Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Cəbhə Xəbərləri / “Oxu tar” şeirinin arxasındakı faciə – Vasif İsmayılın yazısı

“Oxu tar” şeirinin arxasındakı faciə – Vasif İsmayılın yazısı

Oxu tar! Oxu Tar!
Nəğməni su kimi,
Alışan ruhuma çiləyim.
Ey geniş kütlənin,
Acısı-şərbəti,
Alovlu sənəti.

Bu misraları Mikayıl Müşfiq musiqi aləti olaraq tarı və tarzənləri müdafiə məqsədilə qələmə almışdı. Doğrusu, yaradıcı insanın ortaya çıxardığı əsəri “niyə” yazdığını bilmək çətindir. Mən də uzun illər Müşfiqin bu şeiri yazmaqda məqsədini ortaya qoyan sənədi axtarmaqla məşğul oldum.

Sənəd tapa bilmədim. Başqa faktlara rast gəldim.

SSRİ-də kommunizm quruculuğu çərçivəsində sovet xalqı yaradılması prosesinə start verilmişdi. Sosializm və kommunizm ideoloqları Karl Marks və Fridrix Engels bütün dünyada insan övladının müəyyən bir yetkinliyə çataraq hər kəsin bərabər olduğu cəmiyyət quracaqlarını proqnozlaşdırmışdılar. Zarafat deyil, çağdaş Avropa siyasi konyukturu hələ də bu ideyalara əsaslanır. Bunun üçün Avropa xalqları iki böyük dünya müharibəsi apardılar. On mlyonlarla qurban verdilər. İndi-indi bu mübarizənin meyvələrini yeyirlər.

Lenin özü marksist idi, amma marksizmin ideya müəlliflərindən fərqli olaraq xalqların yetkinliyə çatmasını gözləməkdənsə, onları “yetişdirmək” lazım gəldiyini müdafiə edirdi. Zorla yəni.

İnsafsız!

Qonşu xalqlarda sosializm ideyalarını yaymaq üçün yerli incəsənət nümunələrindən, musiqidən geniş istifadə edilirdi. Qonşu Türkiyədə xalq sənətkarlarının çoxunun sol görüşlü və ya kommunist olması təbii olduğu qədər eyni zamanda sünidir – vaxtilə o insanları öz tərəflərinə çəkmək üçün Sosialist İnternasionalı araçılığı ilə SSRİ çox çalışmışdı. Çoxumuzun sevdiyi Nazim Hikmət Moskvada partiya məktəbini də keçmişdi, məsələn.

Amerikada kommunist partiyası bütün təşviqat mitinqlərində yerli camaatın musiqiçilərindən istifadə edirdi. Bunun texnologiyası haqqında Mixay Paçepanın bir neçə il əvvəl dərc edilmiş “Dezinformasiya” kitabında oxuya bilərsiniz.

Başqa ölkələrdə musiqiçi və incəsənət adamlarının əli ilə xalqı üsyana təşviq edən SSRİ özündə belə bir şeyə imkan verə bilməzdi. Keçən əsrin 30-cu illərində kommunistlər bütün sovet ölkəsində xalq musiqiçisi və çalğı alətlərinə qarşı “müharibə” başlatdılar.

Azərbaycandan tar və saz alətləri yığışdırılmalı idi. Bunun sənədli təsdiqinə heç vaxt rast gəlmədim. Mübarizənin şiddəti haqqında da heç bir məlumatım yox idi. Uzun illər bu “mübarizənin” romantik bir kampaniya xarakteri daşıdığını düşünürdüm.

Elə deyilmiş. Kommunistlər öz axmaq ideyalarını həyata keçirmək üçün hər cür cinayətə əl atıblarmış.

Kiyevdə olanlar bilir – mərkəzi Maydan Nezalejnosti meydanında xalq musiqiçisi kobzarın heykəli var. Kobzarlar və lirniklər tarixən Ukrayna kəndləri arasında gəzib, çalıb-oxuyurmuşlar. Əksəriyyəti görmə məhdudiyyəti olan bu insanlar kənd-kənd gəzib mahnılar oxuyur, camaat da bunlara pul verirmiş – dünya işığına həsrət bu insanlar bu şəkildə keçinib gedirmişlər. Hər kobzar və lirnikin yanında “povodir” deyilən uşaq olarmış. Gözləri görməyən kobzara yardımçı kimi.

1930-cu ilin dekabrında Xarkovda sovet Ukraynasının xalq musiqiçilərinin qurultayı toplanır. Beş il ərzində bütün Ukraynadan 367 kobzar və lirniki bu tədbirə toplayırlar.

Axırda da Xarkov kənarında meşəyə aparıb hamısını bir nəfər kimi, yanlarında köməkçi “povodir”ları daxil güllələyirlər.

Müşfiq “Oxu, tar” deyəndə qurd ürəyi yeyibmiş.

 

Həmçinin oxuyun

Atəşkəs rejimi 22 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Azinforum.az Müdafiə …

Bir cavab yazın