Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəbhə Xəbərləri / İmdad dilədiyim bütün dövlət orqanları  qulaqlarını qapadı – Könül QULİYEVA

İmdad dilədiyim bütün dövlət orqanları  qulaqlarını qapadı – Könül QULİYEVA

Bu gecə yuxuma gəlmişdin…
Yenə həmişəki kimi səssiz-səmirsiz.
Üsyan dolu yalvarışlı baxışlarınla sanki məndən imdad diləyirdin. Mən də səni bağrıma basıb öpərək, qucaqlayıb yalvarırdım…
Bircə kəlmə danişasan deyə yalvarırdım. Nə qədər çox susurdunsa bir o qədər də ürəyimi parçalayırdın. Sənin səssizliyindəki üsyana dözmək cəhənnəm əzabında qır qazanda yanmaqdan daha betəriydi. Nəhayət sənin səssizliyinə dözməyib fırtına kimi kükrəyib hər iki çiyinlərindən tutub silkələyərək üstünə bağırdım. “Susma”, “danış” deyib daha çox silkələyirdim. Mənim bu qəzəbli halım səni yaman qorxuzdu.
Qorxdun və danişdın…
“Ana, danışmağa qorxuram” dedin! Və mənə sarılıb ağladın…
Kaş ki, danışmayaydın, elə susaydın…
Bu üç kəlmədən ibarət cümlən məni pərişan etdi, qəlbimi inildətdi, viran qoydu. O an sanki yer öz oxu ətrafından çıxıb ayağımın altından qaçdı. Hər ikimiz bir-birimizə sarılı vəziyyətdə havada qaldıq. Nə enməsini bildik, nə də uçmasını.
Bu cür çarəsiz durum azmış kimi, bir yandan da göylər üstümüzə gəldi. Elə bir tufan-qasırğa qopdu ki, ayaqlarımızı yerdən üzdüyümüz kimi, əllərimizi də göydən üzdük. Ana-bala çox çarəsiz və ümidsiz idik. Bir anlıq bütün dünya qaralıb zülmətə döndü. Gözlərimi açanda gördüm ki, sən artıq yoxsan və bütün gördüklərim bir yuxu imiş. Ancaq bunun röya olduğuna heç cür inana bilmirdim. Çünki qoxun hələ də burnumdan çəkilməmişdi. Sanki yanımdan ayrıldığıdan   saniyələr keçib. Mən bilirəm ki, bu gecə Tanrı bizi yuxularda  olsa  da qovuşdurmuşdu. Kaş ki, görsəydin mən bu gün necə xoşbəxtəm. Kaş ki, bilsəydin neçə illik həsrətində qaldığım qoxunu necə acgözlüklə çəkdim ciyərlərimə.

Adına röya dediyim bu görüş bir yandan məni xoşbəxt etdisə, bir yandan da çox üzdü. Qəzəbimdən qorxaraq danışmağın da, qorxaraq danışa bilməməyin də, dediyin sözləri də xatırlayanda ürəyim oyuq-oyuq olur. Demək bunca zaman sən qorxudan susurmuşsan, qəzəbdən ehtiyat edirmişsən. Bu qədər qorxunu o kiçicik ürəyinə necə sığışdıra bilmisən? Bu neçə ildə o vahiməni içində necə yaşadıb, böyütmüsən? Axı sənin içində özünlə bərabər böyütməli olduğun gələcək arzuların olmalıdır. Sual verəcəksən ki, “Ana, hansı arzudan danışırsan?

Heç bircə dəfə də olsun arzuladığım kimi ad günümü təmtəraqlı qeyd etdinmi?” Sənə cavabım, “Gozəl qızım haqlısan” olacaqdır. Sən həmişə arzu etdin ki, ad günün restoranda musiqili, əyləncəli olsun. Mən isə səni bu arzuna çatdırmadım. Çünki səbəbini sənə izah etmişdim. Yəqin ki, aradan dörd il zaman keçməsinə baxmayaraq çox gözəl xatırlayırsan. Sən Qan Yaddaşımız “26 fevral Xocali Soyqırımı günü” dünyaya gəlmisən. Belə bir faciəmiz varkən sənə o cür ad günü qeyd etməklə şəhidlərimizin ruhuna qarşı ən böyük hörmətsizlik və günah etmiş olardıq.

Ancaq sən heç bir zaman üzülmə ki, dünyaya gəlişin “Xocalı Soyqrımı” gününə təsadüf edib.

Əksinə, doğum günü tarixinlə fəxr edib, qürur duymalısan. Çünki sən və səninlə bərabər bu tarixdə dünyaya gələn bütün körpələr Tanrıdan valideynlərinə yox, bu Vətənə paydılar. Sən bir şeyi unutma ki, harada doğulsan, yaşasan belə özünü dərk edər-etməz vətəninə dönməlisən. Hər doğum günündə təmtəraqlı ziyafət arzulamaq əvəzinə “Xocali Soyqırımı”nın bütün dünyada tanınması üçün ölkəmizi hər yerdə bacardığın qədər təmsil etməlisən. Mən sənə çox inanır və güvənirəm. Sən həmişə məni anladın, heç vaxt incitmədin, hər zaman balaca köməkçim oldun və ananın səninlə bağlı bütün arzularına çatmağını istədin. Mən isə səni qoruya bilmədim. Bunun üçün qarşında çox günahkaram. Günahım isə bu boyda ölkədə təkliyim, çarəsizliyim oldu. Bilirəm ki, böyüdükcə zamanla hər şeyi çox gözəl dərk edəcəksən.

Ən azı bütün olaylara aydınlıq gətirmək üçün anandan hesab soracaqsan. Bax o hesab sorduğun günü səbirsizliklə gözləyirəm.
Tez gəl! Həsrətin məni bitirməmiş gəl!
İnanıram ki, bir gün qəlbinin hökmü ilə ayaqların ucsuz-bucaqsız yollardan, qərib ellərdən alıb səni mənə gətirəcəkdir. Bu boyda ölkədə tək-tənha və çarəsiz qaldım. Dərdimi deməyə üz tutduğum, imdad dilədiyim bütün dövlət orqanları ana fəryadına qulaqlarını qapadı. Artıq dörd ildir ki, ad gününü sənsiz qarşılayiram. Adına kiçicik hədiyyələr alıb onunla təskinlik tapıram. Ümid edirəm ki, tezliklə gələcək və hədiyyələrinə sahib cıxacaqsan.

Qarşıdan gələn doğum günün mübarək olsun gözəl Münəvvərim!

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Ermənistan Qarabağdakı itkilərinin yeni sayını açıqladı

Ermənistan tərəfi ikinci Qarabağ döyüşlərində verdiyi itkilərlə bağlı yeni rəqəmlər açıqlayıb. Ermənistan baş nazirinin birinci …

Bir cavab yazın