Cümə , Noyabr 22 2019
Ana səhifə / Cəmiyyət / Əbülfəs Qarayevin işə götürdüyü müəlliməni direktor aldadıb işdən qovdu

Əbülfəs Qarayevin işə götürdüyü müəlliməni direktor aldadıb işdən qovdu

13 saylı Uşaq Musiqi Məktəbində qalmaqal

 

Artıq bir neçə aydır Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Səid Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbində qalmaqal yaşanır. Bununla bağlı daxil olan məlumata görə, məsələ hətta məhkəmə səviyyəsinə qədər qalxıb. Əldə etdiyimiz xəbərdə bildirilir ki, hər şey ötən ilin sonlarında məktəbə yeni direktorun təyin edilməsindən sonra başlayıb.

Belə ki, Tofiq Salmanov musiqi məktəbinə rəhbərlik səlahiyyətinin icrasına başladıqdan sonra yeni direktorla keçmiş işçisi Könül Fərəcova arasında qarşıdurma yaranıb. Müəllim kimi 2009-cu ildən çalışdığını deyən Könül Fərəcova açıqlamasında məlumatları təsdiqlədi. Bildirdi ki, onun işə düzəlməsi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sayəsində olub: “Müslüm Maqomayevlə bağlı anım tədbirlərindən birində işlə təmin edilmək üçün cənab nazirə müraciət etdim. Belə ki, ona məktub verdim. Bir neçə gündən sonra nazirlikdən işə qəbulumla bağlı mənə bildiriş gəldi. Cavab məktubunda yazılmışdı ki, gedin bu məktəbdə işləyin”. Qadın beləcə, 2012-ci ildən həmin məktəbdə işləməyə başlayır: “Həmin vaxt direktor Mübariz Quliyev idi. Çalışdığım illər ərzində iş yerində heç bir problemlə qarşılaşmadım. 2014-cü ilin dekabrında məktəbin direktoru vəzifəsinə Tofiq Salmanov təyin edildi. Bir gün iclas çağırdı. Müəllimlərlə tanışlıqdan sonra mənə filarmoniyada keçirilən konsertə getməyi tapşırdı. Dedim ki, Tofiq müəllim, xəstəyəm, müalicə olunuram. Ona görə konsertə gedə bilməyəcəm. Direktor hirsli-hirsli dedi ki, əgər bu gün konsertə getməsən, səni işdən çıxartdıracam”. Könül Fərəcovanın sözlərinə görə, həmin hadisədən bir həftə sonra direktor müəlliməni yanına çağırtdırıb. Onun iki yerdə işləməsini əsas gətirərək, işdən azad etdiyini bildirir: “Mənə dedi ki, iki yerdə işləyirsən. Ərizəni yaz və işdən çıx. Əks təqdirdə sənlə bağlı prokurorluğa müraciət edəcəm. Əslində isə mənim işdən azad edilməyim konsertə getməməyimlə bağlı idi. Çünki direktor bu haqda məni xəbərdar etmişdi. Əsl səbəb keçən dərs ilindən başlayaraq direktorun qərəzli movqeyi ilə bağlı idi”. İşdən çıxarılan qadın bununla bağlı hüqüqşünasla məsləhətləşdikdə, vəkili belə bir qanunun qüvvədə olmadığını ona deyir: “Xətai Rayon Məhkəməsinə müraciət edərək, direktorun məni qanunsuz olaraq işdən kənarlaşdırmasından şikayətləndim. Bildirdim ki, direktor məni işdən çıxmağa məcbur edib və hədə-qorxu gəlib. Məhkəmə prosesi başlayar-başlamaz Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən mənə dedilər ki, gedin şikayət ərizənizi geri götürün. Direktor yanvardan sizi yenidən işə bərpa edəcək”. 2015-ci ilin 5 yanvarında direktor tərəfindən işə bərpa edilən Könül Fərəcovaya Xətai Rayon Məhkəməsindən ona məhkəməyə hazırlıq prosesinin başlaması haqda məktub göndərilir: “Məktəbə bərpa olunduğuma görə, gedib şikayət ərizəmi geri götürdüm. Tofiq müəllim məni işə bərpa etsə də, dərs saatımı azaltdı. Bunu məni işə əvəzedici kimi götürməsi ilə əsaslandırdı”. Direktorun ona qarşı mövqeyinə əhəmiyyət verməyən müəllimə martın 13-ə qədər məktəbdə işləyir: “Martın 13-də analıq məzuniyyətinə çıxdım. Bununla bağlı müvafiq sənədləri təqdim etdim. İyulun əvvəllərində mənə bildirdilər ki, əgər qayıdıb işləyəcəmsə, gərək bu barədə məktəbin rəhbərliyinə müraciət edim. İyulda məktəbə gedərək, işə qayıdacağım barədə onları məlumatlandırdım ki, yerimə başqasını götürməsinlər”. Onun sözlərinə görə, direktor Könül Fərəcova ilə çox pis rəftar edib: “Dedi, sənə veriləsi işim yoxdur”. Katibəsinə tapşırdı ki, qapını bağla və bu müəlliməni içəri buraxma”. Bu hal bir neçə gün əvvəl yenidən təkrarlanır: “Sentyabrın əvvəllərində məktəbə gəldim. Tofiq müəllim dedi ki, mənim sizə veriləcək işim yoxdur. Gedin və bir də bu məktəbə ayaq basmayın. O məni işdən çıxarmasını guya əvəzedicilik işinin ləğvi ilə əsaslandırmağa çalışır. Amma əslində belə deyil.

Tanış həmkarlarımdan soruşduqda məktəblərdə əvəzedici müəllimlərin heç birinin işdən çıxarılmadığını öyrəndim. Əvəzedicilik işinin ləğvi təkcə Tofiq müəllimin rəhbəri olduğu məktəbə aid deyil ki? Üstəlik məlum oldu ki, yeni tədris ilində bir əvəzedici müəllimi işə götürüblər. Məndən başqa heç kim əvəzedicilik işindən kənarlaşdırılmayıb. Məhkəmə söhbətindən sonra o, mənimlə başqa cür rəftar etməyə başladı. Dedi ki, indiyə qədər məni məhkəməyə verən olmamışdı. Üzləşdiyim haqsızlıqlarla əlaqədar müvafiq qurumlara rəsmi müraciət etmişəm. Xahiş etdim ki, məsələni araşdırsınlar”. Səid Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tofiq Salmanov da Könül Fərəcovanın söylədiklərini təsdiq etdi: “Fevralda onu müqavilə ilə işə götürmüşəm. İyunda da müqavilənin müddəti başa çatıb. O, ərizə yazdı ki, məni işdən azad edin. Bunun da səbəbini bilir. Mən də Könül Fərəcovanı işdən azad etdim. Əgər hər hansı narazılığı varsa, məhkəməyə müraciət edə bilər”.

gundelikbaku.com

Həmçinin oxuyun

“Qız qaçırana 10 il, adam öldürənə 15 il?” – Qısqanc ərinin bıçaqladığı Gülnar 12 gün sonra ölüb

Qeyri-rəsmi rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməyə cəhddə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına …

Bir cavab yazın