Ana səhifə / Cəbhə Xəbərləri / Mənsimovun gəmilərini necə batıraq? – Əlişir Əhəd

Mənsimovun gəmilərini necə batıraq? – Əlişir Əhəd

[email protected]

Dəniz müharibələri tarixində çox döyüşlər var. Ən çətin döyüş açıq dəniz döyüşüdür. Adətən, zəif rəqiblər güclü rəqibi açıq dənizdə yenmək üçün ya çox yaxşı strateq olmalıdır, ya gecə qayalar arxasında pusqu quracaq  qədər hiyləgər, ya da hər cür ləkə yaxacaq qədər həyasız.

Güclü bir admiralı ya xəyanətlə, ya böhtanla, ya da qəfil pusqu qurmaqla məğlub edə bilərsən.

Bu gün hamımızın xeyriyyəçi iş adamı kimi tanıdığımız, Azərbaycan övladı Mübariz Mənsimov da asanlıqla yeniləsi olmayan admirallardandır.

Azərbaycan mətbuatında bir çoxları əlində balta qurbanını gözləyən cəllad kimidir. Gündəm bir balaca dəyişsin, kimin kimdən umacağı, “alacağı” varsa, mütləq özündən bir şey uydurub günahsız adamları da ləkələyəcək, hansısa cinayətlə və ya cinayətkarla əlaqə tapacaq.

Əgər bu adam müxtəlif ölkələrdə on minlərlə insana iş verən bir adamdırsa, burda hər hansı təsadüfdən, ya da sadə bir “jurnalist təşəbbüsündən” söz gedə bilməz.

Bəllidir ki, müəyyən şəxslərin və ya qrupların gecə-gündüz cavab axtardığı, onların yuxusuna belə haram qatan bircə sual var: “Mənsimovun gəmilərini necə batıraq?”

Bu insanın bütün ömründə görmədiyi adamlara belə bircə dəfə rast gəldyində də təmənnasız yardımı, ağız açıb əl uzadanlara minnətsiz köməyi, lazım olanda fədakarcasına, heç kimdən müraciət gözləmədən könüllü təşəbbüslərlə çıxış etməsi nədənsə diqqətdən kənar qalır, amma…

Bir gün üsyançıların tələbləri ilə maraqlanan II Yekaterina onların nə istədiyini soruşur və eşitdiyi cavabdan sarsılır: “Necə yəni rədd olsun varlılar? Ölkədə varlılar niyə olmasın ki? Gedin onlara deyin ki, mənim sülaləm iki yüz ildi mübarizə aparır ki, bu ölkədə kasıb olmasın”.

Azərbaycanda dünyaya gəlib heç əməlli-başlı Azərbaycanın çörəyini yeməyə, Volodarskinin kostyumlarını alıb geyinməyə imkan tapmayan Mübariz Mənsimov bütün həyatını Azərbaycandan kənarda yaşayıb və işləyib. Nəyi əldə edibsə, Azərbaycandan kənarda əldə edib.

Bəs Azərbaycan üçün nə edib? Ən azından, ölkəmizin yeyinti sənayesinə, bölgələrin inkişafına töhfə verib. Bu gün cənub bölgəsində yüzlərlə, minlərlə ailənin dolanışığını təmin etmək üçün mükəmməl bir mexanizm yaradıb, kəndlərin abadlaşdırılmasına, dağılmış fermer təsərrüfatlarının bərpasına yardım edib. “PalSüd” şirkətinin əməkdaşları kəndləri qapı-qapı gəzib evlərdən süd toplayır, insanlar isə evdən bayıra çıxmadan, müştəri axtarmadan pul qazanırlar.

Əlbəttə ki, halal zəhmətlə. Kəndli də halal zəhmətlə qazanır, sahibkar da.

İndi Azərbaycanın onlayn və print mətbuatına baxırsan, sanki hamı qəsdinə durub ki, Mübariz Mənsimov adında iş adamı olmasın. Bu mümkündü – təkcə Azərbaycanda! Mübariz Mənsimov gəmiçiliklə və yükdaşıma ilə məşğuldur. Uzaqbaşı Xəzərin bu başından o başına yükdaşımalar da olmayacaq. Xub!

Azərbaycan dünya okeanının sahibi deyil axı!

Bax Mübariz Mənsimovun “günahı” budu: Azərbaycanı dünya okeanı boyda sayır. Gəlir burda, Azərbaycanda yaxşı, dəyərli, qiymətli olan insanların adına gəmi inşa etdirir. İndi neynəsin ki, Eldar Mahmudov nəinki dədəsini, bu boyda dövlətin imicini zərbə altında qoyub? O gəmidən Polad Bülbüloğlunun da atasının adına inşa olunub. Axı Mübariz Mənsimov o gəmiləri oğullarına görə yox, dədələrinin Azərbaycan qarşısında xidmətlərinə görə inşa etdirib!

Eldar Mahmudovun atasının adına olan gəmini MTN-in pulları ilə inşa etdirməyib ki!

Ya da, bu gəmidə “Meşə qardaşları”nı və onların silah-sursatını daşımayıb ki!

Bəlkə, “Mübariz İbrahimov” gəmisinin inşasında da nəsə çirkin əməl var, biz bilmirik?

Yoxsa, kiminsə əlində faktlar var? Buyursunlar…

Digər tərəfdən, adamın tərcümeyi-halı məlum, gördüyü iş məlum. Fəaliyyət dairəsi məlum. Qazancı məlum. Durub deyəsən meşələrnən, səhralarnan xəlvəti yük daşıyıb, nəsə əldə edib, susarsan. Adam gəmiylə yük daşıyır, gəminin çıxacağı ünvan da bəlli, çatacağı ünvan da. Nəinki 24 saat öncə, hətta on gün əvvəldən internet vasitəsiylə də bilmək olar ki, “Palmali”nin hərəkət marşrutunu.

Ən yüksək tribunalardan, ən uzaq diyarlardan Azərbaycan adına boylanan, Azərbaycan adını sinəsindən – gəmilərinin tanınma nişanı yerində dünyanın nəhəng su hövzələrində göz önündən əskiltməyən birinə qarşı bu münasibət nədən axı? Axı nə niyyət var “Eldar Mahmudovla ilginc əlaqəsi” hədyanında? Adama deməzlər Eldar Mahmudov üçün neyniyirdi axı Mübariz Mənsimov – “Palmali” şirkəti? Nəyini daşıyırdı?

Bir də, axı kim kimə cavabdeh, kim kimin tabeçiliyində?

Peyğəmbər həzərətləri deyirdi ki, gün gələcək, evinə mömin qayıdan evindən kafir çıxacaq, evindən mömin çıxan evinə kafir qayıdacaq. Vay o günə!

Vay bizim bu günümüzə ki, biz övladlarımızı varlı görmək istəmirik!

Vay bizim bu günümüzə ki, kəmfürsətik!

Mübariz Mənsimov Azərbaycan adına iş görməkdən yorulmur, Azərbaycandakılar zor-xoş onu harasa calamaqdan.

Ona “dur, etmə” demək olmur – adam vətənini sevir!

Bunlara da “dur, etmə!”demək olmur, bunlar da vətən adına danışır.

Mübariz Mənsimovun etdikləri göz qabağında. Sübuta ehtiyac yox.

Bunların da etdikləri göz qabağında, sübuta ehtiyac varmı?

Fərq bircə ondadı ki, bizimkilər bizim olmaq istəyəni bizim olmağa qoymur.

Sözqoşanlarımız çox, gözdikənlərimiz saysız-hesabsız.

Görünür ki, bəzi şəxslər özlərində “açıq dəniz” döyüşü üçün fərasəti və cürəti tapmayanda başqa üsullara keçiblər.

Day-day tanımayan dalğalar da, bir gün o sığındıqları qayalara çırpacaq leşlərini…

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın