Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəbhə Xəbərləri / O vaxtdan məscidə getmirəm – Vüsalə Məmmədova

O vaxtdan məscidə getmirəm – Vüsalə Məmmədova

Bütün həftəni işləyirəm. Yeddi gün aramsız əlləşib-vuruşub “həftə sonu dincələrəm” deyə, özümə elə təskinlik verirəm ki, sanki həftə səkkiz gündən ibarətmiş.

İş rejimimin mənə tanıdığı altı-yeddi saat yuxu vaxtını özüm üçün böyük səadət sayıram. Kiçik səadətləri isə maaşla qonorarımı üst-üstə yığıb, özüm özümə hədiyyə edirəm. Unutmadan onu da deyim ki, gəlirlərimdən hər ay 60-70 manat ayırıb kənara qoya bilmək mənim üçün nəinki böyük, hətta fövqəladə bir səadətdir.

 Onu da bilirəm ki, çox işləməklə ömrümdən kəsirəm. Bilirəm ki, yuxusuzluq ömrü ölümə gedən yolda 200 surətlə sürməkdir.

 Zatən dörd tərəfim yas övqatı aşılayır…

 Hər səhər evdən çıxan kimi üstündə “dəfn mərasimləri üçün” yazılmış, məscid şəkilli bir maşın yolumda dayanıb par-par üzümə irişir. “Lənət şeytana” deyib, ondan uzaq durmaq üçün yolun bu biri tərəfinə keçirəm, burada da üstünə “Çadır servisi” yazılan yük maşını dayanıb. Yenə yolun bu biri səmtinə  adlayıram, bu dəfə isə “Mərasim evi”nin qarşısından keçməliyəm.

 Elə bil hamısı sözü bir yerə qoyub qapımızacan dirəniblər ki, nəyi gözləyirsən?

 Bir sözlə, hər gün işə getmək üçün düz üç dəfə ölümün əlindən birtəhər yayınıb, avtobus dayanacağına çatıram.

 Nə yalan deyim, ölüm qorxum həmişə olub. On beş il əvvəlin söhbətidir.

 Hər ay maaş alanda məscidə gedir, molladan atam üçün Quran oxumasını xahiş edirdim. Bir gün molla atamın adını tələsə-tələsə yazıb, pərdənin arxasına keçməyə can atırdı. Səhv elədim, düz elədim, deyə bilmirəm, amma maraq güc gəldi, qulaq asdım. Pərdənin arxasında “ustad dərsi” keçirilirdi. Bir molla qalın səslə deyirdi:

 – Yasa gedəndə seçin. Çalışın ağdamlıların məclisi olsun. Onlar ehsana nə versələr də, molla üçün ayrıca çolpa kəsib bişirirlər!

 Can şirindir, necə qorxdumsa, o vaxtdan məsciddən çıxanam. Elə bildim ki, ağdamlı olduğumu bilib, necəsə axırıma çıxacaqlar. Hazır “kliyent” öz ayağı ilə gəlib də…

 O vaxtdan bəri ölüm xofu məni belə sarmamışdı. Bu gün qəfil gözümə sataşan xəbər alnıma “danq” deyə dəydi. Olduğu kimi təqdim edirəm:

 Bakıda orta dəfn xərcinin infoqrafikası:

 Yuma, məscid xərcləri: 75 manat

Cənazə maşını: 100 manat

Cənazənin mənzilə qaldırılıb – endirilməsi: 200 manat

Molla (dəfn və yas mərasimləri): 600 manat

Çadır və ehsan (dəfn və yas mərasimləri): 3 500 manat

Cümə axşamları: 1 000 manat

Qəbir yeri və qazılması: 500 manat

Qəbrin üstü, başdaşı: 1 200 manat

Cəmi: 7 175 manat.

 Tez öz-özümə “yuyandan sonra evə qaldırıb endirməsələr də olar” deyib, ordan 200 manatı çıxdım. Gördüm ciddi bir fərq eləmir, “cəhənnəm” deyib, mollanı  da ixtisar elədim. Yenə məbləğdə elə bir nəzərə çarpacaq dəyişiklik olmadı.

 Ölümün qiymətini görəndən sonra yaşamaq ehtirasım heç vaxt olmadığı qədər gücləndi. Dərhal notebooku söndürüb, yatmağa getdim. Ölmək mənim harama yaraşıb?

 Səhər erkəndən qalxıb işləmək, qazanmaq, yaşamaq, həm də ölmək üçün vəsait toplamaq lazımdır.

 …Onu da deyim, o vaxtdan atama Quran oxutdurmuram, özüm oxuyuram. Əlimə keçən bütün yaxşı kitabları oxuyuram. Daha çox öyrənmək, daha çox bilmək istəyirəm. Bilirəm ki, onda daha çox fəxr edəcək mənimlə. Bir də hər dəfə onu xatırlayanda, bir az daha çox yaxşı adam olmağa çalışıram. Əminəm, onda ruhu şad olacaq.

 P.S. Və bəlkə həftə elə doğrudan da səkkiz gündən ibarətmiş. Sadəcə bizim xəbərimiz yoxdur. Ən azından o səkkizinci günün dadını çıxarmaq üçün yaşamaq lazım.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın