Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Qarğa-quzğun”lar – Xeyrəddin QOCA

“Qarğa-quzğun”lar – Xeyrəddin QOCA

…Qarğaları da görmüsünüz, quzğunları da. Quzğunlara “qartallar” da deyirlər. “Qartal” sözünü həmişə fəxrlə səsləndirmişik. Axı qartallar zirvələr fəth edir, qürur rəmzi sayılırlar. Lakin elə ki, onlar bir canlının üstünə hücum çəkir, onu didib-parçalayırlar, onda olurlar quzğun! Yəni vəhşi!
Qarğaların işi qarıldamaqdır. Qarıldaya-qarıldaya da qocalırlar, istidə, soyuqda, odda, suda, qarda, şaxtada, tufanda ölüb gedirlər bu dünyadan. Bəzi insanlar da belədir. Onun-bunun arxasınca “qarıldaya-qarıldaya” qocalırlar, qarğalardan betər izsiz-filansız tərk edirlər bu dünyanı! Belələri haqqında deyirlər “onun-bunun arxasınca çox qarğalıq edirdi, eyiblərini torpaq örtdü…”
Quzğunlar murdar leşləri parçaladıqlarından, həmişə dimdikləri qanlı olur. Bəzi insanlar da onlar kimidir, birinə pislik etməsələr, onun “leşini” görməsələr, sakit olmurlar, gecə-gündüz, hər an onu “didməkdən” ləzzət alırlar. Qaniçən vampirlər kimi! Hərdən elə belə də deyirlər: “İmkanım olsa, filankəsin qanını içərdim!” Amma bu vəhşilər rəqiblərinin qanını birdəfəlik “içmək” imkanı əldə edə bilmədiklərindən, yavaş-yavaş “sorurlar”. Belə-belə gözləri götürmədikləri insanları məhv edirlər, ya da yarımcan vəziyyətə salırlar. Bir sözlə, yaşamağı ona haram edirlər!
Əgər bu “qarğa-quzğunlar”dan soruşsalar, “filankəs sizə nə edib ki, onu məhv etməyə çalışırsınız?” Cavab verərlər ki, “onun nə etməsi əsas deyil, əsas bizim onu məhv etmək məqsədimizi həyata keçirməyimizdir”.
Bir tanışım mənə zəng vurub deyir ki, illərlə işsiz qalandan, ailə-uşaq olmazın əziyyətlərə düçar olandan, ürək xəstəliyi tapandan (yarımcan olandan…) sonra bir işə girmişəm, amma yenə məndən əl çəkmirlər! “Nə istəyirlər?”- deyə soruşuram. Deyir ki, “Heç nə! İstəyirlər məni ləkələsinlər, məhv etsinlər, ailə-uşaqlarım da acından ölsün!”
Görürsünüzmü, qarğa-quzğun xislətidir! Mən bilirəm ki, ona yeni zərbələr vurandan sonra da bu vəhşilər sakit olmayacaqlar, hələ uzun müddət onu “didişdirəcəklər”! Çünki indiyədək çox görmüşük, neçəsini belə vəziyyətə salandan sonra “didişdiriblər”, illər keçəndən sonra isə “didişdirdiklərini” “gözlərinin üstünə” qoyublar. Necə deyərlər, çoxunun ölümünə fərman verib, sonra da qəbrinin üstündə göz yaşı töküblər.
Hara gedirsən, “qarğa-quzğanlar”ı topa-topa görürsən. İyrənc sifətlərini bir-birinin qulağına dayayıb, pıçhapıçdadırlar! Bir yerə yığıldılarmı, deməli, kiminsə evini yıxmaq istəyirlər, kiminsə taleyinə xətt çəkirlər! Allah, Allah, bu insan qanına susayan vəhşilərdən necə can qurtaraq, necə yaşayaq?!
Nəbadə, işlədiyin idarənin, təşkilatın, müəssisənin rəhbəri səni tərifləyə, haqqında bir-iki xoş söz deyə! Bu o deməkdir ki, sən batdın! Ətrafdakılar başlayacaqlar səni gözdən salmağa, müdirə, rəisə haqqında elə sözlər söyləyəcəklər ki, eşitsən, matın-qutun quruyar… Yaxud, vəzifəni böyütdülərmi, qara günlərin başlayacaq. Vəzifədən çıxarılana qədər səni saqqız kimi çeynəyəcəklər! Saqqızı partladan kimi partladacaqlar! Birdən təltif-filan olunarsan! Deyəcəklər ki, “niyə məni yox, onu təltif ediblər?!”
Cavan vaxtlarımda tanınmış bir insan haqqında qəzetə yazı hazırlamaq istəyirdim. Dedi, “qardaş, mənim haqqımda yazma…” Soruşdum, “niyə?” Dedi ki, “qoymayacaqlar məni işləməyə! Ya düşünəcəklər özüm yazdırtmışam, ya da bədxahlarım töküləcəklər üstümə!” Dedim, “əşi, belə şey olmaz”, yazdım. Yazığın başına nələr gətirdilər! Yaxşı qurtardı, tutmadılar!.. Sonralar belə hadisələri çox gördüm.
Bir məşhur adam səhv etdimi, ya ağzından kiminsə xoşuna gəlməyən bir söz qaçırdımı, qurtardı! İclas çağırıb, işdən çıxarılmaq məsələsini qoyan kimi hamı onu məhv etmək üçün çıxış növbəsinə yazılır. Çıxış edənlər sanki bir-birilə əvvəlcədən danışıblar, onu “yıxıb-sürüyürlər”, hərdənbir də belə bir ifadə işlədirlər: “Axı o kimdir?!” Onları dinləyəndə 37-ci il yada düşür, adamın canına üşütmə düşür. Çıxışçılar, hətta iclasa toplaşanlara da hədə-qorxu gələrək deyirlər ki, “kim onun kimi hərəkət etsə, onun da taleyi belə olacaq!” Müdirə, rəisə yarınmaq o həddə çatır ki, səhv edən həmin məşhur adam haqqında elə sözlər söyləyirlər ki, o, “xalq düşməni” olur. Onun sonrakı taleyi barədə heç kim düşünmür. Ömrü boyu çəkdiyi zəhməti bir anda yerə vurulur. Ailəsi-uşağı haqqında düşünən olmur! Belədə insanlar ruhdan düşür, qəlblərində qurduqları xoş xəyallar darmadağın olur, yaşamaq çətinləşir…
Bir dəstə “qarğa-quzğun”un isə “xüsusi vəzifəsi” olur. Biri vəzifəyə getdimi, arxasınca dedi-qoduya başlayırlar. “Biz qala-qala ona niyə vəzifə veriblər?” “Bu haradan gəlib çıxdı?” “O nə qanır vəzifə nədir?” Bir nəticə hasil olmadığını görəndə, başlayırlar ki, “rüşvət alır”, “gündə filan qədər qazanır”, “ona-buna iş düzəltməklə məşğuldur”, “bizim adam deyil” və s. və i.a. İşdən çıxanda üstünə böhtan atmağı da unutmurlar ki, haqqında ictimai rəy yaratsınlar. Danışmağa dili olmasın. Sonradan “başağrısı” verməsin.
“Qarğa-quzğun”lar təkbaşına gəzməyə də çıxmırlar. Ən azı, iki-üç nəfər olurlar. Niyə? Çünki o qədər iyrənc işlərlə, onu-bunu satmaqla, ona-buna badalaq vurmaqla… məşğul olurlar ki, tək-tənha gəzməyə, adam içərisinə çıxmağa qorxurlar. Hətta bəziləri özlərinə qoruma da götürürlər. Xalq arasında belə bir məsəl var ey, deyirlər, “dərisi bir qəpiyə dəymir…”
Onlar niyə qeyri-insani işlərlə məşğul olurlar? Əvvəla ona görə ki, dırnaq arasına aldığımız “qarğa-quzğun”lar sadəcə olaraq insan deyillər, insan şəklində əcaib məxluqlardır! Havayı yerə onlara “qarğa-quzğun” demirik ki! İkincisi, “qarğa-quzğun”lar bir işlə məşğul olmalıdırlar, yoxsa yox? Üçüncüsü, hər yerdə mikroblar olduğu kimi, insan cəmiyyətindəki saysız-hesabsız mikroblardır “qarğa-quzğun”lar! Mikroblar da, bilirsiniz, qaranlıqda, xəlvətdə, işıq olmayan yerlərdə inkişaf edir, ayaqqabılarımızın altına yapışırlar! Ona görə də, bir işıq görən kimi gözləri qamaşır, işığın qarşısını almaq üçün “əl-ələ verib” mikrob “divarı” yaradırlar. İnsanlar isə bu mikrobları tamamilə yox etmək istəyirlər. Lakin bü mümkün olmur, çünki mikroblar çoxdur, nə qədər işıqlı insanlar var, onlar da olacaq!
Hamının min-bir dərdi, problemi olur. Hər dəqiqənin, hər günün qayğıları var. “Qarğa-quzğun”lar da bir tərəfdən əl-ayağa dolaşırlar. Ömrümüzü-günümüzü göy əskiyə bükürlər. Şərait olmasa, mikroblar inkişaf edə bilmədikləri kimi, “qarğa-quzğun”lar da çoxala bilməzlər. Bax, bu şəraiti onların əlindən almaq lazımdır!
…”KQB”nin, yəni Dövlət Təhlükəsizliyi Komitəsinin “tutub-basan” vaxtı idi. Qəlbi, ürəyi türkçülüyə bağlı böyük bir alimimiz vardı, həmin “KQB”nin nəzarəti altına düşmüşdü. Onu addım-addım izləyirdilər. Bir gün qonaqlıqda alimi izləyənlərdən biri onun türkçülük haqqında düşüncələrinin qalıb-qalmadığını yoxlamaq üçün soruşur:
– Hörmətli professor, türklər “eşşək” əvəzinə “eşək” deyirlər. Siz bilən, bu söz iki “ş” ilə yazılmalıdır, yoxsa bir “ş” ilə?
Alim məsələnin nə yerdə olduğunu hiss edib dillənir:
– Bilirsən nə var? Ətrafımızda, yan-yörəmizdə elə eşşəklər var ki, onlar haqqında danışanda gərək dörd “ş” – hərfi işlədəsən: Eşşşşək! Başa düşdün?
Bu söz “qarğa-quzğun”lara daha çox yaraşır! “Qarğa”ların “qanadını yolmaq”, “quzğun”ların “dimdiyini sındırmaq” mümkün olmasa, bu eybəcər nəsillərin kökünü kəsmək çətinləşəcək…
“Qarğa-quzğun”lara yerlərini göstərməsək, onlar hələ çox “meydan sulayacaqlar!”
Bir gün it əllərini göyə qaldırıb deyir:
– Ay Allah, məni yaratmışdın, bəs bu uzunqulağı niyə yaratdın, hə?
Qeybdən bir səs gəlir:
– Sən belə işlərə qarışma, küçük! İtin-it yeri var, uzunqulağın da uzunqulaq! Bildin?!
Heç fikir vermisinizmi, hansı müavindən soruşursan, “müdirin necə adamdır”, deyir “yaramazın, axmağın biridir”. Müdiri hörmətdən sala-sala, vəzifədən də salıb, yerinə keçmək istəyir bədbəxt! Adama deyərlər, bala, hərənin öz yeri var, də…
“Qarğa-quzğun”ların başqa sifətləri də olur. Vəzifədən çıxarılan birinin dalınca o ki var danışırlar, yazırlar, qeybət edirlər, iftira, böhtan atırlar, elə ki həmin adamı yenidən vəzifəyə təyin etdilər, yüz səksən faiz dönürlər. Əl çalırlar, tərifləyirlər, təqdir edirlər, yaltaqlanırlar…
“Qarğa-quzğun”lar çox vaxt bir-biri ilə üz-üzə gəlir, necə deyərlər, bir-birini “qırır” və xəlvətdə etdikləri iyrənc hərəkətləri açıq şəkildə bir-birinin üzünə çırpırlar. Bax, onda “qarğa-quzğun”ların əsl siması açılır! Onların bir-biri ilə vuruşması həmişə “maraqlı” tamaşaya çevrilir. Başqalarını bədnam etmək istəyənlər özləri bədnam olurlar. Nə gözəl! Hamının gözlədiyi “səhnə” alınır! Qüdrətli dramaturq lazımdır onların düşdüyü vəziyyəti qələmə alsın!
Bəs, “qarğa-quzğun”lar nə düşünürlər? Elə bilirlər, ömürləri boyu onu-bunu məhv etməyə çalışacaqlar, onlara dəyib-toxunan olmayacaq?
Sözün qısası, “qarğa-quzğun”lara bir məsləhətimiz var: Adam kimi yaşamağı öyrənin! Yoxsa belə yaşamağı sizə öyrədən tapılar!…

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın