Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Məni bağışla, Mustafa! – Könül Quliyeva

Məni bağışla, Mustafa! – Könül Quliyeva

Mus…Mus… deyincə elə birdəfəlik Mustafa deyəcəm.

Bəli, sözümün canı Mustafadır. Ancaq bu, sizin düşündüyünüz “türkün məsəli” Mustafadan deyil. Mənim 4 ildir üzünü görmədiyim, səsini eşitmədiyim, hər gün qoxusunu burnumda hiss etdiyim, həm çox ağıllı, həm də özünəməxsus nadincliyi olan, dəli-dolu Mustafamdır. Biz ayrı düşəndə onun 5 yaşı var idi. O, təkcə mənim övladım deyildi – atam, qardaşım, bir sözlə, yaşam amalım idi. İti düşüncəsi ilə həmyaşıdlarından fərqlənən Mustafa bir ana kimi təkcə məni yox, bağçada bütün müəllimləri, bütün doğmalarımızı, yaxınları heyrətləndirirdi. O yaşından daha tez böyümüş, 5 yaşlı uşağın düşünə bilmədiyi şeylər haqqında düşünür, həyatın çətinliklərini anlayır, balaca yaşda anasına təskinliklər verərdi. O bapbalaca ürəyi ilə mənim qayğıma qalar, mənə həyatda ayaq üstdə durmağı öyrədərdi. Sual etsəniz ki, 5 yaşlı uşaq bunu sənə necə öyrədə bilərdi? Cavabım çox sadədir: “Həyatı qədərindən artıq sevməklə”.
Hər gün bağçadan gələndə bacıları ilə söhbətini dinləyər, özümü dünyanın ən xoşbəxt anası hiss edərdim. Düzü, 5 yaşlı uşağın ən kiçik detallara belə diqqət etməsi mənə qəribə gəlirdi. O, uşaqdan daha çox bir kişi təsiri bağışlayırdı mənə. “Mənim anam bütün analardan qəşəng görünməlidir” – deyib məndən hər gün yeni paltar geyinməyimi, bəzənməyimi tələb edərdi. Mən də “bala, mən müğənni deyiləm ki, bəzənəm, gündə bir paltar geyinəm” deməklə bu “balaca şeytan”ı yola verirdim.
Canım Mustafam, bilsəydim ki, tezliklə bizim ayrılıq saatlarımız başlayacaq, bu qəddar həyat bizi bir birimizdən ayrı salacaq sənin gözündə daha gözəl görünməyim üçün dediklərinə sözsüz əməl edərdim. Amma indi bunları düşündükcə köks ötürürəm. Bəs niyə o zaman bunları etmədim?
Demək ki, bir balaca körpənin əlçatmaz olmayan arzusunu reallaşdıracaq qədər, sənin düşündüyün kimi yaxşı ana olmamışam. Bağışla məni Mustafam!
Gecənin bir yarısı sizdən xəbərsiz ağlayanda səsimə oyandın. Çox kövrəldin, məni qucaqlayıb göz yaşımı silərək – “Ana, mən bilirəm sən niyə ağlayırsan, qorxursan… qorxursan ki, bizi oxuda bilməyəsən. Bizim evsiz olmağımızdan qorxursan. Mən oxumaq istəmirəm. İşləyib sənə kömək edəcəm. Böyük bir ev tikəcəm, hər yerini bəzəyəcəm. Bizim hər şeyimiz olacaq, ana!” – dedin.
Məni bağışla, Mustafam! Kiçik ürəyindəki böyük arzularını doğrulda bilmədiyim üçün! Məni bağışla, Mustafam, səni qoruya, öz yanımda saxlaya bilmədim.
İndi göz yaşlarım içində bu məktubu sənə yazıram… Bəlkə də sənin bu məktubdan ömür boyu xəbərin olmayacaq. Ya da oxusan belə hansı hissləri yaşadığımı anlaya bilməyəcəksən.
Sənin nə vaxtsa gəlib məni axtaracağını bilirəm. Ona görə də, mənim səndən bircə xahişim var, Mustafam: “Məni sənsiz buraxma… Qəddimin əyilməsinə imkan vermə! Necə ki, canımda can var, arzularımı gözümdə qoyma. Necə getmişdin, eləcə də dön geri. Bax, sənin buraxdığın yerdəyəm. Gözümü bir nöqtəyə dikib yaşamıram, gözləyirəm… Səni, sənin yolunu gözləyirəm, Mustafam!”.
Azinforum.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın