Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / İqbal müəllim və toyuqlar

İqbal müəllim və toyuqlar

Yaz aylarında deputatxanada deputatın etik davranış qaydaları haqda qanun müzakirəyə çıxarılmışdı, hətta bəzi orda düyməgəzdirən yoldaşların yüngülvari etirazına səbəb olmuşdu. Həmin qanun deputatların əlindən mandatı almaq fürsətlərini genişləndirirdi. Hansısa təhqir elədin – mandat uçdu. Seçicidən 60 manat borc aldın – yenə qovuldun. Bu cür gülməli şeylər vardı təzə qanunda. Sən demə, hazırkı qanuna görə deputat seçicidən ancaq 50 manatlıq hədiyyə ala bilərmiş. Ondan yuxarısı rüşvətdir. O cümlədən, guya bizdə deputatı işdən qovmaq kiməsə lazım imiş. Ziyansız adamlardır, oturublar da orda, özləri üçün.

Ancaq bunları yazmaqda məqsədim deputatları müdafiə eləmək deyildir. Necə deyərlər, Allah vurmuşdu elə onları… Sadəcə, bugünlərdə Lerikdən deputat İqbal müəllimin (bunu o biri İqbal müəllimlə də qarışdırmaq olar, hərçənd o biri İqbal müəllimin deputat mandatı daha yoxdur və olacağına ümid görünmür – “ümidli gələcəyimiz”i də beləcə zad eləyiblər) başına gəlmiş iki əhvalat media səhifələrimizdə parıldadı, diqqətimizi çəkdi. Birində yazmışdılar Lerikdə İqbal müəllimin broyler fabrikində partlayışlı yanğın olmuşdur, o birində isə deputatın mənzil fırıldağına qurban getməsi lirik formada təsvir edilmişdi. Bax, elə bunları oxuyanda mən o davranış qanunu adlanan şeyi xatırladım. Demək, heç qanuna ehtiyac yoxdur, vaxtaşırı ana təbiət özü deputatlarımızı cəzalandırırmış.

Broyler fabriki xəbərində deyilirdi ki, İqbal müəllim kəndlilərin pay torpaqlarını qamarlayıb, şirə zavodu açmağa söz verib, ancaq sonra aldadıb toyuq ferması açıbdır. İndi o toyuqların qanı, fabrikin zir-zibili camaatın su içdiyi çaya axırmış.

Vah-vah… Rəhmətliyin uşağı, seçkiqabağı yolunuza asfalt çəkəndə yaxşı idi, indi suya bir-iki toyuq zılı atanda pis? Vallah, adam bunların əlindən qaçıb İngiltərə deputatxanasına getmək istəyir. Get, İqbal müəllim, get… Eyni zamanda, İqbal müəllim toyuqların başını kəsəndə qanı nə etsin? Bəlkə maşına yığıb gətirib Milli Məclisin qabağında fontana buraxsın və ordan qırmızı sular axsın, hər dəfə iclas açılanda Oqtay müəllim himni oxuyarkən “Qan tökməyə cümlə hazırız” sözlərini bu fona baxaraq hayqırsın? Çətin işdir. Qan harasa axmalıdır. Bu, qanın əsas xüsusiyyətlərindən biridir. Siz hələ sevinin. Bəzi deputatlar donuz ferması saxlayır, orda seçicilərin suyu-çayı haram məhsula dönür, heç kim cənnətə düşmür.

Hətta bəzi elmi araşdırmalara görə, toyuq qanı elə təbii şirə sayıla bilər – ancaq bunun üçün gərək şələ quyruğun olsun. Bu da sizə şirə zavodu, daha nə istəyirsiniz? Bəyəm, deputat seçicilərə quyruq da taxmalıdır? Bəsdir bu qədər əfəllik…

İkincisi (özümüzü elə aparaq, guya birincidə nəsə varmış, oxucu isə düşünsün ki, senzura yazını ixtisar edibdir), İqbal müəllimin göydələnlərdən 3-4 mənzil almağa cəhd edərkən aldadılması və yarım milyon dollardan artıq – hardasa 650 min dollar – ziyana düşməsi elə toyuq qanına görə qisas alan leriklilərin hərəkətinə bənzəyir. Məncə, hüquq-mühafizə orqanları bu versiya üzərində toyuq yolmağa hazır olmalıdır. Deyir, deputat evlərə pulu qabaqcadan ödəyib, ancaq sonra ev tikən şirkətin müdiri fırıldaq çıxıb, tutublar, intihar eləyib, başqa şirkətə veriblər, intihar edən fırıldaqçı isə başqa nazirin qahımı imiş və sairə. Bu əqrəbalıq sxemləri, əlbəttə, bizim administrativ gözəlliklərdən biridir, ancaq temadan uzaqlaşmayaq, yoxsa adının çəkilməsini istəməyən tülkü gəlib toyuqları – temamızı aparar, yazısız qalarıq.

Yazı üzərində düşünərkən İqbal müəllimin adı da diqqətimizi çəkdi. Bu, ərəbcədən gəlmə “tale, bəxt” anlamını verir. Demək, İqbal müəllimin iqbalı hələlik yaxşı getmir. Fabrik yanır, ev ala bilməyib vağzalda yatır, seçicilərə nəsə acıqlansa intizam komissiyası mandatı tutub alacaq və sairə… Bir ata sözündə deyilən kimi, (təbii, lətifəsi uzaq olsun) əri döyən arvadı, it də tutdu bir yandan.

Hələlik bu qədər. Hamınıza xoş xəbərlər oxumaq arzusu ilə.

Zamin HACI

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın