Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Toylarda yeni dəb – dəhşətin o biri üzü

Toylarda yeni dəb – dəhşətin o biri üzü

Bir neçə il bundan öncə Parisdə bir dostumuzun toyunda iştirak etmişdim. Toy olduqca şıq, amma bir o qədər də sadə bir gəmidə, təxminən 100 nəfərin iştirakı ilə baş tutmuşdu. Bir neçə çeşid yemək, İsveç masası, xəfif musiqi, ardınca Azərbaycan rəqs havaları, diskoteka. Ömrüm boyu heç bir toyda o qədər əylənməmişdim… desəm, mübaliğə etmərəm. İnanın, yemək desən, yemək, əyləncə desən əyləncə… Amma dozasında. Tədbirdə azərbaycanlılar da vardı, əcnəbilər də. Hamısı da şən, əyləncəli, pozitiv…

Şair demiş, bir dön bizim Bakıya bax. Az qala hər həftə sonumuz toyda keçir. Qohumların, dostların şən günündə iştirak etməyə o qədər həvəsli oluruq ki. Onun yanında bulunaq, sevincinə şərik olaq, əylənək. Amma di gəl ki, yemək masaları… Hamımızın qorxulu röyası olub. Masaya baxırsan, padşah saraylarındakı ziyafət süfrələrini xatırladır. Bir quş südü əskikdi deyə düşünürsən. Amma necə qorxa-qorxa əl uzadırıq. Ofisiant başımızın üstündə dayanıb, yeməkləri təklif etdikcə necə qorxunc ifadələr yaranır üzümüzdə… “Yox, sən Allah…”, “Sən canın, uzaq elə” deyib həşirə düşürük, beynimizdən min cür ssenari, qorxulu səhnələr keçir. Bu salat neçə günündür? Bu kolbasalar nə ətindən hazırlanıb? Lüləyə yaxın durmayaq, nə bilirik içində nədir? Toyuq soyutmasımı? Aman, aman, Allah qorusun. Kim bilir, neçə gün saxlanıb soyuducuda.
Sanki toya gəlməmişik. Bir qarın yemək yeməyəcəyik sanki. Atom parçalayırmış kimi üz ifadəsi olur hamımızda. Təhlillər, müzakirələr, “yeyək, yeməyək” dilemması. Bunları yeyəndən sonra mədəmiz bizə necə cavab verəcək, başımızın ağrısı qalxacaqmı deyə neçə sualın əlində əsir-yesir oluruq. Halbuki binəva ev sahibi 40-50 manatlıq masa sifariş edərək, toyxana sahibinə nə qədər borclanır. Qonaqlarım razı getsin deyə necə dəridən-qabıqdan çıxır. Nəticədə qonaq da narazı, ev sahibi də ziyanlı. Əsas restoran sahibi qazanır.
Axı bu işin çox sadə bir çözümü var. Bu, heç kimə sirr deyil. Birincisi, kompleksləri bir kənara atıb, bu dəbdəbəli şadlıq sarayı azarından qurtulmaq lazımdır. Gözəl banket zallarında, daha kiçik heyətlərlə toy-büsat təşkil etmək ən gözəlidir. İki-üç cür yemək, İsveç masası, gözəl şirniyyatlar və bitdi…. Qulaqbatıran musiqiyə yox, kəmiyyəti keyfiyyətini üstələyən, insanları qorxudan, mədəsini sıradan çıxaran, zəhərləyən yeməklərə yox… Sadəliyə, keyfiyyətə, qənaətə hə. Axı bu, o qədər də çətin deyil. İctimai sektordan tanıdığım bir neçə dostumuz o cür məclis təşkil edib, hələ də dadı damaqlardan getməyib, hamı da o haqda danışır. Yeyilməyəcək yeməklərə görə borca düşmək, insanları bezdirən səs-küylü auraya görə hər iki dəqiqədən bir foyeyə qaçmağın adı nə vaxtdan əyləncə olub? İnanın ki, hər şeyi dəbə salmaq bizim əlimizdədir. Necə olur ki, 5 il əvvələ qədər evlərdə, yaxın qohumlarla keçirilən xına mərasimlərini indi 5-6 min manatlıq restoran mərasimlərinə çeviririk? Dəbdisə, ucuz mərasimi də dəbə çevirək də.
Dostumuz, iqtisadçı ekspert Qadir İbrahimlinin həmin mövzuda bu gün yazdığı bir status isə insanı daha dərin düşüncələrə qərq edir. Dostumuz yazır: “Toyda dostumla siqaret çəkmək üçün foyeyə çıxdıq. Qayıdanda bizim stolda oturanların hamısı rəqs edirdi və rəqsə meylli olmadığımdan keçib yerimdə oturdum. Tanımadığım bir gənc (25-30 yaş arası) bizim stolda, mənimlə yanaşı oturub yemək yeyirdi. Dedim yəqin toy iştirakçılarındandır, yer tapa bilməyib oturub. Davranışlarından mədəni gəncə oxşayırdı, ancaq aclıqdan çıxanlar kimi yeyirdi, hiss olunurdu ki, uzun müddət doyunca qidalanmayıb. Rəqs bitəndən sonra uşaqlar qayıtdılar. O da durub, yerini yerin sahibinə vermək istədi. Ancaq yerin sahibi razı olmadı, keçib başqa yerdə oturdu. Nə isə gənc doyub qurtarandan sonra toyu tərk etdi. Uşaqlardan biri izləyirmiş gənci, çıxanda ardınca çıxdı və qayıdanda dedi ki, gənc nəmər yazdırmadan çıxıb getdi. Yəni toy iştirakçısı deyilmiş, sadəcə qidalanmaq üçün gəlibmiş. Dostlar bir az narazılıq etdilər. Onları sakitləşdirdim ki, faciə baş verməyib, adam acından ölməli deyildi ki? 200 nəfərlik toyun yeməkləri ilə ən azı 600 nəfəri doydurmaq olar. Onsuz da qalan yeməklər restoran sahibinə qalır və o da növbəti müştəriyə satıb 2 qat qazanır. Ondansa belə adamların gəlib yeməsi məsləhətdir, vacibdir və savabdır…”
Bax belə. Əslində bəlkə də çözüm yolu budur. İsraf əvəzinə, ehtiyacı olanların doyması. O gəncin hərəkətini kimsə müftəxorluq adlandıra bilər. Amma bu, bir tələb-təklif mexanizmidir. Bəli, toyxana sahibinin haqsız qazancındansa, imkansız birinin haqsız qidalanması daha ədalətlidir. Bu, azərbaycansayağı ədalətdir və mən onu alqışlayıram.

Sevinc Telmanqızı

 

Həmçinin oxuyun

Atəşkəs rejimi 22 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Azinforum.az Müdafiə …

Bir cavab yazın