Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Naqifin naqisliyi – Xalid Kazımlı

Naqifin naqisliyi – Xalid Kazımlı

Baxırsan, bir damcı uşaqdır, amma özündən, yaşından, ranqından böyük-böyük sözlər danışır.

Əslində deputata “bir damcı uşaq” demək təbiri-caiz deyil, amma o gənci nə Gəncə xalqı özünə deputat seçib, nə də onun özü deputat olmağa layiqdir.

İllərdən bəri hakimiyyətə yarınan, bir çox xırda-para işlərə yarayan bu gənci, sovet dövrünün ibarəsi ilə desək, “qabağa çəkiblər”, cibinə mandat qoyublar, o da özünü mühüm bir şəxsiyyət saymağa başlayıb.

Söhbət YAP-ın Gəncə şəhər gənclər təşkilatının sədri Naqif Həmzəyevdən və onun dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə qarşı göstərdiyi sayğısızlıqdan, onun barəsində danışdığı yaman-yaman sözlərdən gedir.

Adamın ritorikası mürtəcedir, hiss olunur ki, o, bu dildə danışmağı indiyəcən kulisində dolaşdığı dairələrdə öyrənib. Özündən böyüklər riyakarlığı bacararaq çox zaman nəyi harada deməyi bilsələr də, gənc Həmzəyev elə bilir ki, hər yerdə, o cümlədən jurnalistlərin qarşısında bu cür danışa bilər.

Ən paradoksalı odur ki, gənc deputat sinəsində, pencəyinin nişan-medal üçün xüsusi olaraq dəlinmiş yaxalığında böyük öndər Rəsulzadənin qaldırdığı bayrağın əksi olan nişanı daşıyır, oturduğu bütün kabinetlərdə o bayrağın altında oturur, qatıldığı mərasimlərdə Rəsulzadənin qəbul etdiyi dövlət himnini dinləyir və gəlib dilinə belə ifadələr gətirir.

Rəsulzadə və silahdaşları onun yaşında olanda müstəqil dövlət qurmaq, yoxdan bir bayraq ucaltmaq istəyirdi, indi bu hazırına nazir olmuş birisi onların tarixi xidmətini yerdən-yerə vurur.

Görünür, Həmzəyev 3-4 il öncənin siyasi konyukturasına qapılıb, xəbəri yoxdur ki, hakimiyyətin Rəsulzadəyə münasibəti bir qədər dəyişib, yumşalıb.

Ən azı iki il öncə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı verilib, Mədəniyyət və Turizm Nazirliyi AMEA, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirib.

Həmzəyev isə bu sərəncamdan gerilərdədir, elə bilir ki, onun bu ritorikası mandat verənlərə xoş gələcək.

Əslində isə o, bizə müstəqil dövlət bəxş edən insanların liderini satqın, xain adlandırmaqla təkcə dövlətçiliyimizə qarşı çıxmır, eyni zamanda böyük öndərə hörmət ifadə edən dövlət başçısının iradəsinə qarşı gedir. Xüsusilə mərhum prezident Heydər Əliyevin Rəsulzadə haqqında dəyərli və müsbət fikirləri sosial şəbəkədə yayılandan sonra, bir çox məmurları Naqifin hansı dərəcədə naqis iş gördüyünü anlayar.

Bu tip mənsəbpərəst adamlar çox qorxuludur, siyasi vəziyyətin, hakimiyyətin dəyişəcəyi təqdirdə öz düşərgəsini ilk tərk edən, köhnə silahdaşlarına arxa çevirən, onları satan, üzlərinə duran məhz belələri olur. Sovetin partbiletini də ilk atan belə karyeristlər olmuşdu.

Hələ onun ətrafındakı gənc yalakaların söhbətinə baxın. Komanda aldıqlarında qarğa-quzğun toplusu kimi ağız-ağıza verirlər. Bu cür gənclər mənsəb və sərvət üçün hər şeyə hazırdırlar, məkrli məqsədlərinə çatmaq üçün hər şeyi satarlar.

Bu cür insanların hücumuna görə durub Rəsulzadəni müdafiə etməyə ehtiyac yoxdur. Onlardan daha elmli, daha yaşlı, daha ranqlı adamlar bir zamanlar dövlətimizin banisinə hücum ediblər və layiqli cavablarını alıb susublar.

Rəsulzadə haqqında isə onu demək olar ki, o, heç də bu xalqın sərvətinə əl uzatmayıb, hər zaman dürüst insan olub. Hətta SSRİ-dən Finlandiyaya mühacirət edərkən dövlətin ona verdiyi ezamiyyət pulunu da aparıb qəpiyinə qədər sovet səfirliyinə təhvil verib.

Heç kəs unutmasın, dünyanın aparıcı dövlətlərinin liderlərinin cəmi 5-10 il öncə prioritet sayaraq elan etdikləri “İnsanlara hürriyət, millətlərə istiqlal” devizini Rəsulzadə 97 il öncə səsləndirib. Bu şüar dünyada hələ indi-indi aktuallaşır. Söhbət zəmanəsini 100 il qabaqlayan bir demokrat liderdən gedir.

Bir detal da var və bu Naqif Həmzəyevə, eləcə də onun ətrafındakı yaltaq gənclərə çox aiddir. 30-cu illərin ortalarında Qara dəniz sahillərində böyük bir komsomol tədbirində iştirak edən Stalin azərbaycanlı gənclərə yaxınlaşır. Azərbaycan gənclərinin lideri dahi rəhbərə yaltaqlanmaq üçün əks-inqilabi qüvvələrə qarşı apardıqları amansız mübarizədən bəhs edir, arada Rəsulzadənin də qarasına danışır. Stalin vaxtilə ona yaxşılığı keçmiş adamın qarasınca bu cür həyasız-həyasız danışan gəncin sözünü kəsir və deyir: “Tanımadığın adamın haqqında belə danışma”.

İndi onun sözü olmasın, Naqif Həmzəyev, tanımadığın adamın haqqında belə danışma. Çıxışının əvvəlində elə bir tarixi şəxsiyyəti tanımadığını demisən, bu sözü siyasi mənada işlətmisən, amma görünür ki, sən Rəsulzadəni gerçəkdən də tanımırsan.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın