Çərşənbə , May 25 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Fərrux kəndinin alınması, Şoyqunun nazirliyinin Bakını hiddətləndirən bəyanatı…

Fərrux kəndinin alınması, Şoyqunun nazirliyinin Bakını hiddətləndirən bəyanatı…

Martın 24-dən etibarən Ağdam-Xocalı istiqamətində baş verənlər ötən gün Azərbaycanla Rusiya arasında ciddi gərginliyin yaranması ilə nəticələndi. Xəbər verildiyi kimi, Azərbaycan ordusunun bölmələri güc tətbiq etmədən, Rusiya sülhməramlıları ilə əlaqəli şəkildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki  Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənib.  

Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə hələ də fəaliyyətini davam etdirən qanunsuz erməni silahlı dəstələri buna mane olmağa çalışıblar və bir neçə dəfə diversiya həmləsi ediblər, lakin Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında deyildiyi kimi, heç bir nəticə əldə edə bilməyərək geri oturdublar. Erməni tərəfi bu atışmalar zamanı azı 3 silahlı itirdiyini, 15-ə yaxın yaralı olduğunu açıqlayıb.

Ötən gün Rusiya Müdafiə Nazirliyi bütün bu baş verənlər haqda Bakını hiddətləndirən bəyanat yayıb. Orada Azərbaycan ordusunun bölmələrinin “Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olması”, “Dağlıq Qarabağın silahlı dəstələrinə qarşı” “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən 4 zərbənin endirilməsi, Azərbaycan tərəfinin “2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərini pozması” kimi “müddəalar” yer alırdı.

Azərbaycan Müdafiə Nazirliyi artıq Rusiya tərəfinin bu bəyanatına kifayət qədər sərt cavab verib, 10 noyabr razılaşmasını pozan tərəfin əslində qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarmamaqla Ermənistan olduğunu, Rusiya sülhməramlılarının isə buna şərait yaratdığını bildirib. Üstəlik bəyan edilib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında göstərilənlər iki ölkə arasında fevralın 22-də imzalanmış müttəfiqlik münasibətləri barədə bəyannaməyə də ziddir.

Bu bəyanat və daha əvvəl Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. Həmin 10 noyabr üçtərəfli bəyanatının bəndlərindən birinə əsasən Rusiya sülhməramlılarının yerləşdirilməsi erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə paralel həyata keçirilməliydi. 

Lakin bu baş verməyib və həmin qanunsuz silahlı birləşmələr, –hansı ki, Rusiya Müdafiə Nazirliyi indi onları “Dağlıq Qarabağın silahlı bölmələri” adlandırır, əvvəllər isə hətta “Dağlıq Qarabağ ordusu” adlandırmışdı,-öz fəaliyyətini davam etdirir. Üstəlik sülhməramlılarının himayəsi və mühafizəsi altında özlərinə döyüş mövqeləri qurur, səngərlər qazmağa cəhd edir və vaxtaşırı olaraq Azərbaycan ordusunun mövqelərinə atəş açır. Dəfələrlə belə məlumatlar da yayılıb ki, Rusiya sülhməramlıları nəinki həmin qanunsuz dəstələrin tərksilah edilməsini həyata keçirmir, üstəlik onları silahlandırır, təlim keçir.

Xocalı rayonunun Pirili və Fərrux kəndləri istiqamətində hadisələr də məhz bu səbəbdən alovlanıb. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq qanunsuz erməni silahlıları Rusiya sülhməramlılarının müşayiəti altında, özü də kifayət qədər arxayın şəkildə özlərinə səngərlər qazaraq əlverişli mövqelərdə möhkəmlənməyə cəhd ediblər. Nəticədə Azərbaycan ordusunun bölmələri Fərrux kəndini və ətraf yüksəklikləri tutaraq bunun qarşısını alıblar. Başqa sözlə, Azərbaycan ordusu ölkənin suveren əraziləri daxilində öz mövqelərinin yenidən dislokasiyasını həyata keçirib və buna görə Rusiyadan, yaxud Ermənistandan icazə almalı deyildi.

Lakin Rusiya Müdafiə Nazirliyi bunu “10 noyabr üçtərəfli razılaşmasının pozulması” adlandırır, Azərbaycan ordusunun bölmələrinin “sülhməramlıların məsuliyyət zonasına daxil olması” barədə danışır. Bu nə deməkdir və nə yanaşmadır? “Sülhməramlıların məsuliyyət zonası” sanki hansısa suveren ərazidir və Azərbaycan əsgərləri ora viza ilə daxil olmalıdır? “Sülhməramlıların məsuliyyət zonası” adlandırılan ərazinin Azərbaycanın suveren ərazisi olduğunu Rusiya Müdafiə Nazirliyinə hər dəfə ayrıca bəyanatla xatırlatmaq lazım gəlir?

Bəyanatda yer alan bu ifadələr Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlikdir və iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə dair 22 fevral bəyannaməsinin pozulmasıdır. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi həmin bəyanatın 18-ci bəndini pozmuş olur. Həmin bəndə əsasən tərəflər o cümlədən beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı səylərini birləşdirməli idi. Amma Rusiya indiki halda Azərbaycan ərazilərində separatçılığı nəinki təşviq edir, hətta silahlı separatçıları himayə edib qoruyur.

Digər tərəfdən, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində hansı mandat əsasında fəaliyyət göstərdiyi bəlli deyil. Bir qayda olaraq münaqişə zonalarında sülhməramlı əməliyyatlar BMT-nin müəyyən etdiyi mandata əsaslanır. İndiki halda 2020-ci ilin noyabrında üçtərəfli bəyanat imzalanandan dərhal sonra Rusiya sülhməramlı qüvvələrinin nəinki BMT mandatı, eləcə də tərəflərin özlərinin müəyyən etdiyi mandat olmadan Azərbaycan ərazilərinə daxil olması anlaşılan idi. Çünki mandatın müəyyən edilməsi və razılaşdırılması nisbətən uzun çəkən prosesdir, 2020-ci ilin noyabrında Ermənistan Şuşanın azad olunmasının ardınca təslim olmağa razılaşanda və hərbi əməliyyatların dayandırılması barədə anlaşma əldə olunanda isə bu mandatı müəyyən etməyə sadəcə olaraq vaxt yox idi.

Daha sonra Rusiya sülhməramlılarının mandatına dair müəyyən müzakirələrin aparıldığı haqda xəbərlər eşidildi, amma görünür elə şərtlər irəli sürülmüşdü ki, bu mandatı razılaşdırmaq baş tutmadı. Yəni Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində fəaliyyətinin özü faktiki olaraq qeyri-legitimdir, heç bir mandata əsaslanmır və üstəlik onların özlərini sülhməramlı kimi deyil, qanunsuz erməni silahlı dəstələrinin “cangüdənləri” kimi aparması bu qeyri-legitimliyi daha da artırmış olur. Belə olan halda 5 illik müddətin başa çatmasından dərhal sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi də qaçılmaz olacaq. Bunun üçün 10 noyabr razılaşmasına əsasən tərəflərdən birinin, indiki halda Azərbaycanın öz mövqeyini ortaya qoyması kifayət edir.

virtualaz.org

Həmçinin oxuyun

İki aydan çoxdur itən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər …