Ana səhifə / Cəbhə Xəbərləri / Fikrət Yusifov və Aleksey Kudrin – Qadir İBRAHİMLİ

Fikrət Yusifov və Aleksey Kudrin – Qadir İBRAHİMLİ

Sabiq maliyyə naziri, indiki QHT rəhbəri, maliyyə professoru Fikrət Yusifov ölkədə və dünyada gedən iqtisadi prosesləri “akademik təhlil” edib. Neftin qiymətinin enməsi ilə bağlı pessimist proqnozlardan qəzəblənən sabiq maliyyə naziri sanki ictimaiyyəti sakitləşdirməyə çalışır.

Sabiq maliyyə naziri yazır: “Neftin qiymətlərinin dünya bazarlarında orta illik 17-18 dollar səviyyəsində olmasına baxmayaraq, Azərbaycan hökuməti 1994-1999-cu illər ərzində büdcədən maliyyələşən bütün təşkilatlarda əmək haqlarının və təqaüdlərin vaxtında verilməsini təmin edə bildi. İndi sual olunur: Əgər Azərbaycan hökuməti qeyri-neft sektorunun çox aşagı səviyyədə olduğu, neftin dünya bazarlarında qiymətinin 17-18 dolları keçmədiyi həmin illərdə təhsil, səhiyyə və büdcədən maliyyələşən başqa təşkilatların işçilərinin əmək haqlarını, təqaüdləri vaxtlı-vaxtında ödəyə bilirdisə, bunu indi də edə bilməzmi? Əlbəttə ki, edər. İndi bizim neftsiz, qazsız iqtisadi və və maliyyə imkanlarımız həmin illərlə müqayisəolunmaz dərəcədə genişdir”.

Təbii ki, maliyyə professorunun savadsız olduğunu iddia etmək olmaz. Ancaq professor iqtisadi reallığın dəyərləndirilməsində fakt və rəqəmləri kənara tullayıb, yalnız siyasi maraqları (vəzifə və ya mandat ehtirasından söhbət gedir) əsas tutursa, çox savadsız bir təhlil yaranır. Ölkə büdcəsinin 70 faizinin neftdən asılı olduğu halda, qara qızılın baza qiymətindən 2 dəfə ucuz satılmasının ölkə iqtisadiyyatı üçün fəlakət olmasını İqtisad Universitetinin 1-ci kurs tələbələri də dərk edir. Ancaq 58 yaşlı maliyyə professoru, üstəlik də 5 il ölkənin maliyyə sektoruna rəhbərlik edən şəxs mandat ehtirasından bu reallığı görə bilmir.

İndi qayıdaq F.Yusifovun xiffətini çəkdiyi 1994-1999-cu illərin büdcəsinə və iqtisadiyyatına. Neftin qiymətinin 17-18 dollar olduğu o illərdə Azərbaycanın dövlət büdcəsinin xərcləri 500-800 milyon dollar arasında olub. Büdcənin azlığı səbəbindən dövlət xərcləri kəskin şəkildə məhdudlaşdırılmışdı – xeyli nazirlik və dövlət komitəsi ləğv edilmişdi.

Məsələn, Xarici İqtisadi Əlaqələr Nazirliyi ləğv edildi, funksiyaları Ticarət Nazirliyinə verildi. Ardınca Dövlət Əmlak Komitəsi, İqtisadiyya Nazirliyi, Ticarət Nazirliyi, Antiinhisar və Sahibkarlığa Komək Komitəsi ləğv edilərək vahid strukturda – İqtisadi İnkişaf Nazirliyində birləşdirildi. Eləcə də sovet dövründən qalan xeyli təsisat ləğv edildi. Nazirliklərin ştat vahidləri azaldıldı. Çünki pul yox idi və dövlət daima öz yükünü azaltmağa çalkışırdı. Və həmin illərdə 1 milyondan çox insan Azərbaycanı tərk edərək Rusiya və başqa MDB ölkələrinin əmək bazarına üz tutdu. Sosial mühiti məhz bu amil tənzimləyirdi – işsizlər MDB ölkələrinə miqrasiya edirdi.
İkinci bir “xilas” amili isə qiymətlərin həddən artıq ucuz olması idi. İstər ərzaq, istər qeyri-ərzaq, istərsə də kommunal xidmətlərin qiymətləri indikindən dəfələrlə ucuz idi. Müqayisə üçün deyək ki, əhaliyə satılan təbii qazın qiyməti indikindən 17, elektrik enerjisinin qiyməti 3, suyun qiyməti 3 dəfə ucuz idi. Əsas ərzaq məhsullarının (çörək, ət, kartof və s.) qiyməti indiki ilə müqayisədə dəfələrlə aşağı idi. Bu 2 amil nəticəsində əhali keçid dövrünü birtəhər adlaya bildi.

