Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Hantinqton haqlı idimi? – Hüseynbala Səlimov

Hantinqton haqlı idimi? – Hüseynbala Səlimov

Sivilizasiyaların etno-mədəni fərqləri haqqında nəzəriyyənin banisi S.Hantiqtonun məşhur “Sivilizasiyaların toqquşması” haqqındakı məqaləsi Azərbaycana bir az gec gəlib çıxmışdı.

Yazı 1993-cü ildə işıq üzü görsə də biz onu 1997-98-ci illərdə oxuduq. Bu, təkcə bir adamın gecikməsi deyildi. Demokratiyanın nəzəriyyəsilə maraqlananların hamısı yazını elə o vaxtlar oxumuş və biri-birinə ötürmüşdü.

İndiki kimi yadımdadır, onu ingilis lügətinin köməyilə bir təhər oxuya bildim. Sonradan həmin yazını azərbaycancaya çevirdilər və hətta əcnəbi radioların birində bu xüsusda veriliş də hazırladılar…

Amma ilk reaksiyamız bir az sərt oldu. Hətta az qaldıq ki, onu yeni irqçiliyin təzahürü kimi yozaq. Qınamayın, insanlar etnik və mədəni, daha doğrusu, külturəl fərqlərə çox həssas olurlar. Xüsusən də demokratlar. Ona görə ki, bu adamların təməl prinsipi demokratiyanın və insan haqlarının universallığıdır. Təsəvvür edin, universal bəşəri dəyərlərin mövcudluğuna, az qala, iki əlində onca barmağın olduğu kimi inandığın bir vaxtda sənə etnik və kültürəl fərqlər, bəlkə də keçilməz baryerlər haqqında nəzəriyyə verirlər!

Nə edərdin? Elə ona görə də ilk dəfə o yazını oxuyanda ağlımdan keçən fikir bu oldu ki, nə yaxşı bizim radikal milliyətçilərimiz az oxuyur və belə şeylərdən adətən xəbərsiz olurlar. Yoxsa dərhal qayıdacaqdılar ki: “Gördünüz, bunu ki, biz demirik! Amerikalı politoloq deyir!”.

Deyim ki, qeyri-müəyyənlik içində qalan təkcə biz – azərbaycanlı demokratlar deyildik. Hətta ABŞ – ın o vaxtki dövlət katibi M.Olbrayt da bu konsepsiyaya münasibətini bildirmiş və demişdi ki, dünyada sivilizasiyaların toqquşması deyil, sivilizasiyalılığın sınağı gedir…
İndi o vaxtlardan 20 ilə yaxın bir müddət keçib. Çox şey baş verib – əl-Qaida olub, İŞİD olub, Fransada, Türkiyədə, hətta Belçikada böyük terror aktları baş verib…

Bu sətirləri yazanda Belçikada böyük terror aktı baş vermişdi. İnanmazsınız, xəbəri eşidəndə özümdən də asılı olmadan utandım! Brüsselin dinc sakinlərindən, həlak olanların və zədələnənlərin yaxınlarından utandım! Bir daha deyirəm ki, bəlkə də bu, inandırıcı görünməyəcək, amma inanın, doğru sözümdür, ilk dəfə olaraq konkret bir etno-mədəni sistemə aid olduğum üçün utandım…

Bilirsiniz, çox söz demək olardı. Hətta əl-Qaidanı, İŞİD-i və yaxud da onlarla başqa terrorçu təşkilatları yad planetlilər elan etmək olardı!..

Amma, inanın, bununla heç nə dəyişmir, onları özümüzə yad elan etməklə təmizə çıxmırıq, günahlarımızı yumuruq – nə əl-Qaida, nə İŞİD, nə də başqa bir terrorçu təşkilat inkar edilməklə yox olmurlar, bu ləkə bizim etno-mədəni pasportumuzdan silinmir. Böyük bir ləkə kimi qalır…

Ona görə də ilk dəfə olaraq (hətta qısa zaman intervalı üçün olsa belə!) sivilizasiyaların fərqli olduğunu qəbul etmək və cənab S.Hantiqtona haqq qazandırma məcburiyytəində qaldım…

Amma nə yaxşı ki, Qərbdə də obyektiv qalmaq istəyənlər az deyil, heç də hamı bütün müsəlmanları ittiham etmir. Məsələn, ABŞ – ın özündə nə qədər insan D.Trampa qarşı çıxır, onun seçilməməsinə və hətta seçki marafonunu başa vura bilməməsinə çalışır.

Adətən böyük terror hadisələri baş verəndə jurnalistlər adi insanların da rəyini almağa çalışırlar.

Elə həmin gün bir belçikalı çox maraqlı fikir dedi. Bəli, dedi ki, baş verənlərdə Qərbin də suçu az deyil, çünki Qərb bu ölkələrə müdaxilə etdi, sonra da hər şeyi bərbad vəziyyətdə qoyub oraları tərk etdi, nəticədə də hakimiyyət və təhlükəsizlik vakuumu yarandı ki, onu da çox tez bir zamanda terrorçular tutdu.

Nə demək olardı? Həqiqətən elə belə də oldu. Əfqanıstanda, İraqda, Liviyada və Suriyada Qərb atışdı-vuruşdu, sonra da hər şeyi bərbad vəziyətdə qoyub proseslərə kənardan müdaxilə etməyə çalışdı. Nəticəsi də indi göz önündədir…

Təbii ki, bununla bizim, yəni müsəlmanların və ya şərqlilərin məsuliyyəti azalmır, bəlkə də əksinə, bir azacıq da artır.

“Şərqlilər özlərini idarə edə bilmir!” – tələsik nəticələri sevən adamın gəldiyi ilk qənaət belə olardı.

“Onların başının üstündə daima “yumruq” olmalıdır!” – Şərqi sevməyən və ya ondan ehtiyat edən insan bu cür deyərdi….

Hətta özümüzünkülərdən də elələri tapılar ki, dərhal “Hantiqtondan – filandan danışırsıznız! Öz Sabirimizi niyə yada salmırsız? Məgər o rəhmətlik hələ yüz il öncə müsəlmanların halına ağlamırdımı?”- deyərdilər…

Bəli, yazırdılar. Sabir də, M.Cəlil də yazırdı, o birilər də yazırdılar… Amma bunlar nə vaxt olmuşdu? 19-cu əsrdə!.. Axı o vaxtdan çox şeylər dəyişib! Ən azı bizim hesabımıza görə çox şey dəyişməli idi, çünki indi 21- ci əsrdir!..

Fəqət, dəyişibmi? Doğrusu, bilmirəm, son illərdə baş verənlər mənə birmənalı cavab verməyə imkan vermir…

Müharibə gedən Suriyadan süjetlərə baxıram. Bəli, bizim din qardaşlarımız tətiyi çəkib “Allahu – Əkbər!”-deyə qışqırırlar.

Amma bəlkə də həmin bombalar kiçik uşağı, qadını və yaxud da ki, bir ixtiyar qocanı tələf edir! Məgər Allah müsəlmanlara belə buyurmuşdumu? Cavab tapmaq olmur. Düzdür, hətta

B.Obama da deyir ki, İŞİD – in əsl islama heç bir aidiyyatı yoxdur!..

Amma nə qədər desələr də yenə də adi insanların ürəyində təlaş və inamsızlıq qalır. Ona görə ki, İŞİD bir nəfərdən ibarət deyil, onun sıralarında on minlərlə müsəlman var! Onları nə edək? Tamam inkar edəkmi?..

Bir az qərəzli avropalı deyərdi ki, yaxşı, tutaq ki, İŞİD-çilər və ya əl-Qaidaçılar əsl müsəlman deyillər, onda əsl nümunəvi müsəlmanları göstərin bizə!..

Kimi göstərərdik? Bəlkə ərəb monarxiyalarını? Və yaxud İranı? Təsəvvür edin, sanksiyalar götürüləndən sonra iranlı ruhani liderlərin ilk qərarlarından biri S.Ruşdinin başına ayrılan məbləği artırmaq oldu!..

Kimi, hansı ölkəni göstərə bilərdik ki, orada insanlar həqiqətən də 21- ci əsrin məntiqinə və ruhuna uyğun yaşamış olsunlar?!.

Güman ki, yalnız Türkiyəni göstərmək olardı. Amma öz müsəlmanlarımız bu ölkənin üstünə elə düşüblər ki, işimiz-gücümüz Allaha dua etməkdir ki, özü Türkiyəni hifz etsin, az-çox demokratiya yolunu tutmuş insanları kor -peşiman etməsin…

Bəli, nümunə kimi göstəriləsi qeyri ölkə yoxdur… Ona görə də nə edək? Bu məntiq dolanbacından necə qurtulaq? Necə özümüzə bəraət qazandıraq? Bəlkə Hantiqtonun ardınca biz də birdəfəlik sivilizasiyalar arasında keçilməz fərqlərin olduğunu qəbul edək?
Bilmirəm. Onu bilirəm ki, İŞİD-çiləri, eləcə də Avropanın və ya Türkiyənin şəhərlərini kabus kimi dolaşan “canl bombalar”ı özümüzə yad elan etməklə iş bitmir. Bir qədər mübahisəli görünsə də, onların əməllərinə görə biz də məsuliyyət daşıyırıq. Hətta bunu istəməsək də…

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın