Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirilib

Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiya keçiriblər.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Aksiya iştirakçıları həbsxanada aclıq edən AXCP Salyan şöbəsinin sədri Zamin Salayevə azadlıq tələb ediblər.
Qeyd edək ki, Zamin Salayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsində 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda iddia olunur ki, Zamin Salayev fevralın 7-nə keçən gecə saat 1 radələrində “Lökbatan dairəsi” adlanan yerdə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirdiyinə görə saxlanılıb.
AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.
Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.
Zamin Salayev bir müddət öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …