Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağ problemində 5 rayon illüziyası… – Qulu MƏHƏRRƏMLİ

Qarabağ problemində 5 rayon illüziyası… – Qulu MƏHƏRRƏMLİ

Qarabağ danışıqlarında Rusiyanı əvvəldən Minsk qrupunda təmsil etmiş Vladimir Kazimirov, yəqin ki, çoxlarının yadındadır. Ona bu problem barədə sual verəndə adam işgüzar görkəm alıb o qədər uzun, yayğın və mənasız danışırdı ki, lap bezirdin. Kazimirovu xatırlayanda indi də onun üçün dəfələrlə mikrofon saxlamış biləklərim gizildəyir. Nə qədər sözünü kəsirdin, nə qədər yönəldici və mahiyyətə aid suallar verirdin, xeyri yox idi, yalnız öz bildiyini danışırdı. Düzdür, açıq suallardan da incimirdi, heç vecinə belə almadığı bu sualları adamın əsəblərini tarıma çəkən istehzalı gülüşü ilə qarşılayırdı. Üzbəüz dayananda bu gülüşə dözmək bir cəhənnəm əzabıydı…

Əslində Kazimirovun missiyası aydın idi: danışıqları uzatmaq, heç kimin qəlbinə dəymədən incə diplomatik ifadlərlə qeyri-müəyyənliyi dərinləşdirmək, erməniləri formada saxlamaq, ehtiyac yarananda isə Azərbaycana illüziya üçün ümidlər vermək…

İndi zaman dəyişib, Qərbin riyakarlığı ucbatından Rusiyanın Cənubi Qafqazda mövqeləri nisbətən güclənib. Odur ki, Moskva Türkiyədən ehtiyatlanmadan, İrana məhəl qoymadan özünü bölgənin şəriksiz sahibi hesab edir. Bu səbəbdən də indi Moskvanın diplomatiya dili xeyli köntöyləşib, intonasiyası sərtləşib, nə bizimlə, nə də Ermənistanla yumşaq dillə danışmağa ehtiyac görmür, arxasında güc dayanmış niyyətlərini açıq və birbaşa deyir. Bunun parlaq nümunəsini bu günlərdə Bakıya varid olmuş Kremlin ideoloqu Aleksandr Duqin saymazyana şəkildə nümayiş etdirdi. Ocağımızın başında oturub dedi ki, Qarabağda müharibə olarsa, guya “Rusiya Ermənistanı dəstəkləməyəcək. Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır”. Burada bir “bərəkallah” deyib, məsələnin üstündən keçmək olardı, amma Putinin, Lavrovun dili ilə danışan bu Zat, sonra izah verib deyir ki, Qarabağda yaranmış indiki “status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”. Bəli, Duqin bizi qorxudur, çəkinmədən bizi 2008-ci ilin Gürcüstan variantı ilə, yəni hərbi müdaxilə və işğal ilə hədələyir.

Əlbəttə, A.Duqin, məsələn, V.Jirinovski ağılda olsaydı, bəlkə də bu bəyanata əhəmiyyət verməyə dəyməzdi, amma bu, elə-belə adam deyil. Kremlin danışan dilidir, ideoloqdur, Beynəlxalq Avrasiya Hərəkatının lideridir. Rusiyanın nüfuzlu filosoflarından sayılır, yeni dünya düzəni haqqında, həm də birqütblü dünya və Amerika əleyhinə xeyli yazıları var, kitabları Avropada çap olunur. Bir də hər şeydən görünür ki, Duqin imperiya təfəkkürünün təmsilçisi və bu xülya ilə yaşayan bir rus vətənpərvəridir. Tarixən belələrinin əlinə hakimiyyət keçməsi pis nəticələr verir. Hələ yaxşı ki, Duqin praktik siyasətçi deyil.

Vladimir Kazimirovun yolu ilə gedən A.Duqin bəzi pozitiv görünən və Azərbaycan cəmiyyətində ümidlər yaradan bəzi müsbət mesajlar da verib. Məsələn, “əsas odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” deyib, bir də Qarabağ ətrafında işğal olunmuş “beş rayon dərhal qaytarılmalıdır” kimi cazibədar fikir səsləndirib . Əlbəttə, həqiqət olsaydı belə yanaşma, şübhəsiz ki, çox sağlamdır, amma təəssüf ki, təxminən 20 ildir ki, bizdə sevinc şirəsi ifraz etməyə səbəb olan bu “5 rayon” xəbəri təbliğat materialından başqa bir şey deyildir. Ona görə ki, bu rayonları qaytarmaq nə Rusiyanın, nə də Ermənistanın yaxın planlarına daxildir. Digər tərəfdən bu addımın atılması üçün hazırda bölgədə nə hərbi, nə də siyasi şərait var. 2016-cı ilin aprelində Azərbaycan bu şəraiti yaratmağa çox yaxın idi, amma bölgədəki status-kvonun dəyişməsini istəməyən Rusiya buna imkan vermədi…

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın