Ana səhifə / Cəbhə Xəbərləri / Prezidentdən ev alan xalq şairinin ondan unitaz istəməsi… – Sevinc Telmanqızı

Prezidentdən ev alan xalq şairinin ondan unitaz istəməsi… – Sevinc Telmanqızı

Gün desəm yalan olar, amma elə ay olmaz ki, bu sayaq bəyanatlar mətbuatda yer almasın. Səhər oyanıb, qəzetlərə, saytlara baxmağa peşmansan – əli dəsmallı, gözü yaşlı məşhur xala-bibilər, dayı-əmilər ağlaşma qururlar. Adamlar illəri deviriblər, səhnələr görüblər, pula pul deməyiblər. Amma yaşlarının 50-60-ında yadlarına düşüb ki, evləri yoxdur, güzəranları yoxdur və kimsə bu durumu düzəltməlidir.

Minnətin biri beş qəpikdən. Ay ömrümü bu millətə verdim, ay rahatçılığımı onların zövqü üçün fəda etdim, indi isə bir quru daxmanın da yiyəsi deyiləm…. və sair və ilaxır. Utanaraq, kompleks keçirərək, bu müəllim və müəllimələrin düşdüyü vəziyyətə görə özünü suçlayırsan ani olaraq. Ömürlərini sənə “veriblər” axı…

Və bu dalğa məşhur ərköyünlərdən sonra sıraviləri əhatə etməyə başlayır. Hamı Cırtdan sayağı “yağ yaxmacı” umma xəttini seçir. Bəzən sözlərinin içində arqument adına bir kəlmə belə olmasa da. Yoox… Üzr istəyir və sözümü geri götürürəm. “Arqument” belə olur – mən bu yaşa çatmışam…. Adam 60 yaşına çatmasını və ya iki-üç uşaq dünyaya gətirməsini az qala qəhrəmanlıq epopeyası kimi hamıya sırımağa çalışır. Və bunun əvəzində təşəkkür əvəzi hədiyyə də umur – ev, bağ, maşın, təqaüd… ağlınıza gələ biləcək hər şey və ya bunlardan biri…

Bir adam da qayıdıb bunlardan soruşmur ki, sən bu yaşa qədər nə etmisən? Pafoslu çıxsa da, bu millət, bu ölkə üçün faydalılıq əmsalın nə olub? Özünə bir gün ağlaya bilməyən adamın millətə hansısa faydasının dəyə biləcəyi ehtimalı zəif olsa da, yenə sual vermədən dayana bilmirsən. Amma yenə də cavabı öncədən bəlli olan suallardandır bu. Bilirsən ki, adam həmin yaşa qədər cırcırama misalı, məsuliyyətdən uzaq, kef-damaq içində bir həyat yaşayıb. Harda axşam, orda sabah… prinsipi, “yeməyinə fikir ver, düşünmə dərin” strategiyası ilə. Onun yaşıdı qəpiyini qəpiyinə calayıb, borc-xərclə, kreditlə, lotoreya oynamaqla pul yığıb özünə kiçik bir daxma alanda bu müəllim öz “qızıl prinsipləri” ilə həyat tərzi keçirib. Və bir də onda ayılıb ki, yaş çatıb 60-a, ev yox, rahatlıq yox, borclar xirtdəyə qədər. O zaman da yazının girişində yazdığım təranə başlayıb…

Mən hər zaman bu fikirdə olmuşam ki, prezidentin heç kimə ev vermək lüksü olmamalıdır. Prezident insanlara ev almaq, güzəran qurmaq üçün şəraitin yaradılmasına məsul olan şəxsdir. Sənətçisənsə, ölkədə sənət, şou biznes üçün normal şərtlər yaradılmalıdır. Sən də bu illər ərzində sənətindən qazandığın böyük pullarla minimal da olsa şərait qurmalısan özünə. Yazıçısansa kitab satışı, jurnalistsənsə qəzet satışı üçün şərtlər formalaşdırılmalıdır. Sağlam rəqabət, reklam mühiti…. say, say bitməz. Bütün bunlar təmin olunandan sonra bacarıqlı adamın pul qazanmamaq şansı yoxdur. Pul qazanandan sonra isə yalvarmaq şansı olmamalıdır.

“Bir maşının pulunu qonaqlığa verdim”, “bir bağ sahəsinin pulunu bir ay yeyib-içməkdə xərclədim” deyən adamlardır bu ağlaşmaların müəllifləri. Maraqlansan gerçəkdən də bu günə qədər dünyanın pulunu qazanıblar. Yazıdan-pozudan, sənətdən, kitab satışından… Amma tüfeyli həyat tərzi(onlar buna azadlıq deyirlər) imkan verməyib ki, sağlam düşünə bilsinlər, gələcəyə kapital qoysunlar. Pul xərcləməyin, daha doğrusu, pul dağıtmağın yolunu hamı bilir. Bir günə bir evin pulunu xərcləmək üçün qeyri-adi istedadmı lazımdır? Yox! Önəmli olan minimal şərtlərlə nələrəsə nail olmaqdır ki, bunun da minlərlə örnəyi var. Pis-yaxşı, kreditlə, lotoreya, borc-xərclə bu ölkədə ev sahibi olmaq mümkündür. Heç də hər kəs dünyaya şanslı ulduz altında gəlmir, varlı atanın övladı, bir miras yiyəsi olmur və sair. Amma bunlar yoxdursa dərhal dəsmalmı götürmək lazımdır?

Sonra da yada o gülməli mənzərələr düşür. Prezidentdən ev alan xalq şairinin ondan unitaz istəməsini xatırlayırsan… Şəhərin beş yerində evi olduğu halda altıncıya da iddia edən redaktor düşür yadına. Bu ənənənin əsasını qoyanların siması kino lenti kimi keçir qabağından. Anlayırsan ki, nümunələr var, presedent yaranıb. Ona görə də davamı gəlir…
Amma… Məncə siz heç kimə ev verməyin, cənab prezident.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın