Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Cocuq Mərcanlıya qayıdaq? – Könül Quliyeva

Cocuq Mərcanlıya qayıdaq? – Könül Quliyeva

 

O zaman uşaq idim…
Hələ də yuxularımdan çəkilməyən 1990-cı illərin ağır döyüşləri gedirdi. Hər gecə yağış kimi yağan top mərmilərinin, raketlərin səsindən, evlərin dağıdılmasından, ölüm xəbərlərindən nə böyüklərdə, nə də kiçiklərdə ürək qalmışdı. Hər gecə müxtəlif ərazilər ağır silahların mərmisi ilə dağıdılırdı. Səksəkə ilə yatağımıza girəndə səbirsizliklə gözləyirdik ki, indi yenidən mərmilər yağacaq. Günü-gündən vəziyyət pisləşirdi. Bütün kişilər silaha sarılıb könüllü döyüşə atılmışdı. Qadınların, uşaqların rayonu tərk etmək fikri yox idi. Məktəbə gedəndə qəfil top səsi eşidəndə divarın dibinə uzanardıq. Top mərmisi hər hansi bir yerə düşən kimi durub üst-başımızı çırpıb yolumuza davam edərdik. Bir gün atılan mərmilərdən biri dərs saatında təhsil aldığımız 6 saylı məktəbin həyətinə düşdü. Qəlpələr bütün pəncərələri çilik-çilik etdi. Bel çantalarımızı götürmədən evimizə qaçdıq. Bütün məktəb şagirdlərinin qışqıraraq pərən-pərən düşmələrini xatırlayanda o həyəcanı təkrar yaşayıram.

– Getdikcə müharibə daha da kəskinləşdiyi üçün artıq məktəbimiz bağlandı və hərbi kazarmaya çevrildi. Vəziyyət çox ağırlaşdığına görə, biz uşaqları əl-ayağa dolaşmamaq üçün Bərdədəki qohumların evinə apardılar ki, bir müddət orada qalaq. Həyatımın ilk ən böyük işgəncəsi qohum evində boynu bükük qaldığımız o gunlər oldu. Yanımızda ata-ana olmadığı üçün yeyib-içdiyimiz zəhərdən betər idi. Bir himə bənd idik ki, gizlinə çəkilib doyunca ağlayaq. Qohumlar üzümüzə pis baxdıqlarına görə yox, evimizdən, valideynlərimizdən ayrı düşməyimiz bizi çox sarsıtmışdı. O zaman mərhum anam tibb bacısı kimi çalışırdı deyə işdən ayrılıb bizimlə qalması imkansız idi. Hər dəfə novbədən çıxıb gələndə sevincək üstünə qaçıb “evimizə gedirikmi” suallarını durmadan verirdik. “Hələ ki, yox” sözünü eşidəndə yenə məzlum duruma düşürdük. Günlərin birində ana-atamız gəldi ki, bəs hazırlaşın gedirik evimizə. Qarşıdan Novruz bayramı gəldiyi üçün bayramı birlikdə evimizdə qeyd etməyi planlaşdırmışdılar. Çox sevincək halda yola düşüb evimizə gəldik. Baharın gəlişini, qoxusunu sanki öz həyətimizdən hiss edirdik. Həmin gün axşama kimi ancaq həyətdə oynayıb, ağaclara, güllərə su verdik, alaq otlarını təmizlədik. Nəhayət axşam düşdü, anam hər kəsi süfrə başına səslədi. Onu da deyim ki, hər axşam işıqlar söndürüldüyü üçün bayram süfrəsinə bütün pəncərələri qalın pərdə ilə bağlayıb şam işığında toplandıq. Çünki işıq gələn tərəfə mərmirlər yağdırırdılar. Elə ona görə də bayram tonqalı yandırmaq, təntənəli şəkildə qarşılamaq imkansız oldu. Qaz və ışıq olmadığı üçün evi bir az odun peçi ilə isidib yatağımıza girdik. Bir də o zaman ayıldım ki, anam hər iki qollarımdan tutub çarpayıda məni yatılı halımla dik tutub, “ay bala oyan” deyib qışqırır. Artıq oyanmışdım, ancaq baş verənləri dərk edə bilmirdim. Top-tufəng səsləri, qonşuların çığırtısı, hələ üstəlik həyəcan siqnalı…

– Bəli həyəcan siqnalı…

– İlk dəfə o gecə eşitdim həmin siqnal səsini. Bu, hər kəsin təcili rayonu tərk etməsi demək idi. O gecə Tərtər alışıb yanırdı, göylər qıpqırmızı rəngə boyanmışdı. İnsanlar başını elə itirmışdi ki, hansı istiqamətə getməsini bilmirdilər. Güllələr başımız üzərindən durmadan elə yağırdı ki, nə qaçması mümkün idi, nə də qalması. Birdən küçəmizə böyük hərbi maşın daxil oldu. Bir yaşlı kişi ilə, cavan oğlan maşından düşüb kimliyinə baxmadan bütün qadınları, qızları, uşaqları çiyinlərindən tutub maşına mindirirdilər. Bunlar bizdən aşağı küçədə yaşayan, könüllülər dəstəsinə qoşulan əmi-bala idi. Onlar həmin gecə səhərə kimi bütün küçələrdə gözə görünən qadın-uşaqları yığıb Ağdam-Tərtər-Bərdə-Ağcabədi istiqamətindəki dördyol ayrıcına gətirdilər.

– Ermənilərlə döyüşə girən o qəhrəman əmi-balanın səhərə yaxın şəhid olduğu xəbərini alan hər kəsin ürəyi yeddi yerə parçalandı. Həmin səhəri yol kənarında çox məyus, ümidsiz, çarəsiz halda açdıq. Atam orada olduğumuzu öyrəndikdən sonra gəlib bizi oradan Yevlaxa apardı. Hazırda tanınmış iki məmurun qardaşlarından biri atamın müdiri idi. Atama demişdi ki, rəhmətlik qardaşının ailəsi ilə öz ailəni gətir Yevlaxa mən onlara idarədə şərait yaradacam ki, vəziyyət yaxşı olana kimi rahat yaşasınlar. Atamgil nənəmi və biz uşaqları Yevlaxda qoyub özləri Tərtərə qayıtdılar. Rayonda saatlarla növbəyə durub, norma ilə 2 qara çörək aldığımız halda, burda hər səhər tezdən yuxudan oyanmamış isti çörəyimizdən tutmuş, qatıq-südümüzə qədər hər cür ərzaq gəlirdi. Amma sanki yediyimiz heç nəyin dadı yox idi. Ürəyimiz evimizdə, valideynlərimizin yanında qalmışdı. Hər gün radio xəbərlərindən bir rayonun işğal olunmasını eşidirdik. Hətta günlərin birində Tərtərin mühasirəyə alınması barədə məlumat veriləndə əmim uşaqları ilə bir-birimizə sarılıb ağlamaqdan bitmişdik. Ta ki, yenidən xəbərlərdə Tərtər artıq mühasirədən çıxıb məlumatını alana qədər.

– Günlərin birində valideynlərimizdən daha çox sevdiyimiz istəkli nənəmiz rəhmətə getdi. Yenə də aramsız döyüslər getdiyi üçün biz uşaqları rayona aparmadılar. Dəfn günü rayona durmadan atılan topların əlindən hamı başını itirib qaçdığına görə, hətta meyid ortada qalmışdı. Sakitlik çökən kimi atamgil qayıdıb cənazəni dəfn edə bilmişdilər. Biz uşaqlar da sevimli nənəmizin yasında ola bilmədiyimizdən çox üzülüb, ağladıq və bir plan cızdıq. İdarənin gözətçisini aldatdıq ki, bazara gedib, qayıdırıq. Cızılan plana əsasən gözətçini aldadıb idarədən çıxıb, vağzala gəldik. O zaman kassadan bilet alınırdı, avtobusdan düşən vaxt sürücüyə verilirdi. Danışdığımız kimi yarımız arxa, yarımız ön qapıdan qaçmalı idik. Bərdə vağzalına çatanda hərəmiz necə aradan sürüşüb qaçdıqsa sürücünün arxamızca danışmasından məlum oldu ki, bizi Yevlaxda yaşayan qaraçı uşaqları zənn edib. Həmin qaydanı Bərdə-Tərtər avtobusunda da davam edib, eyni təhqirləri eşitdik. Bu minvalla ağlaya-ağlaya birbaşa hüzr yerinə, əmimgilə gəldik. Həyətə girəndə bizi görən kimi necə duruqdularsa, nə danlaya, nə də bir xoş söz deyə bildilər. Onda biz özümüz “nə olar nənəmizin qəbri üstünə bizi də aparın” deyib bu özbaşına hərəkətimizi yalvarışla yumaq istəyirdik.

-Bütün bunları yazmaqda, sizləri yormaqda məqsədim bilirsiz nədir?

– Bu gün biri mənə zəng edib desə ki, sabah “Xocali Soyqrımı” ilə bağlı tədbir var, ora dəvətlisən. Mütləq ki, gedəcəm.

– Bəs “sabah Cocuq Mərcanlıya getmək lazımdır” desə necə? Gedəcəmmi?

– Bəlkə də qorxu üstün gələcək. Cibində beş qəpik parası olmayan uşaq halımızla ölümü gözə alıb, top-tufəngin altına getməkdən, nənəmizin qəbrini ziyarət etməkdən qorxmadığımız halda, indi vətənin bir parçasına getməyə niyə tərəddüd edirik. Yolumuzu həsrətlə gözləyən qəbirlər, köksü inildəyən Cocuq Mərcanlı bizim deyilmi? Halbuki ora getmək üçün yol pulu da tapa bilərik.

– O zaman bu qorxu, tərəddüd nədəndir?

– Bəlkə illər məni böyütmək əvəzinə daha da kiçildib?

– Qəlbimdə olan vətən sevgisini tükəndirib?

– Ya bəlkə acizləşmişəm?

– Bəs, sizlər necə?

– İnanmıram ki, siz də qorxursunuz və ya acizləşmisiniz. Vətən sevgisilə, onun həsrətilə yaşayan insanlar nisgilli olur. “Xocalı faciəsi”ni hər il anmaqla həm də onu yenidən yaşayırıq. Məhz indiki kimi. Kimimiz tədbir, kimimiz film-tamaşa hazırlayır, kimimiz beynəlxalq aləmin diqqətini çəkmək üçün bütün dünyaya car çəkirik. Çünki hamımız o yerlərə dönmək, o torpaqların ətrini yenidən duymaq üçün canmızdan keçməyə hazırıq.

– Bəlkə elə hamılıqla bu ərəfədə Cocuq Mərcanlıya qayıdaq?

Həmçinin oxuyun

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə

Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan ölkənin şimal-şərqində, Azərbaycanla həmsərhəd bölgələrdə yerləşən hərbi hissələrə baş …

Bir cavab yazın