsiz ötüşmədi.

Rövşən Lənkəranski kimdir? Əlbəttə, baxışlar müxtəlif ola bilər. Kimin üçünsə qəhrəman, kimin üçünsə də quldur. Mərhumun qorxmaz, Rusiyadakı azərbaycanlıların arxa-dayağı olduğunu vurğulayıb onun ölümündən məyusluq hissi keçirənlərə daha çox təsadüf edilir. Ümumən hər kəs öz düşüncəsində haqlıdır.

Yaxın tariximizin müxtəlif dövrlərinə nəzər salsaq, görərik ki, Rövşən Lənkəranski kimi adamlar çox olub. Zaman keçdikcə barələrində kitablar yazılıb, müəyyən bədii əsərlərdə prototipləri canlandırılıb.

Bu adamlar nə istəyiblər? Klassik anlamda götürsək, haqq və ədalət. Yəni bəşəriyyətin ta yaranışından bu yana istədiyini və əldə edə bilmədiyini. Sadəcə onları fərqli edən ədalət anlayışına yanaşmalarıdır və onları caniyə, cinayətkara çevirən də elə budur. Hər halda razılaşarsınız ki, ədalət axtarışında olan insanın cinayətkara çevrilməsi də ədalətin təntənəsi deyildir. Yəni mütərəqqi ictimaiyyət olaraq bizlər hər kəsin nisbi anlayış olan ədaləti öz düşüncəsinə uyğun olaraq fərdi şəkildə bərpa edəcəyi cəmiyyəti arzulamırıq. Loru desək, heç birimiz övladımızın Rövşən Lənkəranskinin dünyasında olmasını istəmirik. Hətta bilsək ki, həmin dünyada haqq-ədalət ən ali səviyyədədir, yenə də bu cür perspektivi ağlımızdan keçirmirik. Çünki təbiətcə başqa insanlarıq. Belədə cəmiyyətə verdiyimiz mesaj nədir? «Rövşən Lənkəranskinin qəbir yeri hazırlandı», «Rövşən Lənkəranskinin dəfni başladı»… kimi bəsit təqdimatlarla cəmiyyəti kökləməyimiz nə üçündür? Onların mərdliklərini, qorxmazlıqlarını, qətiyyətlərini şübhələndirmək niyyətindən uzağam. Biz də gənclərimizə qorxmazlığı, mərdliyi aşılamalıyıq. Ancaq istəyirikmi ki, övladlarımızın bu keyfiyyəti özünün ifadə plasdarmını Rövşən Lənkəranski və onun kimi insanların mövcud olduğu dünyada tapsın?

Mən demirəm ki, bu sayaq məsələlərə jurnalist marağı olmamalıdır. Jurnalistika cəmiyyəti köklədiyi, formalaşdırdığı kimi, cəmiyyətin ruhunu da duymağı bacarmalıdır. Ancaq bu zaman İCTİMAİ ƏHƏMİYYƏTLİLİK amilini nəzərə almalıdır. Soruşursunuz ki, Rövşər Lənkəranskinin qətli ilə bağlı məsələ mediamıza necə təsir göstərdi? Yuxarıda fikirlərimi bildirdim. Ümumən cavabım TƏƏSSÜFDÜR”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın