Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Tərtər cəbhəsinin niyə bu qədər mühüm olmasının ilginc səbəbləri – ŞƏRH

Tərtər cəbhəsinin niyə bu qədər mühüm olmasının ilginc səbəbləri – ŞƏRH

İşğalçı Ermənistan mediası vaxtaşırı Azərbaycanın digər ərazilərinə iddiaları gündəmə gətirir. Bu mənada Tərtər istiqamətinə “xüsusi” önəm verilir.

Qeyd edək ki, Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli 327 saylı qərarı ilə Ağdərə rayonu ləğv edilərək 1 qəsəbəsi  və 28 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib. Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla, hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd var. Hazırda Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır. 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusu bu istiqamətdə yüksəklikləri əldən verdi. Hətta ondan sonra eks-prezident Serj Sərkisyan həmin ərazilər də daxil olmaqla, işğaldan azad olunmuş Azərbaycan torpaqlarını geri (?!) tələb edəcək qədər həyasızlıq nümayiş etdirdi. Lakin ordumuzun bölmələri digər istiqamətlərdə olduğu kimi, Tərtər istiqamətində də ayıq-sayıqdır.

Ancaq düşmən vaxtaşırı bu istiqamətdən təxribatlara əl atır. Hətta Ermənistanın və Qarabağ separatçılarının rəhbərliyi də bir çox hallarda məhz Tərtər istiqamətinə – düşmən tapdağında olan Talış kəndinə gəlir. Aprel döyüşlərində bu bölgədən qaçmış əhalinin geri qaytarılması, kəndin inkişaf etdirilməsi də düşmən ölkə üçün əsas vəzifəyə çevrilib. Xatırladaq ki, birinci Qarabağ savaşı zamanı ermənilər Tərtəri ələ keçirmək üçün çox çalışdılar. Lakin o zaman ordumuzun müqaviməti, Tərtər rayonunun icra başçısı mərhum Sərdar Həmidovun fədakarlığı düşmənin arzusunu gözündə qoydu.

Maraqlıdır, Tərtər cəbhəsi düşmən üçün niyə bu qədər mühümdür?

QAT sədri Akif Nağı Rauf Arifoğlunu dəstəklədi - YouTube

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bu mövzuda detalları açıqladı: “Ermənistan 1992-1994-cü illər hərbi əməliyyatları zamanı Tərtər rayonunu götürüb Kür çayına çıxmaq niyyətində idi. Bu onlar üçün strateji əhəmiyyət daşıyırdı. O istiqamətdə ciddi səylər göstərdilər, amma Azərbaycan tərəfinin ciddi müqavimət göstərməsi nəticəsində istəklərinə nail ola bilmədilər. Həmçinin düşmən Ağdərə rayonu ətrafında da üzdəniraq ”təhlükəsizlik zonası”, “bufer zona” yaratmaq istəyirdi. Digər istiqamətlərdə bu cür zonalar yarada bildilər, yalnız Tərtər istiqamətində planları pozulmuş oldu. Burada başqa bir məsələ də var ki, ermənilər keçmiş Şaumyan kənd rayonunun, indiki Goranboy rayonunun bir hissəsini nəzarətə götürmək istəyirdilər. Həmin ərazinin Tərtər rayonunın yaxınlığında yerləşməsi onların xüsusi fəallığına səbəb olmuşdu. Ermənistan indi də bu niyyətlərindən əl çəkmir, hərəkətə keçmək üçün məqam gözləyir. Təbii ki , onlar Azərbaycanın gücünü bilirlər, amma ümid edirlər ki , situasiya dəyişə bilər. Ona görə də hər ehtimala qarşı hazır vəziyyətdə dururlar”.

Polkovnik Şair Ramaldanov: Ordumuz haqqında fikir söyləyənlər ...

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə düşmənin məkrli planlarının həmişə olduğunu vurğuladı: “Ermənistanın gücü Azərbaycanla müqayisədə zəifdir, Tərtər istiqamətdə isə ümumiyyətlə, düşmən geridə qalır. Yəni hər bir vəziyyətdə üstünlük Azərbaycanın tərəfindədir. Ola bilər ki, bəzi mövqelərdə, dağlar tərəfdə yüksəklikdədirlər. Lakin nəinki Tərtər istiqamətində, ümumiyyətlə, bütün təmas xətti və cəbhə boyunca Azərbaycanın imkanları daha böyükdür. Statistikaya görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrindən həm keyfiyyət, həm kəmiyyət baxımından orta hesabla 3-4 dəfə üstündür”. Ş.Ramaldanov qeyd etdi ki, ermənilər çox iddia səsləndirə bilərlər: “Son zamanlar Ermənistan cəmiyyətində də müəyyən narahatlıq var. Azərbaycan tərəfi sərt bəyanatlar verib. Cənab Prezident deyib ki, Azərbaycan hər an güc variantına keçə bilər. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da bildirib ki, əgər Azərbaycan güc tətbiq etsə, bu, aprel hadisələri kimi olmayacaq və daha dəhşətli olacaq. Bildirib ki, Ali Baş Komandan hər an əmr verə bilər və ordu hazırlıqlıdır. Əlbəttə, bu reaksiyalar, xəbərdarlıqlar elə-belə deyil, əsaslıdır. Digər tərəfdən, Ermənistan cəmiyyətində Qarabağ danışıqlarının artıq dalana dirəndiyi və artıq güc tətbiqinin real olması ilə bağlı ab-hava yaşanır. Demək olar ki, artıq barıtın qoxusu gəlir. Son zamanlar Azərbaycanın Türkiyə, Rusiya, İsrail və digər ölkələrdən silah alması ilə bağlı məlumatlar, irimiqyaslı təlimlərin keçirilməsi də narahatlıqla izlənilir. Baxmayaraq ki, pandemiya dövrüdür, amma Azərbaycan bu dövrdə də irimiqyaslı təlimlər keçirir və bu da erməniləri təşvişə salıb. Düşmən anlayır ki, Azərbaycan belə bir vəziyyətdə də bu addımı atırsa, deməli, nəyəsə hazırlıq gedir”.

Ehtiyatda olan polkovnik qeyd etdi ki, son zamanlar Paşinyan və Tonoyan populist çıxışlarla Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv mövqe tuturlar: “Amma ”halva-halva deməklə ağız şirin olmur. Bunun iqtisadi və hərbi əsasları olmalıdır. Bütün bu məsələlər, həmçinin əhali sayına görə Azərbaycan üstünlük təşkil edir. Həmçinin ordumuz dünya reytinqində Ermənistan ordusunu xeyli qabaqlayır”. Ş.Ramaldanov əlavə etdi ki, ermənilər bir neçə istiqamətə xüsusi önəm verirlər: “Ancaq birinci Tərtər istiqamətində diqqət yönəldirlər. Çünki əvvəla, bura təmas xəttinin mərkəzidir. Digər tərəfdən də digər əsaslar var, amma mən hərbçi olaraq bunları açıqlamaq istəmirəm. Ancaq ordumuzun durumuna, bölmələrin yerləşməsinə, ehtiyata baxanda Azərbaycan düşməndən xeyli üstündür. Cənab nazir demişdi ki, biz istəyirik ermənilər hansısa addım atsın və Azərbaycan Ordusunun əl-qolu açılsın və antiteror əməliyyatlarına başlayıb torpaqlarımızı azad etməsinə imkan yaransın”. Ancaq hərbi ekspert bir məqamı unutmamağı da vacib saydı: “Ermənilər hər hansı istiqaməti seçə bilərlər. Amma hərbdə bir qayda var, hansısa istiqamət seçilirsə, adətən o barədə geniş danışılmır. Çünki istiqamət sirr olmalıdır. Əgər mən deyirəmsə ki, mən bu istiqamətdə hücum əməliyyatı aparmaq istəyirəm, deməli, bu, hərbi sirrin tələblərinə cavab verməyən ifadədir. Ona görə də, məncə, ermənilərin bu barədə dedikləri populizm dalğasında olan məlumatdır. Azərbaycan Ordusunun rəhbərliyi bütün istiqamətlərdə düşmən tərəfindən törədilə biləcək hər hansı təxribatın analizini keçirir, təhlilini aparır. Çünki bizim təlimlərimiz də həmin təhlillərə bağlıdır, biz təlimlərin ssenarisini havadan götürmürük. Odur ki, hər hansı təhlükəli istiqamətlər, düşmənin güc baxımından yerləşməsi, cəmləşməsi daim izlənilir və Azərbaycan ordusu canlı bir orqanizm kimi, işğalçının ata biləcək istənilən addımını əvvəlcədən proqnozlaşdırır, ona uyğun tədbirləri görür. Biz daim düşməni izləyirik və düşmənin hərəkətinə görə adekvat cavab vermək üçün müəyyən tədbirlər görürük”.

Həmçinin oxuyun

Ermənistanda azyaşlı qızlar döyüşə hazırlanır

Ötən gün Ermənistan rəhbərliyinin azyaşlıları və yeniyetmələri məcburi şəkildə Dağlıq Qarabağdakı şiddətli döyüşlərə cəlb etməsi …