Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Putin Azərbaycanın adını niyə çəkdi? – Elxan Şahinoğlu  

Putin Azərbaycanın adını niyə çəkdi? – Elxan Şahinoğlu  

Rusiyanın dövlət kanalı olan RTR prezident Vladimir Putinin 15 illik hakimiyyəti haqqında sənədli film yayınladı. Filmdə Putin ABŞ-nı siyasətini sərt tənqid edərkən belə bir fikir işlətdi: “Mən Rusiyanın Feredal Təhlükəsizlik Xidmətinin rəhbəri işləyərkən ABŞ silahlı çeçenlərə silah və texnikanı Azərbaycan üzərindən ötürürdü”.
Putin müsahibəsi boyunca ABŞ, Ukrayna və Azərbaycandan başqa digər ölkələrin adını çəkmədi. Moskvanın ABŞ və Ukrayna ilə münasibətləri gərgindir. Bu iki dövlətdən fərqli olaraq Moskva Azərbaycanı strateji tərəfdaş adlandırır. Belə olan halda Putin mənfi mənada Azərbaycanın adını niyə hallandırdı? Axı Putin Azərbaycanın adını çəkmədən də üçüncü ölkələrdən birindən çeçenlərə yardım ötürülməsi ifadəsini işlədə bilərdi.
Əslində Putin Azərbaycanın adını çəkməklə Bakıya mesaj göndərib. Vaxtilə Putin belə bir mesajı Qazaxıstana da göndərmişdi. Putin demişdi ki, Qazaxıstan adında dövlət olmayıb, Nursultan Nazarbayev olmasaydı, belə bir ölkə yaranmazdı. Bu fikir Qazaxıstanda mənfi qarşılandı. Hətta Nazarbayev Putinin adını çəkmədən Kreml sahibinin fikrinə “Qazaxıstanın qədim tarixi var” dedi.
Göründüyü kimi, Putin rəqib ölkələrlə yanaşı müttəfiq, strateji tərəfdaş adlandırdığı ölkələrə də təzyiq edir.
Çeçenistanda iki müharibə olub. Birinci müharibə zamanı həqiqətən Azərbaycan ictimaiyyətinin simpatiyası çeçenlərin tərəfində idi. Çünki, 1990-cı illərin əvvələrində Ermənistan məhz Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal etmişdi. Moskvanın bu siyasəti keçmiş prezidentlər Əbülfəz Elçibəyin və Heydər Əliyevin kəskin etirazına səbəb olmuşdu. Ona görə də hər iki prezident çeçenlərin mübarizəsinə simpatiya ilə yanaşırdı. Müstəqil Çeçenistanın prezidenti Aslan Masxadov və digərlər çeçenlər tez-tez Bakıya gəlir, Heydər Əliyevlə fikir mübadiləsi aparırdılar. Çeçenlərin Bakıda nümayəndəliyi var idi, yaralı çeçenlər Bakının xəstəxanalarında müalicə olunurdular.
Ancaq Vladimir Putin 2000-ci ildə Rusiyada hakimiyyətə gəldikdən sonra Moskvanın Bakı ilə münasibətləri müsbətə doğru dəyişdi. Putin prezident seçiləndən sonra ilk xarici səfərini Azərbaycana reallaşdırdı, Heydər Əliyevlə görüşdü. Bu görüşdən sonra Bakıda çeçenlərin nümayəndəliyi bağlandı, Azərbaycan hakimiyyətinin silahlı çeçenlərlə əlaqələri kəsildi. Hiss olunurdu ki, Putin Əliyevdən çeçenlərə yardımı kəsməyi xahiş etmişdi. Heydər Əliyev Putinin bu xahişin yerinə yetirdi. Ancaq bunun əvəzində Putin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll üçün heç bir addım atmadı.
Putinin siyasətində bu gün də heç nə dəyişməyib. Əksinə, Rusiya prezidentinin 24 apreldə İrəvana səfəri və “erməni soyqrımı” ifadəsi işlətməsi Ankara ilə yanaşı Bakının da xoşuna gəlmədi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verərək “erməni soyqırımı”nın tanınmasının Rusiya ilə Türkiyə arasındakı münasibətlərə mənfi təsir etməyəcəyini dedi. Habluki, Ankaradan fərqli reaksiya gəldi.
Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Putini sərt tənqid etdi. Türkiyə prezidentinin mesajı bundan ibarət idi ki, Ankaranın Moskva ilə sıx iqtisadi və enerji əlaqələri olsa da, o Kremlin siyasi addımlarını bəyənmir. Məsələn, Ərdoğan 23 apreldə İstanbulda “sülh konfransında” Krımın işğalını və Ukraynanın şərqindəki separatizmi pislədiyini bildirdi. Putin İrəvana getməsəydi, Ərdoğan Moskvanın Ukrayna siyasətini sərt sözlərlə tənqid etməyəcəkdi.
Moskvanın Ermənistana artan dəstəyi Bakını da narahat edir. Məsələn, Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında İsveçrə protokollarının ratifikasiya olunması vacibliyini bildirdi. Lavrov bu məsələnin uzanmasının məsuliyyətini Türkiyənin üzərinə qoydu: “Türkiyədə həmin mərhələdə sənədi ratifikasiya etmək alınmadı. Lakin biz bunun baş verməsinə fəal şəkildə yardım edəcəyik”.
Məlumdur ki, Türkiyə parlamenti Azərbaycan torpaqlarının işğalı faktına görə İsveçrə protokollarını ratifikasiya etmədi. Ankara Ermənistana şərt irəli sürdü: “Əvvəlcə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu azad edin, ondan sonra sərhədi də açaq, diplomatik münasibətləri də bərpa edək”. İrəvan buna getmədi.
Lavrov isə sənədlərin ratifikasiya olunmaması haqqında danışarkən bunun başlıca səbəbinə toxunmur. Bu o deməkdir ki, Rusiya əvvəlkitək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maraq göstəmir. Əgər Moskva Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəyirsə, buna paralel olaraq Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Ancaq Moskva Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını da istəmir.

Həmçinin oxuyun

Sərhəddə insident, hərbi qulluqçu bıçaqlandı – Fotolar

12 oktyabr tarixində saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli …

Bir cavab yazın