Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Toy müğənnisinin milyonerə çevrilməsi… – Cəlil CAVANŞİR

Toy müğənnisinin milyonerə çevrilməsi… – Cəlil CAVANŞİR

Allahım, lütfi-kərəmin xatirinə bu xalqı manıslarla sınağa çəkmə!

***
Ötən əsrin əvvəllərində Bakıda xanəndə Seyid Mirbabayevi tanımayan yox idi. Mərsiyəxan ailəsində doğulan Mir Tağı əvvəlcə ailə ənənəsini davam etdirib mərsiyaxanlıq edir, sonra el şənliklərində xanəndə kimi şöhrət qazanır, Mir Tağı xanəndə Seyid Mirbabayevə çevrilir. 1906-cı ildə “Qrammofon” şirkəti Seyidi Riqaya, ifa etdiyi məşhur “Segah”ı vala yazmaq üçün dəvət edir. O vaxtlar bu hər xanəndəyə nəsib olan xoşbəxtlik deyildi.

***
Seyidin səsi yazılan vallar əldən-ələ gəzib ona böyük məşhurluq qazandırmışdı…
Varlılar bir-birinin bəhsinə onu məclislərə dəvət edər, qızılları başından ovuc-ovuc tökərmişlər.
Seyid səsi ilə böyük şöhrət qazanıb, neft bumundan sərməst olan xalqın sevimlisinə çevrilibmiş.

***
Bakı toylarının birində – tanınmış əsilzadə Şıx Balayevin oğlunun toyunda, bəyin dayısı bəyin əmisinin bəhsinə yenicə qazdırdığı neft quyusunu Seyidə xələt verir.
Toy bitməmiş neft quyusu fontan vurur.
Xanəndə neftxudaya çevrilir.

***
Neft pulları Seyid Xanbabayevi çox dəyişir.
Vaxtilə Riqada “Qrammofon” şirkətinin təşəbbüsü ilə vala yazılan məşhur ifasını – “Segah” valını əsilzadələrdən baha qiymətə alıb, məhv etməyə başlayır.
Toylarda xanəndəlik etməsindən utanır, keçmişini xatırlayanda əzab çəkir.
Onu toylara dəvət edən insanlardan uzaq qaçmağa, milyonçularla oturub-durmağa başlayır.
Xalqdan uzaq düşür.

***
Sovet işğalından sonra bir çox neftxuda kimi Parisə qaçan Mirbabayev 9 ilin içində müflisləşir.
Milyonçudan səfilə çevrilir.
Məşhur “Segah”ın yazıldığı valı “Patterqrammofon” şirkətinə satmaq istəyəndə val təsadüf nəticəsində qırılır.
Seyid son şansını da itirdiyini anlayıb yerə çökür, hönkür-hönkür ağlayır.

***
Deyilənə görə, pulun dəyişdirdiyi, özgələşdiriyi Seyidi yenə bu xalqın nümayəndəsi, milyonçu Teymur bəy Aşurbəyov xilas edir.
Teymur bəy səfil milyonçunu Parisin girdabından xilas edib özüylə Tehrana aparır.
Keçmiş milyonçu ömrünün sonuna qədər Tehranda bakılıların toplaşdığı çayxanada xanəndəlik edir.

***
Bu xalq çoxlarına səfalətdən xilas olmaq, şöhrət qazanmaq şansını verib.
Biri elə Nadir Qafarzadə.
Çoxları bilir ki, Nadir Qafarzadə çox uzaq olmayan keçmişdə rayon toylarında bəy tərifi deyən sadə, kasıb bir manıs imiş.
Neft bumu sayəsində ölkəyə böyük pullar axdı, qəfil varlananların hesabına manıs tayfası da şöhrətə, sərvətə sahib oldu.
Bu xalqın səxavəti sayəsində pul, sərvət qazanan nadirkimilər, özlərini seçilmiş, tanrının sevimli bəndəsi sayırlar.
Və o bu xalqı səfil, kölə, şanssız hesab edir.
Yəni, sələfi Seyid Mirbabayev kimi xalqın çörəyini yeyib, xalqa yuxarıdan aşağı baxır.

***
Nadiri “əjdaha”ya çevirən bu xalqdır.
Vergidən yayınıb topladığı sərvətlər, “peraşki” biznesindən şou-biznesə qədər keçdiyi uzun yol bu adamın dəyişməsinə səbəb olub.
Mətləbi çox uzatmayım. Seyid Mirbabayevin taleyi nadirkimilərə dərs olmalıdır.
Pul da, şöhrət də gəldi-gedərdir.
Bu gün Antalyada istirahət edən adam, nə vaxtsa Novxanı çimərliyində yenidən “peraşki” sata bilər…
Kim bilir, belələri bu yazıdan sonra azacıq utanar və keçmişini xatırlayar…

Həmçinin oxuyun

MN: Düşmənə ağır zərbələr endirilib, ərazi və yüksəkliklər ələ keçirilib

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş …

Bir cavab yazın