Ana səhifə / Cəbhə Xəbərləri / Ocaq başındakı düşmən! – Azər Həsrət

Ocaq başındakı düşmən! – Azər Həsrət

Avropa yenə də edəcəyini etdi. Saxta erməni soyqırımına bir daha mandat verib Türkiyənin, onunla ət və dırnaq qədər yaxın olan Azərbaycanın üzərinə gəldi. Avropa Parlamenti Türkiyəni erməni “soyqırımını” tanımağa çağırdı.

Ümumiyyətlə, son günlər Qərbdən bu cür çağırışlar artmaqdadır. Türkiyənin üzərinə gəlirlər. Onunla birlikdə və ondan daha artıq Azərbaycanın üzərinə gəlirlər. İnsan haqları, demokratiya kimi bəhanələrlə. Guya ki, bizdə yüzlərlə siyasi məhbus varmış. Yəni bu uydurmalarla üzərimizə hücuma keçirlər.

Qərbdəki bəlli dairələrin bu hücumları təsadüf deyil. Planlıdır və məqsədlidir. Türkiyəni də, Azərbaycanı da dizə gətirmək, milli kimlik və milli maraqlardan uzaqlaşdırmaqdır bunların məqsədi.

Və onların o məqsədlərinə qulluq edən sapı özümüzdən baltalar!

Azərbaycan hakimiyyətini davamlı olaraq sərbəst toplaşmaq azadlığını pozmaqda ittiham edən Milli Şura adlı amorf qurum dünən bir toplantı keçirib. Bunların məqsədi, sən demə, Avropaya inteqrasiya imiş. Bunlar iddia ediblər ki, Azərbaycan dayanmadan, durmadan təcili Avropa Birliyilə ortaqlıq sazişini imzalamalıdır. Bunlara görə, bizim nicatımız yalnız bundaymış.

Onlar Azərbaycanı ortaqlıq sazişinə sürükləməkdəykən Avropa Parlamenti də saxta erməni soyqırımına daha bir dəfə gerçəklik donu geyindirməklə məşğul idi. Təsadüfə baxın, deyilmi? Onlar orda Türk millətinin üzərinə gəlir, bunlar da burda Türk millətini Avropanın ayaqları altına atmaq üçün toplantı düzənləyir.

İndi kimsə çıxıb deyə bilər ki, bu bir təsadüfdür. Mənsə deyirəm ki, heç təsadüf filan deyil. Zatən bəlli idi ki, Avropa Parlamenti məhz həmin gün belə bir müzakirəyə hazırlaşır. Niyə Azərbaycanın başabəla müxalifləri bunu nəzərə alıb elə toplantılarındaca Avropa Birliyini tənqid etmirdilər? Etmədilər. Əksinə, Azərbaycanı tənqid etdilər ki, niyə bu Birliyə doğru getmir!

Bəli, durum budur! Bunlar Xocalı soyqırımı günündə də susurlar, səsləri gəlmir. 31 mart soyqırım günündə bunların lideri videomüraciət yayaraq insanları “yalana və talana son” şüarı altında mitinqə səsləyir. Bu dəfə də elə həmin başabəla liderlər öz dəstələrini başlarına yığıb Azərbaycanı Avropa Birliyinin ayaqlarının altına atmağa çağırışlar edirlər!

Sanki Avropa Birliyinə zorla birləşdirilməyə çalışılan Ukraynanın başına gələnləri görmürlər! Sanki durmadan Avropa, Qərb deyən Gürcüstanın başına gələnləri görmürlər!

Məncə görürlər! Bunların dərdi, əslində, heç Avropa da deyil! Sadəcə hakimiyyət davasını bu cür – milli maraqları belə ayaqlar altına ataraq aparırlar! Bunlar budur!

Gün bitmək üzrədir, hələ də bunlardan Avropa Parlamentinin erməni məsələsilə bağlı mövqeyinə reaksiya yoxdur! Niyə susursunuz?!

Necə olur ki, hansısa rayonda bir nəfər özünü asanda Qarabağ savaşına dəxli belə olmadığı halda onu Qarabağ qazisi elan edib hakimiyyətin əzazilliyi haqqında palaz-palaz açıqlamalar yayırsınız, amma bu boyda məsələyə susqunsunuz?

Siz kimsiniz? Bu millət sizə nə etdi də ermənilərlə eyni mövqedən çıxış edirsiniz?

Niyə Azərbaycana qarşı olan çıxışlara ermənilərlə siz eyni şəkildə sevinirsiniz?

Bu torpağın çörəyini yeyib suyunu içirsiniz, amma yenə də xəyanətinizdən qalmırsınız!

Yetməzmi bu qədəri? Niyə bu xalq, bu dövlət sizin kimi ünsürlərə hələ də dözməlidir?

Mən bilirəm bunun səbəbini: siz sadəcə ocaq başındakı düşmənsiniz!

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın