Ana səhifə / Cəbhə Xəbərləri / Bir şeirin hekayəsi – ŞƏLALƏ İFRATQIZI

Bir şeirin hekayəsi – ŞƏLALƏ İFRATQIZI

Hələ orta məktəbdə oxuyurdum. Ədəbiyyat müəllimi sinifdən xaric qiraət vermişdi. Kimi şeir, kimi hekayə öyrənib gəlmişdi. Sinif yoldaşlarımdan biri qardaş haqqında bir bayatı əzbərləyib gəlmişdi…

Qardaş kişmiş kimidir,

Cibə düşmüş kimidir.

Qardaşsız bacı gördüm,

Gözdən düşmüş kimidir.

Ailədə üç qız böyüyürdük. Onsuz da qardaşımın olmaması məni hər gün düşündürürdü. Hər kəs qardaşı ilə öyünən zaman mən sakitcə bir köşəyə çəkilərdim. Sinif yoldaşımın dediyi bu bayatı kiçik ürəyimə ox kimi sancılmışdı. Tənəffüsün olmasını səbirsizliklə gözlədim. Tənəffüs olan kimi bir kənara çəkilib hönkür-hönkür ağladım. Yaşıdlarından fərqli olaraq, çoxbilmiş bir sinif yoldaşım var idi. Ağladığımın məqsədini bilib, əlini havada yellədi. “Ay qız ağlama, bilirsən nə et, daşın üstünə çıx, qışqır: -Ağ daş, qara daş, Allah mənə bir qardaş…”

Amma elə qışqırmalısan ki, səsin yeddi qapiya getsin. Gözlərimin yaşını silə -silə sinif otağına gəldim və dərsin bitməsini gözlədim…

Çox həyacanlı idim, sanki üzərimə ağır bir yük düşmüşdü. Dərs bitən kimi iti addımlarla evə tələsdim. Evə çatdım, çantamı bir kənara atıb, bir daşın üstünə çıxdım, var gücümlə qışqırmağa başladım: Ağ daş, qara daş, Allah mənə bir qardaş.

Bu minvalla bunu bir neçə gün təkrar elədim və bir gecə yuxuda gördüm ki, bir qoca əlində tutduğu bir boşqab aşı mənə uzatdı. Al ye, dedi. Aşı qocanın əlindən alıb acgözlüklə yeməyə başladım. O vaxtlar indiki uşaqlardan fərqli olaraq anamın hamilə olmağının fərqinə belə varmamışdım. Və beləcə bir neçə aydan sonra qardaşım dünyaya gəldi. Çox sevincli idim, bir çoxları kimi mənim də qardaşım var idi. Aradan illər keçdi, qardaşım haqqında kiçik bir şeir yazdım;

Hər gün dərsdən gələrkən,

balaca daşın üstə,

çıxıb haray salardım.

Tükürpədici səslə,

aləmə səs salardım,

ağ daş, qara daş,

Allah mənə bir qardaş!.

Qohum qonşu bəzisi,

səsimdən bezikmişdi.

bəzisi pir, ocağa,

Gedib nəzir vermişdi…

Ağ daş, qara daş,

Allah ona bir qardaş!.

Yatıb, yuxuda gördüm,

ağ saçlı, ağ əbalı,

nur üzlü, nur simalı,

qoca mənə aş verdi.

Bir neçə aydan sonra,

O, mənə qardaş verdi.

Sənə çox şükür Allah!

Mənə verdin bir qardaş.

İndi haray salmıram,

Aləmə səs salmıram.

Həzin-həzin aramla,

şirin nəğmə deyirəm.

Ağ daş, qara daş,Allah hamıya qardaş!…

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın