Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanda müharibə ilə bağlı 1600-dən çox hərbçi ittiham olunur

Ermənistanda müharibə ilə bağlı 1600-dən çox hərbçi ittiham olunur

Ermənistan Baş Prokurorluğunun son məlumatlarına görə 44 günlük müharibədə hərbçilərin hərəkətləri ilə bağlı 1600-dən çox cinayət işi açılıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun belə işlərdən biri barədə yazıb. Vəkil Qor Gevorkyan sentyabrın 3-də jurnalistlərə deyib ki, onun müdafiə etdiyi Gevork Gevorkyan hazırda həbsdədir, amma ona qarşı ittihamı rədd edir.

Hərbi hissələrdən birinin artilleriya divizionunun qərargah rəisi olmuş Gevorkyan müharibə zamanı fəaliyyətsizlikdə ittiham edilir.

Vəkil bu barədə deyib: “Birmənalı şəkildə müttəhim olan yox, məsuliyyət daşıyan şəxs artilleriya komandanı Cəlal Arutyunyandır. O hazırda Müdafiə Nazirliyində artilleriya baş idarəsinin rəisidir”.

Lakin Ermənistan İstintaq Komitəsinin gəldiyi nəticəyə görə, Gevorkyanın fəaliyyətsizliyi ötən ilin oktyabrında cəbhənin Füzulu istiqamətində 14 əsgərin itkin düşməsi, daha 7 əsgərin həlak olması ilə nəticələnib.

“O gedib hər bir əsgərin qolundan yapışmamalıydı ki…”

Vəkil daha sonra deyib: “Deyirlər ki, sən orda qalsan və vəzifələrini icra etsəydin, onlar həlak olmazdılar. Mənsə deyirəm ki, onun forsmajor vəziyyətində icra etməli olduğu vəzifələri nə idi? O konkret əmr almamışdı, nə etməliydi? Hər bir batareyanın öz zabit heyəti var. Hər bir əmr alındıqdan sonra onlar bu əmrin batareya tərəfindən icrasına görə məsuliyyət daşıyırlar. Əgər lap əmr geri çəkilmək barədə olsaydı da, Gevorkyan gedib hər əsgərin qolundan tutub, onu inandırıb, ordan çıxarmamalıydı. Əmr hamı üçün əmrdir. Hamı əmrin necə yerinə yetirilməsini bilirdi. Batareya komandiri və yüksək çinli zabitlər isə bu əmrin yerinə yetirilməsini təmin etməliydilər”.

Vəkil deyib ki, onun məlumatına görə bu iş üzrə yalnız divizion qərargahının rəisi ittiham olunur: “Necə olur ki, əmri yerinə yetirmiş Gevorkyan müttəhim statusundadır, amma ondan yüksək vəzifədə olanlar, o cümlədən 27 oktyabra qədər bu vəzifəni tutan ordu komandanı Cəlal Arutyunyan heç bir məsuliyyət daşımır”.

Vəkilin qənaətinə görə, onun müdafiə etdiyi şəxsi sadəcə “qurbanlıq keçi” ediblər ki, həlak olanların və itkin düşənlərin qohumları baş verənlərə görə onu günahlandırsınlar:

“Deyirlər ki, belə nəticələrin olmaması üçün o qalıb əmrləri yerinə yetirməli idi. O hansı əmrləri yerinə yetrirməliydi ki, yetirməyib? Heç kim bu suala cavab verə bilmir”.

Azatutyun yazır ki, bu işlə bağlı İstintaq Komitəsinə müraciət edib. Oradan məlumatın daha sonra olacağını bildiriblər.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Həmçinin oxuyun

“Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki…”

Tanınmış Qarabağ qazisi Gəray Əsədov Qarabağ savaşları tarixinə 1993-1994-cü illərdə Kəlbəcərin azadlığı uğrunda “Murovdağ əməliyyatı” kimi …