Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “İndiki gənclikdə böyük döyüş ruhu görürük” – Birinci Qarabağ savaşının qaziləri danışdı

“İndiki gənclikdə böyük döyüş ruhu görürük” – Birinci Qarabağ savaşının qaziləri danışdı

Bir aydan çoxdur ki, Azərbaycan Vətən savaşı aparır. Bu günlər ərzində Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu düşməni işğal altındakı torpaqlarımızdan qovmaqda davam edir.

Rəşadətli ordumuzun apardığı müharibə dünyanın hərbi ekspertləri tərəfindən də yüksək qiymətləndirilir. Hətta bildirilir ki, Azərbaycanın bu müharibədəki təcrübəsini dünyanın inkişaf etmiş ölkələri də diqqətlə izləyir, öyrənirlər.

Təbii ki, itkisiz qələbə də mümkün deyil. Yəni bu müharibə əsnasında Azərbaycanın heç şübhəsiz ki, şəhidləri, yaralıları da olur. Bu da bir başqa qürurdur. Düşmənə də bəllidir ki, Azərbaycan tərəfdən kimsə cəbhəyə məcburi formada aparılmayıb. Hər kəs şəhid, qazı olmağı da gözə alıb və daha çox qələbə arzusu, işğal altındakı torpaqlarımızı qaytarmaq eşqi ilə, könüllü olaraq döyüşlərə can atıblar.  Bu gün də gənclərimiz hərbi komissarlıqların önünə axın edirlər.

Eynilə 1990-cı illərdə də bu cür idi. Xalq yenə də, həmin xalqdır. Sadəcə olaraq,  nəsil dəyişib. Artıq İkinci Qarabağ savaşının da qaziləri var. Bu savaş  dilimizə “İkinci Qarabağ savaşı qazisi” kimi ad, müraciət gətirdi. Deyildiyi kimi, bir zamanlar Qarabağdan bələkdə çıxanlar indi düşmənin üstünə tank belində qayıdırlar.

Etibar Əmiraslanov — Vikipediya

Etibar Əmiraslanov: “Müraciət edirik ki, savaşda bizdən də istifadə etsinlər”

“Yeni Müsavat”a danışan “Bozqurd” batalyonunun komandiri, Qarabağ qazisi Etibar Əmiraslanov bildirib ki, hazırda döyüşən gənclərdə böyük savaş ruhu var:

“Birinci Qarabağ savaşının qazilərindən hər gün mənə çoxsaylı zənglər gəlir. Dəfələrlə vurğulamışam ki, gənclər bizim millətimizin sayını artıranlardır. Ona görə də müraciət edirik ki, savaşda bizdən də istifadə etsinlər. Bizim savaş meydanındakı təcrübəmiz az da olsa, gənclərimizdən çoxdur. Vətənim uğrunda erməniyə kim bir güllə atırsa, onun qarşısında baş əyirəm. Bu günün, dünənin qazisi mənim üçün eyni dəyərdədir. Hazırda dronlarla ordumuz düşmənin başına od yağdırır. Lakin yaxın məsafədən savaş da fərqlidir. Dron bütün hədəfləri məhv edir və döyüşçülərimiz üçün şərait yaradır. Onlar artıq məhv edilən yerə girirlər. Bir də var ki, girib məhv edirsən. Kəndlərin içərisində savaşmağa köhnə qazilərə ehtiyac var. Düşünürəm ki, hazırda bizim gənclərimizdə çılğınlıq çoxdur və onlar buna görə yaralana, şəhid ola bilərlər. Könüllülərin sayı-hesabı bilinmir. Hamı savaşa getmək istəyir. Biz Ali Baş Komandanımıza müraciət etmişik ki, heç olmasa biz qazilərə şərait yaradılsın, Qazağın ermənilərin işğalı altında olan 7 kəndi uğrunda döyüşək, onları geri alaq”.

Tovuzda çox sayda muzdlu döyüşçü məhv edilib... ” - Rey Kərimoğlu | Eurasia  Diary

Rey Kərimoğlu: “Köhnə qazilər, indiki əsgərlərə dəstək verir və birlikdə Vətən müharibəsi aparırıq”

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da bildirib ki, Azərbaycanda yeni və ya köhnə qazi anlayışı ola bilməz: “Əvvəlcə onu deyim ki, gənclərimizin bu cür vətənpərvər olmalarının hər zaman şahidi olmuşam. Azərbaycan gəncliyi 2015-ci ilin avqust hadisələrində, 2016-cı ilin aprel döyüşləri zamanı özünü təsdiq etdi. Göstərdi ki, həm 1991-94-cü illərdə, həm də indi gənclərimiz vətənpərvərlikləri, emosionallıqları ilə seçilirlər. Qazilər Birliyinin xətti ilə biz oktyabr ayında cəbhənin Füzuli istiqamətində ”N” saylı hərbi hissədə olduq. Səfərbərlik xətti ilə çağırılan əsgərlərlə görüşüb, onlara öz döyüş biliyimizi, təcrübəmizi çatdırırdıq. Bunun 1 ay ərzində çox böyük effektləri oldu. Yəni gənclərimiz müharibə görən qazilərlə bir kazarmada qalırdılar, birlikdə təlimlərdə olurduq. Eyni zamanda vətənpərvərliyin təbliği ilə də məşğul olurduq. Müharibənin elə nüansları var ki, bu, hər insanda fərqli reaksiyaya səbəb olur. Biz bu barədə də onlara danışır, öncədən məlumat verirdik. Hazırda yenə də qruplarımız cəbhədə bu istiqamətdə fəaliyyətlərini davam edir, döyüşə gedən əsgərlərlə bilik və bacarıqlarını bölüşür. Yəni köhnə qazilər indiki əsgərlərə dəstək verir və birlikdə Vətən müharibəsi aparırıq. Gənclərdə böyük ruh yüksəkliyi var. Bunu biz cəbhədə görmüşük. Yaralanan əsgərin yerinə 20 əsgər qabağa çıxırdı ki, komandir, bizi onun yerinə göndər. Bir şəhidin yerinə onlarla əsgər meydana atılırdı. Vətənpərvərlik hissi, nizam-intizam yerindədir. Bu da bizim qələbəmizin təməl prinsipidir. Vətənpərvərlik, nizam-intizam, döyüş ruhu hamısı yerindədir və çox yaxında qələbəmizin xəbərini alacağıq”.

Həmçinin oxuyun

ANAMA 31 mina və partlamamış hərbi sursatı zərərsizləşdirdi

20-23 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, …