Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Efir, aparıcının özəl mülkiyyəti deyil – Şəmsəddin Əliyev

Efir, aparıcının özəl mülkiyyəti deyil – Şəmsəddin Əliyev

İllərdir ölkədə yayımlanan televiziya kanallarında milli ideologiya və milli dəyərlərlə uzlaşmayan layihələr, çoxmilyonlu tamaşaçıların özəl müzakirələrinin predmetinə çevrilib. Doğrusu, layihələrin adları ikrah hissi yaradır. Məsələn: “Adam içində” layihəsi ilə bağlı belə fikir formalaşıb: Balam, adam, adam içində olar da? Anlamaq olmur, bu verlişin məqsədi nədən ibarətdir. İştirakçı “qonaqlar” bəzən hakimin, bəzən dövlət ittihamçısının vəzifələrini “icra edir”, bəzən də, müdrik filosoflar sayağı millətə əxlaq dərsi keçirlər. Ailə həyatının nə olduğunu bilməyən ailədən danışır, nigaha xitam verirlər, atanı (ananı) valideynlik hüququndan məhrum edirlər, uşağı anaya verirlər və s.
Televiziya kanallarında adları qırmızı hərflə yazılmalı jurnalistlərimiz, bəlağətli danışığı, düşündürücü mülahizələri, bacarıq və qabiliyyətləri ilə seçilən peşəkar ədəbi işçilərimiz çoxdur.
Şou ilə bağlı verlişlər ümumiyyətlə heç bir çərçivəyə sığmır. “Ay Zaur” da dəvət olunmuş müğənnilər oturduqları divanda dodaq-dodağa öpüşür və operator bu mənzərəni dəfələrlə obyektivə çıxarır, millətin gözünə dikir və yaxud zərif məxluqların qısa geyimdəki çarpaz qoyulan ayaqlarını nümayiş etdirir. Keçmişi bulanıq, dar nüfuza malik bəzi şou əhlini reklam xarakterli verlişlərdə hörmət sahibinə çevrir, evində, bağında verlişlər yayımlanır. Şit, mənasız sözlərin bəstəkarı bilinməyən mahnılar ət tökür. “Məsələn: Sən məni xoşbəxt eləsən mələyim olarsan, səni elə möhkəm sevərəm ürəyim olarsan,gərəyim olarsan!..” Ayıbdır, vallah ayıbdır! Belə bayağı mahnıları efirə buraxanların səviyyələri də bəlli olur. Təbliğat, təşviqat o qədər məqsədli şəkildə aparılır və cəmiyyətdə şou-biznesə maraq o qədər artır ki, müasir gənclərin əksəriyyəti başqa sənət dalınca yox, məhz elə müğənni olmaq istəyirlər. Bir neçə mahnı oxumaqla televiziyada reklam olunması üçün imkan yaranır. Siyasətçilər, İqtisadçılar, peşəkar həkimlər, müəllimlər, peşəkar hüquqşünaslar (hakimlər, dövlət ittihamçıları, peşəkar vəkillər) 24 saat ara vermədən vətəndaşların təhlükəsizliyini təmin edən polis əməkdaşları unudulur. Niyə bir kitabxanaçının, müəllimin, kənd təsərrüfatının və yaxud sənayenin inkişafı ilə bağlı xidməti olanların, həqiqi akademiklərin həyat tərzi ilə bağlı canlı verlişlər verilmir? Mənim yanaşmam belədir: Maraq yoxdur. Kütləni başqa səmtə yönəldirlər.

“Qarın ac olsa da, təki mahnı olsun”, “Mahnı olan yerdə, çörək də olar” fəlsəfəsini fəlsəfəsiz aparıcılar millətə sırımaq istəyirlər. Bu verlişlər tamaşaçıda elə təəssürat yaradır ki, sanki “rajokla” geyindikləri, diz nahiyəsindən 2-3 yerdən kəsilmiş “cins” şalvarlarını, almanlara xas saç düzümünü nümayiş etdirmək istəyirlər. Səliqəsiz xarici görünüş, saqqallı sifət və idman stilli qiyafə ilə tamaşaçılara “zövq” verirlər. Təəssüf hissi keçirməkdən başqa çarə qalmır. Aparıcı sual edir. Yoldaşınızdan nə vaxt, niyə ayrıldınız… və yaxud cavab verilir: Ayrılsaq da, biz onunla dostuq və s. və i.a. (Axı ayrılandan sonra dost kimi qalmaq necə olur?) Heç hənanın yeridir? Şəxsi məsələlər niyə ictimailəşməlidir. Xalqın, iki gündən bir ərə gedib boşanan, şəxslərin şəxsi məsələlərinə ehtiyacı varmı? Yoxdur. Niyə sovet dönəmindəki ciddi və səliqəli, klassik geyimli aparıcılar indi yoxdur? (Az tv. Istisna olmaqla) Xanım aparıcılar geyimləri ilə cəmiyyətə nümunə olmalıdırlar. “Gör kim gəldi?” və digər verlişlər boş nağaraya bənzəyir, guruldasa da, məna kəsb etmir, “Çərpələngim uçdu hara, həmişə bəxtim olub qara, təkcə qarpızım ağ çıxıb” -mahnının sözlərinə fikir verin, dəyərli oxucular! Nə anladınız? Belələrinin yəqin müəllimləri yoxdur. “Ay ev yiyəsi”, “Zəhmətkeş ulduzlar”, və s. Baş qatan verlişlərdəndir. İdeologiyası və səmti bəlli deyil. Bu, jurnalist avantürasıdır, ədəbi-publisistik fəaliyyət deyil.
Səhər verlişləri də axşam verlişlərinin təkrarıdır. Yenə şou əhlilər, ürəklərə yol tapa bilməyən, lakin televiziya və radio dalğalarına rahat daxil olan müğənnilər… Sual yaranır: Nə etmək!
Rəvayət edilir ki, Həzrəti İbrahim (ə.s) uzun müddət görmədiyi oğlu Həzrəti İsmayıla (ə.s) baş çəkmək üçün Məkkəyə gəlir. Həzrəti İsmayıl (ə.s) Məkkə əhli tərəfindən çox sevilərdi. Məkkədə rastına çıxan ilk adamdan Həzrəti İbrahim peyğəmbər (ə.s) oğlu İsmayılın (ə.s) evini soruşur və həmin adamın göstərdiyi evin qapısını döyür. Qaşqabaqlı bir xanım qapını açır. O, Həzrəti İsmayılın (ə.s) həyat yoldaşı idi.

Peyğəmbər qadına:
-İsmayıl evdə yoxdur? –Qadın sərt səslə:
-Evdə yoxdur. Ruzi dalınca gedib. Həzrəti İbrahim:
Vəziyyətiniz necədir? –deyə təkrar sual edir.
–Çox ağırdır, çətin dolanırıq. Bundan sonra Həzrəti İbrahim (ə.s):
–İsmayıl gələndə ona salamımı söylə. Həm də ona xatırlat ki, qapısının eşiyini dəyişdirsin –deyib

Məkkəni tərk edir. Həzrəti İsmayıl (ə.s) evə gələndə evdəki gözəl qoxudan atasının gəldiyini hiss edir və çox həyəcanlanır. Amma evdə həyat yoldaşından başqa heç kimi görməyəndə xanımından soruşur:
-Bu gün evə kim gəlmişdi?
–Yaşlı bir kişi gəlmişdi. Səni soruşdu, mən də ruzi dalınca getdiyini dedim. Sonra necə yaşadığımızı soruşdu, çətin vəziyyətdə olduğumuzu söylədim. Hə, bir də ayrılıb gedərkən “Həyat yoldaşına de ki, qapısının eşiyini dəyişdirsin”- dedi.
Həzrəti İsmayıl (ə.s) atası, İbrahim (ə.s) peyğəmbərin ona verdiyi ismarıcını anladı. Onsuz da xanımı ilə arasındakı problemlər dözülməz həddə çatmışdı. Bu işi artıq uzatmağın mənası yox idi…
Düşünürəm ki, televiziya kanallarındakı həm heyətin tərkibində, həm də layihələrin aktuallığı ilə bağlı ciddi dəyişikliklər edilməsinin zamanı çatıb. Efir heç bir aparıcının özəl mülkiyyəti deyil ki, istədiyi kimi sərhədsiz danışsın, davransın. O, xalq qarşısındakı məsuliyyətini anlamalı, televiziyanın dövlətin nəzarətində olmasını başa düşməlidir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın