Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağ üzərində təlimlər müharibəsinin mahiyyəti – ANALİZ

Qarabağ üzərində təlimlər müharibəsinin mahiyyəti – ANALİZ

Bu ilin sentyabr ayı, başa çatmamış Qarabağ müharibəsi səlnaməsində hadisələrlə zəngin oldu. Ermənistanın yeni hakimiyyəti öz əhalisinə sülh danışıqları prosesində yeni təşəbbüslər vəd etsə də, bu təşəbbüsləri elə çərçivədə irəli sürürlər ki, bu da onların, rəhbərliyinə gəldikləri dövlətin siyasi və geopolitik çəkisini tam anlamadıqlarını göstərir. Belə ki, mövqelərinin beynəlxalq qanunvericiklə zidd olduğunu tam dərk etmədən, dövlətlərinin iqtisadi və hərbi qüdrətini yanlış qiymətləndirərək, Azərbaycanla güc mövqeyindən danışmağa ümid edirlər. Və yaxud erməni cəmiyyətində öz qüdrətləri haqqında bu rəyi yaratmağa çalışırlar.
Hər iki davranış tərzi qeyri-sağlam davranış tərzidir. Əgər birinci halda bu davranış tərzinin məsuliyyəti tam olaraq Ermənistanın yeni hakimiyyətindədirsə, ikinci halda yeni hökumət bu məsuliyyəti mütənasib olaraq öz cəmiyyəti ilə bölüşür.

Ermənistan dövlətinin danışıqlar prossesində dalana dirənmiş mövqeyinə canlanma gətirməyə çalışan Paşinyan hökuməti, öz dövlətinin müharibə təşəbbüskarı kimi rolunu maskalamağa çalışaraq, Qarabağda qeyri-erməni əhalisinə qarşı etnik təmizləmə aktı həyata keçirildikdən sonra yaratdıqları qanunsuz hakimiyyətin bir tərəf kimi Azərbaycan dövləti ilə birbaşa danışıqlar keçirməsini israr etməyə başladı. Əlbəttə, maaşları da Ermənistanın dövlət xəzinəsindən ödənilən, Ermənistan hökumətinə birbaşa inzibati tabeçilik şəraitində qurulmuş bu kvazi “qurum”un müstəqil tərəf kimi necə çıxış edəcəyi heç kimdə şübhə doğura bilməz.

Dövlətimiz Qarabağ ermənilərini, hətta onların həyata keçirdiyi etnik təmizləmədən sonra da danışıqlarda tərəf kimi qəbul etməyə hazırdır. Lakin bu halda, bu qanunsuz qurum Ermənistan dövlətinin hərbi və inzibati tabeçiliyindən tam azad olmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Onların təhlükəsizliyinin təminatı isə BMT Baş Assambleyasının təşkil etdiyi peşəkar nəzarətçilər qurumu tərəfindən ictimai asayişi qoruyan strukturlarda öz səlahiyyətli nümayəndələrini yerləşdirməklə həyata keçirilə bilər.


Bu və digər konstruktiv yanaşma tərzini qəbul etməyən Ermənistan hökuməti Qarabağda qurduğu hərbi kommunikasiyaların, istehkam sistemlərinin dəyanətinə özünü və bizi inandırmağa çalışaraq, mümkün olduğu qədər danışıqlar prosesini uzatmağa çalışır, strateji baxışdan tam uzaq olan “ya xan ölər, ya eşşək” düşüncələri ilə yaşayırlar. “Ya xan ölər, ya da eşşək” doktrinası əsasında, hətta qanunlar toplumu qəbul edərək, strateji tədbirlər planı qurmağa çalışırlar. Bunların içərisində hərbi çağırış haqqında qanundur ki, keçmiş yazılarımızın birində onun üstündə dayanmışdıq. Həmin qanunun taktiki baxımdan effektiv, lakin strateji baxımdan həmin ölkə üçün tam ümidsiz bir təşəbbüs olduğunu da izah etməyə çalışmışdıq.

Bu sahədə qanunlardan biri də bu yaxınlarda qəbul olunmuş müharibə haqqında qanundur ki, onun qəbul edilməsi ilə, Ermənistan hakimiyyəti öz əhalisini, bəlkə də daha çox özünü inandırmağa çalışır ki, əgər müharibə başlayarsa, nəinki ölkənin idarəetmə mexanizmlərini qoruyub saxlamağa müvəffəq olacaqlar, hətta Qarabağdakı işğal rejiminin idarəetmə qurumlarının stabilliyini saxlaya biləcəklər. İdarəetmə aparatının cəbhə xəttinin konfiqurasiyasından asılı olaraq yerdəyişmələri fonunda onun idarəetmə və səfərbərlik imkanlarının qorunub saxlanmasına çalışırlar. Bir sözlə, dünyada hər bir insanın arzuladığı “varlı və sağlam olmaq” arzusu Ermənistan hakimiyyətinin arzularına zidd deyil. Bu fakt onların nə vaxtsa rasional və sülhməramlı dünyagörüşünə geri qayıdacaqlarına ümid yaradır.


Hələlik Ermənistan hökuməti bir il ərzində yaratdığı qanunvericilik və hərbi hazırlıqları praktiki təlimlərdə bərkitməyə çalışır. Bu da onu göstərir ki, hələlik onların sülh haqqında ciddi bir düşüncələri yoxdur, hər bir yolla müharibəyə hazırlaşır və bu müharibədə öz mövqelərini qoruyub saxlamağı planlaşdırırlar.

Bu tip vəzifələr Ermənistanın 11-13 sentyabr tarixində keçirdiyi “Şant-2018″ genişmiqyaslı hərbi təlimində qoyulub və onların həll olunmasına çalışılıb. Vəzifələrin hansı səviyyədə yerinə yetirilməsi kənar müşahidəçilər üçün qaranlıq qalsa da, yuxarıda qeyd etdiyimiz kimi, bu ölkənin sülh prosesini ələ salmaq siyasəti aşkar görünür.

Bu gümanı bərkidən əsaslardan biri də Ermənistan ordusunun Baş Qərərgah rəisi Artur Davtyanın KİV-lərə verdiyi açıqlamadır: “2016 cı il aprel müharibəsində itirdiyimiz torpaqları şərti olaraq azad etdik, Azərbaycan ordusunu böyük itkilərlə geri atdıq. Düşmən (yəni Azərbaycan ordusu – V.Miraslanov) neytral zolaqda böyük qüvvələrlə manevr etsə də cəbhə xəttini yarmağa nail olmayıb. Lakin bizim cəbhəyanı zolaq atəşə tutulduğundan çoxlu sayda yaralanan və həlak olanlar var. Cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub. Döyüş əməliyyatları gedən dövrdə bizim mobilizasiya xidmətimiz və dövlət idarəetmə orqanları mütəşəkkil xidmət nümayiş etdiriblər. Düşmən atəşi altında onların idarəetmə funksiyaları pozulmayıb”.

“Şant-2018” təlimləri çərçivəsində Ermənistan parlamenti sirk klounadasının parlaq ənənələrinə əsaslanan fənd nümayiş etdirərək, Azərbaycan Respublikasına şərti olaraq müharibə elan edir.


“Ermənistan hökumətinin 2018-ci il 12 sentyabr tarixli “Müharibə elan olunması barədə təklifininə razılıq verilməsi haqqında” qərarını əsas götürərək, Ermənistan respublikası konstitusiyasının 118-ci maddəsinin 1-ci hissəsi və “Parlamentin nizamnaməsini” rəhbər tutaraq, Ermənistan respublikası konstitutsiya qanununun 105-ci maddəsinin 5-ci hissəsinə əsasən Ermənistan parlamenti qərara alır ki, Azərbaycan Respublikasına qarşı müharibə elan olunsun”, – deyə Ermənistan parlamentinin qərarında qeyd edilib.

Ermənistan ali dövlət orqanının və baş qərərgah rəisinin belə klounada xarakterli məsuluyyətsiz bəyənatlarından görünür ki, onlar sülh prosesində iştirak etmək yox, işğal olunmuş ərazilərdə mümkün olduğu qədər bərkimək vəzifəsini rəhbər tutublar. Siyasi elitasının intellektual səviyyəsi məlum olan qonşu ölkədən hələlik bundan artığını gözləmək sadəlöhvlük olardı. Onlar hələlik dünyada öz gerçək yerlərini və çəkilərini anlamalarının ilk mərhələsindədirlər. Öz yaxın müttəfiqlərinin atalıq qayğısı nəticəsində hələ də uşaq xəyallarında üzürlər. Qonşu cəmiyyətin tez böyüyüb həddi-büluğa çatmasına müəyyən zaman lazımdır.


Dövlətimizin isə bu sahədə düşmənə qarşı öz tədbirlər planı var. Ümid edirəm ki, bu tədbirlər dəqiq və ardıcıl plan əsasında həyata keçirilir ki, həmin proses daha dayanıqlı olsun. Onlardan biri də eməni hərbi təlimlərindən bir neçə gün sonra başlayan Azərbaycan Ordusunun hərbi təlimləridir.

Əvvəlcə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, dünya ictimaiyyətinə və beynəlxalq hüquqa cavabdeh olan qurumlara öz rəsmi fikrini bildirdi: “Azərbaycan hökuməti Minsk Qrupunun həmsədrləri ilə birlikdə işləyərək, münaqişənin həllinin konstruktiv yollarını təklif edir, Ermənistanın yeni hakimiyyəti Sarkisyanın siyasətini davam etdirərək, regionu yeni avantüralar və hərbi təhlükələr qarşısında qoyur”.


Bundan sonra işğalçı ordunun təlimlərindən cəmi 4 gün sonra, Azərbaycan hərbiçiləri böyük ordu qruplaşmalarını əhatə edən genişmiqyaslı hərbi təlimlərə başladı. Belə ki, sentyabr ayının 17-sində 20 min hərbiçinin, 200 dən çox tank və zirehli texnikanın, 120 raket-artilleriya sisteminin 30-40 aviasiya vahidinin iştirakı ilə keçirilən bu təlim, planda olub olmamasından asılı olmayaraq belə bir mesaj formalaşdırır ki, ordumuz cəmi dörd gün ərzində hər hansısa bir genişmiqyaslı əməliyyatı planlaşdırıb həyata keçirməyə qadirdir.

Müdafiə Nazirliyinin relizində əməliyyatın məğzi haqqında açıq-aşkar belə yazılıb: “Təlimlərin gedişatında düşmənin eşelonlaşdırılmış müdafiə xəttinin bir neçə istiqamətdən tank birləşmələri ilə yarılması, erməni ordusunun Qarabağda yerləşən ön birləşmələrinin, ordu qruplarının darmadağın edilməsi, həmin ordunun hərbi strateji obyektlərini məhv edərək, Qarabağ ərazisinin azad olunması vəzifələri yerinə yetiriləcəkdir”.


Nazirliyin bəyənatında, həmçinin qeyd olunur ki, “ordunun silahlanmasına yeni qəbul olunmuş texnikaya şəxsi heyətin yiyələnməsi vərdişləri yoxlanılacaqdır”.

Əslində, Müdafiə Nazirliyinin bəyənatının mətninin analizi elə də önəmli deyil. Bu miqyasda əməliyyat hazırlayan qərərgahın məzmunlu döyüş hazırığı planının mövcudluğu və onun müvəffəqiyyətli nəticələrinə şübhəm yoxdur. Belə ki, təlimlərdə döyüş hazırlığının çatışmamazlığını aşkarlamaq özü də böyük müvəffəqiyyət deməkdir. Bu, ordunu daha gərgin iş planına kökləməyə şərait yaradır. Təlimlərdə axıdılan hər artıq damla tər, döyüşlərdə axıdıla biləcək hər damla qanı qoruyur.


Məhz noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunlarının (KQHO) keçirilməsi bu məzmuna xidmət edirdi. Qeyd edim ki, KQHO-nın əsas məqsədi real şəraitdə keçirilən müxtəlif qoşun əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir. Hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növ və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edildi. Ən önəmlisi, KQHO-da Ordumuzun sərəncamında olan ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi, qarşılıqlı fəaliyyət, məlumatların sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların dərhal qəbul edilməsi üzrə vərdişlər icra olundu.

Ümumiyyətlə önəmli olan bu təlimlərin işğalçı ordunun təşkil etdiyi “Şant-2018″ təlimindən sonra qısa bir zamanda daha geniş miqyasda təşkil olunması, onun təşkil etdiyi zərbə birləşmələrinin düşmən qruplaşmalarının müdafiə qabiliyyətini həm zərbə imkanları baxımından, həm də manevr qabiliyyətinə görə üstələməsidir. Bu fakt ona onsuz da zəif olan öz milli inkşaf potensialının böyük bir hissəsini hərbi qarşıdurmaya sərf etməyi, ölkənin gələcəyindən kəsib bu günə xərcləməyə məcbur edir. Bunun özü qaynar olmasa da, çox effektiv bir müharibə deməkdir. Biz potensialımızın daha böyük olmasından istifadə edərək, düşməni ona sərf etməyən strateji əməliyyat tədbırlər zolağına salmışıq. İmkan daxilində Azərbaycan əskərinin ömrünü və qanını qoruyan bu münaqişə planını daha əhatəli etmək lazımdır ki, dünyada ən bahalı və önəmli sərvət olan insan sərvətlərimizi qoruyub saxlaya bilək.
Ordu.az

Həmçinin oxuyun

Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir

Azərbaycan Ordusu Şuşanın 5 km məsafəsindədir Qondarma DQ prezidenti Araik Harutyunyan rəsmi hesabından paylaşdığı videoda Azərbaycan …