Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Şaxta baba, artıq ümidim sənədir! – Könül QULİYEVA

Şaxta baba, artıq ümidim sənədir! – Könül QULİYEVA

Yeni ilin gəlişinə artıq sayılı günlər qalır. Hər tərəfdə Yeni ilin gəlişi toy-bayram kimi qeyd olunur. Parklarda şam ağacları quraşdırılır, küçələrdəki bütün ağaclara, mağazaların şüşələrinə müxtəlif bər-bəzək, rəngli işıqlar vurulur. Şaxta baba, Qar qız Yeni ilin gəlişinin müjdəçisi olaraq uşaqlara xoşbəxt anlar yaşadır. Sanki hər kəs bayram içində səbirsizliklə, xoşbəxtcəsinə Yeni ili gözləyir.
Ancaq başqalarından fərqli olaraq hər Yeni il məni öz qarı, şaxtası ilə daha möhkəm üşüdür, daha çox tənhalaşdırır. Təkcə qarı, şaxtası ilə üşütmür, verdiyi acı ilə daha çox kövrəldir.
Yeni il günü baş verən bir hadisə mənim Yeni ilə olan münasibətimi tamam dəyişdi. Amma o hadisəyə qədər…

…Hər kəs kimi mən də Yeni ili, Şaxta babanın gəlişini səbirsizliklə gözləyirdim. Məhz kiçik hədiyyələri ilə uşaqları sevindirəcək deyə… Doğrusu uşaqlıqdan Şaxta baba mənə saqqız belə hədiyyə etməyib. Bu, ya o zamanlar Yeni ilin təmtəraqlı qeyd olunmaması, ya da valideynlərimizin rayon mühitinə uyğun davranaraq belə incəliklərə varmamasından irəli gəlirdi. Buna görə Şaxta baba ilə bağlı arzularımı həmişə öz övladlarımın üzərində gerçəkləşdirməyə çalışdım.
Şaxta babanı Münəvvərə, Mustafaya, Fatiməyə görə sevdim və yolunu onlar kimi səbirsizliklə gözlədim. Yeni ili onlarla birlikdə qarşıladığımız günləri kino lenti kimi göz önünə gətirəndə, İlahi, mən bir zaman necə də xoşbəxt idim, – deyirəm. Bəlkə də o anlar bu xoşbəxtliyi duymamış, dərk etməmişdim.
Bayram günləri telefonla apardığımız kiçik video-çəkilişlərə baxanda, uçaqların rəqs etdikləri yerdə bir-birləri ilə bəhsə girərək məni doymadan öpdüklərini görəndə ürəyim sanki yeddi yerə parçalanır. Bir ana kimi bacardığım qədər onların üzünü güldürməyə, xoşbəxt etməyə çalışırdım. Ancaq…

…Ancaq bir dəfə qarşıladığımız Yeni ili xatırladıqca özümü səbəbli və yaxud səbəbsiz çox danlayıram, qınayıram, bağışlaya bilmirəm. O vaxt kirayədə qaldığımız üçün maddi vəziyyətimiz çox ağır idi. Öncədən uşaqlara başa saldım ki, bu il Şaxta babanın pulu azdır. Ona görə də, sizin istəklərinizə uyğun hədiyyə gətirə bilməyəcək.

Mustafanın Yeni ildə ən böyük arzusu 25-30 manat civarında pultla idarə olunan hərbçi maşını idi.

Mustafa dərhal: “Ana Şaxta babaya de ki, təkcə mənə o maşından gətirsin, daha heç nə istəmirik”, – deyib sanki yalvarış etdi. Mustafanın səhhətindəki bəzi problemlərlə bağlı müalicə kursunun vaxtı çatdığı üçün imkan edib, o maşından ala bilmedim. Dekabrın 31-i gecəsi Mustafanın yastığı altına 5 manata aldığım balaca bir maşını, Münəvvərlə Fatimənin yastığı altına isə gəlincik əvəzinə balaca paketlərdə aldığım yerfındığını qoydum. Səhəri oyanıb qızların necə üzüləcəklərini düşünəndə ürəyim titrəyirdi. Nəhayət, səhər açıldı, qızların yastıqlarının altından yerfındığı çıxdı. Gözləntimin tam əksi olaraq – “Ana, bax, Şaxta baba bizə yerfındığı gətirib”, – deyə sevinclə, uca səslə atılıb düşdülər və dərhal açıb yedilər. Mustafa isə çox üzgün idi. Həmin gün, yanvarın 1-i bacım uşaqlara aldığı Yeni il hədiyyələri ilə bizə qonaq gəldi. Mustafa dərhal bəyənmədiyi maşını xalası oğlu Səccada göstərərək, – “bax, bunu mənə Şaxta baba gətirib”, – dedi. 4 yaşlı Səccad isə sevincini Mustafa ilə bölüşürcəsinə – “mənə də böyük pultlu maşın gətirib” – cavabını verdi. Həmin vaxt Mustafanın üzünə baxa bilmədim. O, çox məyus idi. Üzündəki acı ifadəni görmək ürəyimə bıçaq sancmaqdan betər idi. O öz balaca dünyasında, mən də öz içimdə – ikimiz də çox üzüldük.

Bacımgil getdikdən sonra axşam tərəfi uşaqları şəhərə gəzməyə çıxardım ki, Şaxta baba ilə şəkil çəkdirsinlər. Şaxta babaya çatana yaxın Mustafa əlimdən çıxaraq sürətlə ona tərəf qaçdı və uca səslə, həm də çox qəzəbli şəkildə – “Bura bax görüm, Şaxta baba!.. Səccada pultlu maşın, mənə heç bir qapısı açılmayan balaca maşın, bacılarıma da yerfındığı gətirirsən?” – deyəndə Şaxta baba vəziyyəti anladı. “Gözəl balam, gələn il pultlu maşın və gözəl gəlinciklərlə sizə gələcəm” – deyib xoş sözlərlə incik Mustafanı qucaqlayıb qəlbini oxşadı…

… Həmin Yeni ili heç unutmuram! Üzünüzü istədiyiniz kimi güldürə bilmədiyim üçün. O vaxtdan siz də getdiniz, Şaxta baba da… Hər il yolunuzu gözləyirəm. Yeni il də, Şaxta baba da gəlir, amma siz gəlmirsiz. Şaxta baba özü ilə gətirdiyi sevinci, hədiyyəni başqalarına verir. Mənim hədiyyəm isə soyuğu, qarı, şaxtası olur…

…Şaxta baba, artıq çox üşüyürəm. Çək üzərimdən bu tufanını. Niyə belə qəddar və amansızsan? Sənin gəlişin bütün evləri yolkalar, zərlər, Yeni ilin simvolu olan oyuncaqlarla bəzərkən, mənim evimi ağladır, sızladır, bir az da təkləyir, tənhalaşdırır… çünki sən gələndə mən də ordan qaçıram. Qapısına bir kilid vurub, bir də sənin səs-sorağın çəkiləndə dönürəm…
Nə qədər rəhimsiz olacaqsan, Şaxta baba? Neçə il beləcə əliboş gələcəksən? Səndən umacağım Allahın mənə verdiyi hədiyyələrdir. O HƏDİYYƏLƏRİ istəyirəm səndən, Şaxta baba!.. Nə olar, incimə məndən, artıq ümidim sənədir!

Azinforum.az

Həmçinin oxuyun

ANAMA:düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb

“Ermənistana mina basdırılan yerlərin xəritələrinin təqdim olunması üçün müraciət etməmişik”. Bunu Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi …

Bir cavab yazın