Çərşənbə , May 22 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Cəmil Həsənli də, Rauf Arifoğlu da haqsızdır…

Cəmil Həsənli də, Rauf Arifoğlu da haqsızdır…

Müsavat başqanın müavini Səxavət Soltanlı meydan.tv -də müəllif yazısı ilə çıxış edib. Yazıda “Yeni Müsavat” media qrupunun təsisçisi Rauf Arifoğlunun da ünvanına əsassız ittihamlar yer alıb. Lakin buna baxmayaraq, yazıdakı fikirlər Müsavat Partiyasının önəmli fiqurlarından birinin mövqeyidir və hesab edirik ki , onun daha çox ictimailəşdirilməsi əhəmiyyət kəsb edir. Yazını olduğu kimi təqdim edirik.

Əziz dostlar, xanımlar və bəylər, bilməyinizi istəyirəm ki, mümkün qədər çalışdım ki, AXCP (Azadlıq) – “Yeni Müsavat” “müharibəsinə” münasibət bildirməyim, imkan daxilində münasibət bildirənləri də çalışdım, bu işdən çəkindirim. Bəzi hökümətyönümlü və mənşəyi məlum olmayan saytlar zəng vurub, soruşsalar da, bu mövzuda heç kimin suallarına cavab vermədim.

Ona görə ki, bu “müharibə” xalqın və ümumi prosesin zərərinədir, ona görə ki, bu müxalifətin maraqlarına zidd məsələdir, daha doğrusu, şəxsi maraqlardan və narazılıqlardan bəhrələnən məsələdir. Yekunda isə bu söyüşmə hakimiyyətin maraqlarına uyğundur, bu “siyasət” yalnız hakimiyyətə faydalıdır.

Açığı, biri-birini söyən iki və daha artıq şəxsin fikir və düsüncələrinə münasibət bildirməyi, belə vəziyyətdə tərəf olmağı da özümə yaraşdırmıram! Siyasətdə öyrəndiyim, qəbul etdiyim, inandığım əsas prinsiplərdən biri də odur ki, heç kimi söymək, heç kimin ailəsini siyasətə qatmaq, heç kimin şəxsi işlərini təftiş etmək yolverilməzdir. Olmaz. Belə olarsa, uğur əldə etmək mümkün deyil.

Hakimiyyətdə təmsil olunanların təhqir olunması ilə müxalifətdə təmsil olunanların təhqir olunmasına münasibətim fərqli deyil. Təhqir heç kimə uğur vədd etmir, təhqir yalnız nifrət yaradır və yayır. Hətta, qarşı tərəf, hakimiyyətdəkilər bizi təhqir etsə belə, biz təhqir etməməliyik. Ən azı ona görə ki, siyasətlə məşğul olub, xalqa fayda vermək istəyiriksə, bunu təhqir və söyüşün müşayəti ilə edə bilməyəcəyik.

Özümüzü hakimiyyətə alternativ görürüksə, bu söyüşlərə, ümumiyyətlə, cavab verməməliyik. Fərqli olduğumuzu, həqiqi alternativ olduğumuzu hər kəs bilməlidir, davamlı belə davranmalıyıq ki, xalq bunu aydın səkildə görsün. Davranışlarımızla, irəli sürdüyümüz təkliflərlə, qəbul etdiyimiz qərarlarla, görülən ışlərə fərqli münasibətimizlə, həm də alternativ əxlaqımızla cəmiyyətə həqiqi alternativ olduğumuzu göstərməliyik.

Əgər bu dövlətin gələcəyini düşünürüksə, insanlarımızın insan kimi yaşamasıni istəyiriksə, bunun üçün normal siyasi münasibətlər belə olmalıdr, yoxdursa, çalışıb, bunu məcrasına qaytarmalıyıq. Biz normal siyasi münasibətlər sistemindən kənarda xalqa faydalı ola bilmərik.
Yuxarıda dediyimiz kimi, kimliyindən asılı olmayaraq biri-birini söyən heç bir tərəf haqlı ola bilməz. İndiki halda bu kimi davranışlar hakimiyyətin maraqlarına xidmət edir (Baxın, görün, bunlar nə gündədir, biri-birlərini indidən qırırlar, biri-birini söyür, hakimiyyətə gəlsələr, nə edəcəklər)

Haqqında narahatlıq bildirdiyimiz mövzuda “Azadlıq” və “Yeni Müsavat” eyni dərəcədə günahkardır. Bu siyasəti dəstəkləyən hər kəs hakimiyyətin maraqlarına xidmət etmiş olur. “Müsavat” əlehinə “Səs” qəzetində yazılanları, “Lider”tv-də səslənən mətnləri olduğu kimi dərc edən “Azadlıq” qəzeti də, AXCP haqqında buna oxşar fəaliyyəti həyata keçirən “Yeni Müsavat”da.

Rauf Arifoğlunu təhqir edən Cəmil Həsənli də bu işdə hakimiyyətin istədiyi durumun yaranmasına xidmət etmiş oldu, Cəmil Həsənlini təhqir edən Rauf Arifoğlu da. (Təhqirlərlə dolu yazılar, müsahibələr). Siyasətdə sərt ritorikanın olması normaldır, təbiidir. Sadəcə, bu sərt ritorika hakimiyyətlə müxalifət arasında getməlidir, müxalifət daxilində yox. Müxalifət daxilində də rəqabət normaldır, daha siyasi təşkilatla mətbuat orqanı arasında gedən söyüşmə formasında yox…

Hakimiyyət, təbii, maraqlıdır ki, münasibətləri siyasi sistem, siyasi yarış çərçivəsindən kənara çıxarsın. Axı belə olduqda, o daha güclü görsənir. Sadə məntiqlə biz bunun əksini etməli deyilikmi?

Biz dəqiqləşdirməliyik, hansı davranış tərzi xalqa, bizə sərf edir?

Biz hakimiyətlə münasibətlərin normal, svil siyasi sistemin daxilində baş verməsinə çalışmalı olduğumuz halda, müxalifətdaxili münasibətlərin hakimiyyətin istədiyi səmtə getməsində niyə iştirakçı olmalıyıq?

Bundan, cızılmış dairədən kənara çıxmaq lazımdır, bu siyasətin yedəyində getmək normal düşüncənin məhsulu deyil. Bu mənada müdafiə olunası tərəf yoxdur. Bu işdə “Azadlıq” qəzeti ilə “Yeni Müsavat”in günahı demək olar ki, eynidir. Ortada eyni nəticəyə gətirən fərqli davranışlar var. Bir vacib fərq var, cəbhəçilər , “Azadlıq” qəzeti “Yeni Müsavat”ı söydüyü üçün”Yeni Müsavat” onlara qarşı elə davranır, əks təbliğat aparır.

Müsavat Partiyası isə azad mətbuatı dəstəklədiyi halda, “Azadlıq” qəzetinin də, “Yeni Müsavat”ın da, Meydan tv-nin və başqa azad mətbuat nümunələrinin uğurunu uğur, uğrsuzluğunu uğursuzluqu hesab etdiyi halda, “Azadlıq” qəzeti Müsavat Partiyasına qarşı davamlı olaraq əks təbliğatla məşğul olub. Fərq budur. Özləri də etiraf edirlər bunu.

Qayıdaq haqqında danışığımız “müharibəyə”. Ölkənin ən tirajlı iki qəzeti vuruşur, fakt odur ki, AXCP bu işdə bir qəzetin siyasətini müəyyənləsdirir. Qəribə olan odur ki, çalışırlar ki, Müsavat Partiyası da bu zülmətə daxil olsun, “müharibəyə” qoşulsun. Bu siyasəti müəyyənləsdirən(lər)ə sual ünvanlayıram, bunun cəmiyyətə, dövlətə faydası nədir?
Bu yazının yazılmasına əsas səsbəblərdən biri “Azadliq”da gedən “Rauf Arifoğlu yenə özünü ifşa etdi” başlıqlı yazıdakı ziddiyyətli fikirlərdir ki, konkret olaraq diqqətinizi həmin ziddiyyətli fikirlərə çəkmək istəyirəm.

Müəllif anonim olduğu üçün, konkret ad çəkə bilməyəcəm, böyük ehtimalla həmin siyasəti müəyyənləsdirən səxsin mövqeyidir.

Həmin yazıda “Yeni Müsavat”ın AXCP ilə münasibətdə ittiham olunduğu davranışları kobud şəkildə özləri Müsavat Partiyasına qarşı edirlər. Eyni yazıda.

“Azadlıq” qəzetində “Müsavat” llehinə son illərdə bir müsbət xəbər olmadığı halda, yüzlərlə əkstəbliğat xarakterli yazıya rast gələ bilərsiz.

Baxaq. Elə həmin yazıda qeyd olunanları oxuyaq: ““Yeni Müsavat”dan fərqli olaraq, bizim hökumət qarşısında öhdəliyimiz yoxdur. Üstəlik, Müsavat Partiyasının bu vəziyyətə düşməsi…….” hansı vəziyyətə düşüb Müsavat Partiyası, ay hörmətli “Azadlıq”:!? Bu ritorika ilə kimlər danışır bilirsizmi?”

Müsavat Partiyası ölkədə ən prinsipial mübarizə aparan, üzvləri rejimin məhbəsində olan əsas siyasi partiyadır. Belə bir partiyaya qarşı əks-təbliğat aparıb da, ölkədə yeganə demokratik, azad mətbuat iddiasında olmaq doğrudurmu?

Daha sonra yazıda qeyd olunur: ” Rauf Arifoğlu sadəcə olaraq hökumətin qarşısına hesabatlı çıxmaq üçün “AXCP dağıldı” kitabını təqdim etməlidir…” Elə həmin yazıda müəllif yazır: “Müsavat boyda partiyanı parçaladıqdan sonra….” bu fikirləri yalnız hakimiyyət və əlaltıları deyir. Belə şey olmadığı halda, siz bu yalanı kimə təqdim edirsiz?

Siyavuş Novruzov və partiyadan ayrılanlardan başqa heç kim belə fikirlər səsləndirmir, belə düşünmür. Siz niyə Siyavus Novruzovun və şübhəli fəaliyyət göstərənlərin dediklərini “Azadlıq” qəzeti olaraq mütləq həqiqt kimi xalqa sırımağa çalısırsız, nədir marağınız? İttihamlarınız nədir, etdiyiniz böhtan və əks təbligat nədir?

Daha bir maraqlı məqamı oxucuların diqqətinə çatdırmaq istəyirəm- elə həmin yazıdan: “müəllif” yazır: “Hətta Müsavatın Avropa Oyunları ilə bağlı bəyanatını da “Yeni Müsavat” tirajlamaqdan imtina və partiyanı tənbeh də etdi”.

Əziz dostlar, ən maraqlı olan, bilirsiz, nədir? “Azadlıq” qəzeti Müsavat Partiyasının məlum bəyanatıni Rauf Arifoğlunun həmin bəyanata qarşı olan mövqeyi ilə birlikdə çap etmişdi.

Bəli, haqlısız “Yeni Müsavat” qəzetində Müsavat Partiyası əlehinə yazılar getdi, doğru olmayan, həqiqəti əks etdirməyən, “Müsavat”ın maraqlarına AXCP haqqında olandan daha çox. Amma, biz qəzetlə müharibə etmədik, qəzetçiləri söymədik. Dəfələrlə dediyimiz kimi “Yeni Müsavat” qəzetinin siyasətinin Müsavat Partiyası ilə heç bir bağlılığı yoxdur, ola da bilməz.

Qəzetin siyasi xəttini Rauf Arifoğlu və qəzetin kollektivi müəyyənləşdirir. “Azadlıq” qəzeti də həmin yazıları tirajladı (özləri dediyi kimi qəbul etsək) “Azadlıq”la da müharibə etmədik, qəzetçiləri söymədik.

Bu yazını isə yazmaqda məqsədim kimin haqlı, kimin haqsız olmasını göstərmək deyil, hər iki tərəf haqsızdır. Məqsədim oxucunun həqiqətləri müqayisə etmək imkanı yaratmaqdır. Bu mövzunun uzanmaması üçün əlavə xırdalıqlara getmək istəmirəm.

Davamlı olaraq Müsavat Partiyası əlehinə onlarla yazı gedəndə bir cavab vermək haqqımızın olduğunu, söyüşsüz və təmkinlə həqiqətləri dilə gətirmək haqqımızın olduğuna hömətlə yanaşacaqınıza ümid edirəm.

Bir daha yuxarıda dediyim fikirləri təkrarlayıram, AXCP- Azadlıq-Yeni Müsavat “atışması” xalqa heç bir fayda vermir.

Mümkünsə, bu müharibəni durdurun, yox, mümkün deyilsə, heç olmasa “Müsavat”ı bu “atışmaya” qoşmağa çalışmayın. Müsavat Partiyasının məsuliyyəti və görməli işləri çoxdur. Niyə bizi məcbur edirsiz ki, bu yalanlara cavab vermək zorunda qalaq?

Nədir maraqınız?

Sizin işiniz- gücünüz yoxdurmu?

Həmçinin oxuyun

Atəşkəs 22 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə …

Bir cavab yazın