Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Mahmud Quliyev kimi təhqir etməyib ki?! – Günel MÖVLUD

Mahmud Quliyev kimi təhqir etməyib ki?! – Günel MÖVLUD

Bir neçə il bundan əvvəl idi. Çalışdığım qəzetlərdən birində Biləsuvardakı köçkün düşərgəsindən reportaj yazmışdım. Cəbrayıl rayonundan, yəni doğulduğu rayondan olan köçkünlərin dərd-sərindən yazmaq istədim. Qeyd edim ki, valideynlərim o vaxt da, indi də orda yaşayırlar. Cəbrayıllılardan bir nəfər dedi ki, icra başçısı Mahmud Quliyev göstəriş verib, onun maşın karvanı (!) qəsəbə yollarında gedəndə, başqa maşınlar hamısı yoldan çıxmalı, icra başçısının maşını gözdən itməyincə yollarına davam etməməlidirlər.

Nəsə, mən də reportajda bu barədə yazdım. Bir həftədən sonra telefonuma gəlməyən təhqir, söyüş, təkzib tələbi qalmadı. Atam rayondan zəng elədi ki, icra başçısı arxamca polis göndərib ki, aparsınlar onun yanına. Atama dedim ki, icra başçısının onun arxasınca polis göndərmək kimi bir ixtiyarı yoxdur. Heç yana getməsin, təzyiq-zad da olsa, mətbuata xəbər eləsin.

Bir-iki həftə sonra rayona getdim. Gördüm, ailədə hamının halı pisdir. Nəsə hamı pərtdir. Soruşdum ki, nə olub, demədilər. Sonra qonşulardan öyrəndim ki, icra başçısı iclas keçirib. O məlumatı mənə kimin verdiyini öyrənmək istəyib. Sonra da hamının yanında mənə ana söyüşü söyüb. Sağ olsunlar, bizim yerlilərimiz də söyüşü tez valideynlərimə çatdırıblar.

Təsəvvür edin ki, bir azərbaycanlı kişinin həyat yoldaşına söyürlər. Mən heç bir söyüşə görə, heç bir zorakılığı dəstəkləmirəm. Amma bizim xalqın mentalitetini hamı bilir. Yəni normalda bir azərbaycanlı kişi başqa bir azərbaycanlı kişinin həyat yoldaşına söyəndə, hansı yollasa cavabını alır. Yenə də deyirəm, mən bunu dəstəkləmirəm. Amma belə olur adətən. Təbii ki, söhbət bərabər güclərdən gedir. Sağlam, iri cüssəli, yanaqları qıpqırmızı icra başçısı cılız, xəstə, heç bir vəzifəsi olmayan köməksiz bir adamın ailəsini hamının yanında təhqir etmiş və cavabsız qalmışdı.

Sonralar eşitdim ki, cəbrayıllıları, yanına şikayətə, kömək ummağa gələnləri, yaşlı, kimsəsiz qadınlardan tutmuş, ağsaqqala, uşağa, məhdudiyyəti olana qədər hər kəsi təhqir eləmək bu adamın ən zövq aldığı hobbi dir. Cabrayıl camaatının dediyinə görə bir dəfə şikayətçinin məktubunu hamınını yanında cırıb, şikayətçinin başına səpmişdi, bir dəfə yardım istəməyə gələn bir dəstə qadına “sizə yardım gələcək, bir maşın p.x zakaz vermişəm” demişdi, bir dəfə fiziki məhdudiyyəti olan insanı təhqir eləmişdi. Bir deyildi, iki deyildi eşitdiklərim.

Bəs, bunları indiyə qədər niyə yazmırdım? Ona görə yazmırdım ki, sübutum yox idi. Bu gün onun bir vətəndaşı təhqir etdiyi video məni illərdir valideynlərim də daxil olmaqla, cəbrayıllıları təhqir edən bir adam barədə yazmağa ürəkləndirdi. Və təsdiqlədi ki, bu adam eşitdiyim təhqirləri etməyə qadirdir.

Təhqirdən əlavə  Mahmud Quliyev cəbrayıllıların yaşadığı yerdə qorxu mühiti yaradıbmış. Şəxsən mənim valideynlərim dəfələrlə mənə yalvarıblar ki, ondan heç nə yazmayım. Anam yazıq qorxa-qorxa mənə deyirdi ki, Mahmud Quliyev bizim ailəni sürgün edər. Təsəvvür edisiniz?! M. Quliyevin qoluzorlu qohumlarından, özünün gücündən, nüfuzundan, imkanlarından qorxurlar. Yazıq cəbrayıllılar imkansızlıq, köçkünlük, qəribçiliklə yanaşı, heç kimdən çəkinməyən, özünü orda hakimi-mütləq hesab edən, bütün qanunlara tüpürən bir icra başçısının qorxusuna, təhqirinə, söyüşlərinə də dözməlidirlər. Videoda hamı bu adamın mədəni səviyyəsini, danışıq tərzini, insanlarla davranışını gördü.

Amma cəbrayıllılar da daxil olmaqla xalq üçün ən böyük təhqir bu adamın icra başçısı olmasıdır. Olması və icra başçısı qalmasıdır. Öz ləyaqətini, namusunu, şərəfini qorumaq istəyirlərsə, cəbrayıllılar bu adamın onların icra rəhbəri olmasına dözə bilməzlər. Nə bilim, məncə bu cür təhqirə dözmək mümkün deyil.

Mənim atam, anam təhqir olunanda, bu bir qədər də şəxsi məsələ idi. Təhqirin sübutu yox idi. Amma indi, ortada sübut var. Videomaterial var. Təhqir var, əyani təhqir olunan var. Bu təhqir indi o bir adama qarşı deyil, bütün Cəbrayıla, bütün Qarabağa, nəhayət, bütün xalqa yönəlmiş təhqirdir. Onun təmsil elədiyi ünvana, kürsüyə, hökumətə, prezidentə, qanunvericiliyə təhqirdir. Hər şeyə, hər kəsə təhqirdir. Hər bir azərbaycanlı bu videodan sonra təhqir olundu.

Və bu təhqirin bircə yuyulma üsulu var. Mahmud Quliyev o adamı Böyük Mərcanlıdan olan Mahmud kişi kimi təhqir etməyib. İcra başçısı olaraq, təhqir edib. İcra başçısı kimi də cəzasını almalıdır.

Həmçinin oxuyun

Düşmən atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …

Bir cavab yazın