Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Gülün başına dəysin!

Gülün başına dəysin!

Seymur Verdizadə

Hər dəfə telefonun ekranında onun nömrəsini görəndə, əməlli-başlı dilxor oluram. Ötən illərin təcrübəsindən bilirəm ki, sərxoş olmasa, mənə zəng etməz. Aramızda yaş fərqi böyük olduğu üçün sözünü kəsməyi tərbiyəmə sığışdırmıram. Bu isə o deməkdir ki, qohumum hər dəfə zəng edəndə ən azı yarım saat baş-beynimi aparır…

Bir həftə əvvəl yuxudan onun zənginə oyandım. Hal-əhval tutmağa lüzum görmədiyi üçün birbaşa mətləbə keçdi: “Günorta bizdə olarsan!”

Qohumum sakit danışdığı üçün narahat olmağa əsas yox idi. Amma yenə marağımı gizlədə bilmədim: “Xeyirdimi?”

Bu dəfə daha gümrah səslə danışmağa başaldı: “Əlbətə, xeyirdir. Bu gün arvadağanın ad günüdür. Gəl, yeyib-içək”.

Belə soyuq havada Əhmədli qəsəbəsinə getməyə həvəsim olmadığı üçün ağlabatan bir bəhanə uydurmaq lazım idi: “Ağsaqqal, ürəyimdə piylənmə getdiyi üçün bir aydan çoxdur ki, dieta saxlayıram. Xahiş edirəm, məni üzrlü say”.

Yenə əl çəkmədi: “Eybi yoxdur, sən heç nə yeməzsən. Əsas odur ki, arvadağa qohumlarımın onu saydığını görsün”.

Bu adamdan qurtulmağın mümkünsüz olduğunu bildiyim üçün candərdi razılaşıb, yorğanı başıma çəkdim…

Arayış üçün deyim ki, qohumum 30 il əvvəl ailə həyatı qurub. Bu izdivacdan iki oğlan, bir qız dünyaya gəlib. Oğlanları ailə qurub ev-eşik sahibi olandan, qızları ər evinə köçəndən sonra kişi damın altında arvadla tək qalıb. Nə əvvəllər, nə də indi onların evləri bir gün də söz-söhbətsiz olmayıb. Axırıncı dəfə ötən il qızlarının toyunda onları birtəhər barışdırdıq…

Qohumumun hövsələsiz adam olduğunu bildiyim üçün günorta saat 1-də qapının zəngini basdım. Qonaq otağındakı masanın üstü müxtəlif naz-nemətlə dolu idi. Bahalı viski şüşəsinin ağzı hələ açılmamışdı. On nəfər üçün nəzərdə tutulmuş masanın arxasında ev sahibi ilə üzbəüz əyləşib, məclisi açıq elan etdik…

Həmin gün sipirtli içkidən imtina etdiyim üçün qohumum tək içməli oldu. Ənənəyə uyğun olaraq, ilk badəni səbəbkarın sağlığına qaldırdı. Dediyinə görə, gəlişimlə onları sevindirdiyim üçün iki dəqiqə sonra mənim şərəfimə içdi. Üçüncü qədəhi isə bütün övladların sağlığına gillətdi. Ev sahibi əlini növbətə dəfə viski şüşəsinə uzadanda, arvadı ona mane olmaq istədi: “Əkrəm, daha bəsdir. Bir az sonra Aynurla yoldaşı gələcək. Kürəkənin yanında bizi biabır eləmə…”

Kişi ilan sancmış adamlar kimi yerindən dik atıldı: “Sənin də, kürəkənin də…”

Çiynindən basıb, onu yerində oturtdum. Bir göz qırpımında masadakı çirkli boşqablardan birini götürüb, var gücü ilə arvadına tərəf tolazladı. Görünür, qadın belə situasiya ilə tez-tez qarşılaşdığı üçün cəld başını yana əydi. Divara dəyən boşqab çilik-çilik olub, yerə töküldü…

P.S.Səhər işə gələndə təsadüfən qohumumla qarşılaşdım. Qucağında iri bir buket vardı. Diqqətlə ona baxdığımı görəndə, gülə-gülə dedi: “Bu gün Sevgililər Günüdür. Arvadağanın bayramını təbrik etmək istəyirəm”.

P.P.S.Sevginin günü olmur. Qadını ilin bütün fəsillərində sevmək lazımdır. Üç yüz altmış dörd gün həyat yoldaşını təhqir edən, söyən, hətta döyən, yalnız ildə bir dəfə çiçək alan kişilərə belə demək lazımdır: “Gülün başına dəysin!”

Həmçinin oxuyun

Düşmən atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …

Bir cavab yazın