Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Müasir “xaşxaşilər”, yeni zombilər – Xalid Kazımlı 

Müasir “xaşxaşilər”, yeni zombilər – Xalid Kazımlı 

Bu mövzuda uzun illər öncə də yazmışıq. O vaxt kamikadze terroruyla dünyanı şoka salan təşkilatın adı “əl-Kaidə”ydi.

Bu terror təşkilatıtın fanatikləri Keniyanın paytaxtı Nayrobidə partladıcı dolu avtomobillə ABŞ-ın hərbi bazasını, ələ keçirilmiş sərnişin təyyarələri ilə Nyu-Yorkda əkiz qüllələri və Pentaqonu partlatmışdılar. Bundan başqa, “əl-Kaidə” Londonda, Madriddə, İstanbulda və başqa şəhərlərdə insan tələfatı ilə nəticələnən teraktlar törətmişdi.

Dünya yeni bir terror trendi ilə üz-üzəydi. Terrorçu-kamikadzelərlə bacarmaq çətin idi. Başqa vaxt adamı həbslə, edamla qorxudub cinayətkar əməldən çəkindirə bilirdilərsə, kamikadze terroru halında adam həbsdən, işgəncədən qorxmur, öz ölüm hökmünü özü çıxarır və özü icra edirdi.

Bir ara kamikadze hücumları lap çox oldu. Ataları, ərləri, qardaşları öldürülmüş bir neçə çeçen qadını da Rusiyada bənzər addımlar atdılar, ancaq sonra kamikadzelik edərək “birbaşa cənnətə düşmək” istəyənlər, “özünü xalqın azadlığı yolunda fəda etməyə hazır olan”lar, “din yolunda şəhidlik mərtəbəsinə ucalmaq” niyyətində olanlar azaldı.

Belə görünürdü ki, öz əzizlərinin bir tükünə belə zərər gəlməməsinə çalışaraq, bunu təmin edənlər artıq məchul ideyalar uğrunda qurban vermək üçün zombi tapa bilmirlər. Bəzən onların ölümə göndərdikləri fanatiklər son anda fikirlərini dəyişir, özlərini və başqalarını partladıb öldürməkdən vaz keçirdilər. Belə olanda uöursuz kamikadzelər öz ideya rəhbərləri tərəfindən öldürülürdü.

Bir şey aydın idi ki, ağıllı, savadlı, təhsilli, dünyagörüşlü adamların içindən kamikadze olmağa namizədlər tapmaq mümkün deyildi. Terror təşkilatlarının rəhbərləri bu cür şəzsləri bir qayda olaraq kimsəsiz, təhsilsiz, cahil, nadan gənclərin içindən seçirdilər, onların onsuz da küt beynini yuyur, psixoloji təsirə məruz qoyur, hipnoz altına salır, başlarını “cənnətdəki gözəl hurilər” barədə cürbəcür nağıl və əfsanələrlə doldurur, zombiləşdirir, ölümə hazırlayırdılar.

Yəqin o zombilərin heç biri heç vaxt ona “din yolunda şəhid olanlar cənnətə düşür və orada əbədi kef edir” deyən rəhbərlərinə “bəs bunu özünüz niyə etmirsiniz” deməyiblər. Desələr də, o qədər hazır cavablar ala bilərdilər ki. Məsələn, bu cür: “Bizim missiyamız başqadır, görüləcək işlərimiz var”; “Qoy kafirlərin dərsini verək, biz də bir gün qismətimizdə varsa, şəhid olar, cənnətə düşərik”; “Bu, hər kəsə nəsib olan səadət deyil, Allah şəhid olmağı sizə qismət edib” və s.

Beləcə, bu minvalla hazırlanan zombilərin belinə bağlanan və adına “şəhid kəməri” deyilən bomba düzənəyi ilə nə qədər məsum insanın həyatına son qoyulur. Hazırda PKK da öz zombiləri “kürd xalqının müstəqilliyi və xoşbəxtliyi yolunda ölümə getmək şərəfdir” ruhunda hazırlayır.

Kamikadze-zombilər terror təşkilatlarının ən güclü silahıdır. Amma onlar bunu arzuladıqları qədər kütləviləşdirə bilmirlər. Çünki həyat şirindir. Bir çox insanlar terrorçu olaraq, döyüşmək istəsələr də, öz barmaqları ilə bir düymə sıxaraq ölmək istəmirlər. Bir var adam çıxılmaz vəziyyətə düşsün, sona qədər döyüşsün, xilas yolu olmadığını görərək, düşmənə zərbə vurmaq üçün tarana getsin, bir də var, adam asudə gəzdiyi halda belinə bomba bağlasın və tam günahsız, dinc insanları özü ilə bərabər öldürsün.

Görün, kamikadzeləri necə zombiləşdirirlərsə, onlar günahsız insanları – məsum körpələri, sevgili gəncləri, balalarının yanına tələsən valideynləri öldürərək, belə bir ağır cinayətə, dini baxımdan götürsək, bağışlanmaz günaha girərək, cənnətə düşəcəklərini zənn edirlər.

Bu, normal insan təfəkkürünün qəbul edə bilməyəcəyi bir durumdur. Heç demə, xurafat zəhəri ilə insanı insanlıqdan çıxarmaq, onu beyin qırışları sıfır həddində olan heyvana döndərmək mümkündür.

İnsanları zombilərə çevirmək ənənəsi isə lap qədimlərdən gəlir. Min il əvvəl, dünya tarixinin ilk terror təşkilatı sayılan “xaşxaşilər” təriqəti də öz siyasi məqsədlərinə çatmaq üçün zombiləşdirilmiş qatillərdən istifadə edib. Bu təriqətin rəhbərləri öz üzvləri xaş-xaşla uydurur, bir gün ərzində cənnətə bənzər məkanda, gözəl qadınların əhatəsində bəsləyir, əyləndirir, daha sonra yenə xaş-xaşla uyudub, yenidən ayıldırmışlar. Yeni bir məkanda oyanmış adama deyirmişlər ki, bax, dünən yaşadığın yer cənnət idi, biz deyənləri eləsən, yenə ora gedəcəksən.

Əsrlər dəyişib, hələ də nadan insanları bu cür aldadır, tovlayır və siyasi məqsədlərlə istifadə edirlər.

Şərq ölkələrindəki cəhalət qaldıqca və artdıqca yeni-yeni kamikadzelər yetişdirmək çətin olmayacaq.

Həmçinin oxuyun

Ermənistan Qarabağdakı itkilərinin yeni sayını açıqladı

Ermənistan tərəfi ikinci Qarabağ döyüşlərində verdiyi itkilərlə bağlı yeni rəqəmlər açıqlayıb. Ermənistan baş nazirinin birinci …

Bir cavab yazın