Həm neftin qiymətinin artması, həm də əsrin müqaviləsi gəlir gətirməyə başlayanda ölkə iqtisadiyyatı nəfəs almağa başladı. Dövlətin idarəetmə xərcləri artdı, yeni təsisatlar ( Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.), nazirliklərin və yerli icra hakimiyyətlərinin şatat vahidləri genişləndi. Əmək haqqı və pensiyalar artırıldı. Köhnə və yeni statistikaya diqqət yetirək. 1999-cu ildə Azərbaycanda minimum əmək haqqı 1,1 manat, orta aylıq əməkhaqqı isə 37 manat idi. İndi isə minimum əmək haqqı 1999-cu illə müqayisədə 95 dəfə artaraq 105 manata, orta aylıq əmək haqqı isə 12 dəfə artaraq 457 manata çatıb. Bu ancaq neft hesabına əldə olunan göstəricidir.
Maliyyə professoru indi belə hesab edir ki, yenidən məvacibləri 40 manata endirmək olar və bu heç bir problem yaratmaz. Hesab edir ki, yenidən dövlət qurumlarını kütləvi ləğv etmək olar və bu heç bir problem yaratmaz. Hesab edir ki, təxminə 1-2 milyon insan yenə MDB-yə miqrasiya edə bilər, heç bir problem yaratmaz. Bu peşəkar yanaşmanın siyasi konyukturaya qurban verilməsidir.

Maliyyə professoru onu da bilmir ki, ARDNŞ-in hasil etdiyin neftin maya dəyəri indi elə 20 dollardır. Bu o deməkdir neft 20 dollara ensə Azərbaycan iqtisadiyyatı sözün bütün mənalarında çökəcək.

Çox yaxşı ki, hazırda dövlətin maliyyə-bank sektoruna rəhbərlik edən şəxslər belə maliyyə professorundan fərqli olaraq situasiyaya daha tənqidi yanaşır və vəziyyətin kritik həddə çatmasının fərqindədirlər.

Maliyyə professoru deyir ki, “İndi bizim neftsiz, qazsız iqtisadi və və maliyyə imkanlarımız həmin illərlə müqayisəolunmaz dərəcədə genişdir”. Adam deyir, ancaq izahat vermir ki, hansı imkanlardan söhbət gedir. Hanı o maliyyə imkanları ki, bir gecədə 34 faiz devalvasiyaya gedildi və ikinci devalvasiyaya hazırlıq görülür?

Azərbaycan bu gün neftdən başqa dünya bazarına nə çıxardır? Meyvə-tərəvəz və 1-2 adda konserv məhsulları. Heç meyvə tərəvəzi də emal edilmiş vəziyyətdə yox, xammal şəklində ölkədən çıxardırlar. Ölkənin maliyyə imkanlarının əsas göstəricisi onun xarici bazarlara çıxartdığı məsullardır. Hanı dünya bazarında satılan Azərbaycan brendləri?

Ölkənin ərzaqla təminatında idxalın payı 60 faizi ötüb. Təbii resurslarla zəngin Azərbaycan özünü ərzaq məhsulları ilə belə təmin edə bilmir. Baxmayaraq ki, məşğul əhalinin 38 faizi aqrar sektorda çalışır. Müqayisə üçün deyim ki, Almaniyada məşğul əhalinin cəmi 1,7 faizi aqrar sektorda çalışır. Buna baxmayaraq, Almaniya nəinki özünü ərzaqla təmin edə bilir, hətta kənd təsərrüfatı məsullarını emal edərək dünya bazarına çıxarır.

Yaxşı olar ki, sabiq nazir bu problemləri, idxal və istehsaldakı monopoliyaları qabartsın. Ən azı F.Yisifov həmkarı, Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin nümunə götürsün. Kudrin hökumətin maliyyə sisteminə tənqidi yanaşır və buna görə də rus ictimai rəyinə nəinki təsir edə bilir. Dövlət Statistika Komitəsinin qeyri-dəqiq məlumatlarına istinad etməklə “ağıllı və savadlı” görünmək çox çətin məsələdir.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın